Prezidentdən daha iki sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha iki sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, birinci sərəncam "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədədir. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 571; 2019, № 2, maddə 306) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulada, 3.1-ci, 3.2-ci və 3.3-cü bəndlərdə “orqanlarının” sözü “qurumlarının” sözü ilə, 3.2.2-ci yarımbənddə “orqanların” sözü “qurumların” sözü ilə əvəz edilsin.

2. 3.4-cü bənddə “istifadə etdiyi” sözləri “, habelə ictimai əhəmiyyətli infrastruktur obyektlərinin fəaliyyətində istifadə olunan” sözləri ilə əvəz edilsin.

Dövlət başçısının növbəti sərəncamı isə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilməsi haqqındadır.

Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 208; 2009, № 2, maddə 66; 2016, № 6, maddə 1090; 2017, № 9, maddə 1699; 2018, № 7 (II kitab), maddə 1516) ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nın 4-cü hissəsinə, habelə “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinə “Azərbaycan Respublikası Prezidentinin” sözlərindən sonra “, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və Azərbaycan Respublikasının vitse prezidentlərinin” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Bütün xəbərlər Facebook səhifəmizdə