Naxçıvanda tibbi kadrların hazırlanması üçün hərtərəfli şərait var

Naxçıvanda tibbi kadrların hazırlanması üçün hərtərəfli şərait var

Göstərilən yüksək dövlət qayğısı ölkəmizdə, o cümlədən muxtar respublikada elm və təhsilin inkişafına, tibbi kadrların müasir dövrün tələbləri səviyyəsində hazırlanmasına geniş imkanlar açıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, ali təhsil ocağının Tibb fakültəsində keçirilən “Məzun günü”ndə bu fikirləri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib. Rektor tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edib, məzunlara gələcək fəaliyyətlərində universitetin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.

Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov “Tibb fakültəsində tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ”Məzun günü”nün keçirilməsi Tibb fakültənin yaranmasının 20-ci ildönümünə təsadüf edir. Həm də ona görə əlamətdardır ki, bu il Tibb fakültəsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni bina istifadəyə verilib.

Bildirilib ki, 474 tələbənin təhsil aldığı fakültədən bu il Müalicə işi ixtisası üzrə 33, Stomatologiya ixtisası üzrə 22, Əczaçılıq ixtisası üzrə 19 nəfəri məzun olur. Bunlardan 21 nəfəri əcnəbi tələbələrdir. Ümumilikdə fakültədə 122 xarici ölkə vətəndaşı təhsil alır. Tibb fakültəsində hər il xarici ölkələrdən olan tələbələrin sayının artması universitetin beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulmasının və bu sahədə böyük uğurlara imza atılmasının göstəricisidir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva gələcəyin həkim kadrlarının yetişməsində universitetinin rolunu yüksək qiymətləndirib, muxtar respublikada səhiyyəyə göstərilən yüksək dövlət qayğısından danışıb. Nazir müavini məzunlarımıza cansağlığı, daim sakinlərin sağlamlığının keşiyində layiqincə dayanmağı arzulayıb.

Azərbaycan səhiyyəsinin inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Azərbaycan Tibb Universiteti I Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik, tibb fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasının sədri Adilə Namazova gələcəyin həkimlərinə həmişə öyrənməyi, peşənin sirlərinə dərindən yiyələnməyi tövsiyə edib.

Tələbələrin ürək sözləri dinlənildikdən sonra tibb məzunlarının 6 illik tələbə həyatına həsr olunmuş videoslayd nümayiş olunub.

Sonra fakültənin məzunları həkim andının qəbulu mərasimində iştirak ediblər.

Tədbir məzunların hazırladığı şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib. Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə