Azərbaycan multikulturalizmi modelinə xarici ölkələrdə maraq artmaqdadır

Azərbaycan multikulturalizmi modelinə xarici ölkələrdə maraq artmaqdadır

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam etdirilir. Hazırda bu layihə çərçivəsində dünyanın 20 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni magistratura pilləsində tədris olunur. Bununla yanaşı, 2019-2020-ci tədris ilindən etibarən, ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə, "Azərbaycan multikulturalizmi" fənni, əsas fənn kimi tədris olunacaq. Artıq fənnin tədrisində xeyli müsbət təcrübə əldə olunub. Azərbaycan dili ilə yanaşı, ingilis dilində də nəşr olunan "Azərbaycan multikulturalizmi" dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradıb.

Xatırladaq ki, Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında keçirilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən "Səs" qəzetinə verilən məlumata istinadən, dərslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin, öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə, multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edirlər. Seçilən tələbələr həm də Azərbaycanda BBMM tərəfindən təşkil edilən Beynəlxalq Qış və Yay Multikulturalizm məktəblərində iştirak etmək üçün şans qazanırlar. Bu da, öz növbəsində, tələbələrə stimul verən amillərdən biridir.

Göründüyü kimi, Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünün real həllini tapması məqsədilə aparılan ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xaricdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsi və gücünü də artırmaqdadır.

2019-2020-ci dərs ilindən etibarən "Azərbaycan multikulturalizmi"nin tədris olunduğu xarici universitetlər sırasına Braziliya Federal Universitetinin də (Universidade de Brasilia) adı əlavə olunacaq. Beləliklə də, Multikulturalizm Mərkəzi 21-ci xarici ölkə universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisini həyata keçirəcək. Artıq universitet rəhbərliyinin təklifi müsbət

dəyərləndirilib və BBMM ilə Braziliya Federal Universiteti arasında qarşılıqlı anlaşma memorandumu bağlanıb. "Azərbaycan multikulturalizmi" fənnini Braziliya Federal Universitetinin professoru Leila Bijos tədris edəcək. Onu da, əlavə edək ki, Leila Bijos 2018-ci ilin yayında BBMM-də Azərbaycan multikulturalizmi ilə bağlı araşdırmalar aparıb. 3 ay müddətində aparılan tədqiqatlar Braziliyada "Azərbaycan multikulturalizmi" adlı kitab şəklinə nəşr olunub. Portuqal dilində işıq üzü görən kitabda tədqiqatçı Azərbaycan multikulturalizmi modelinin uğurundan, eləcə də, ölkəmizdəki multikultural və tolerant mühitdən ətraflı şəkildə bəhs edib.

Qeyd edək ki, BBMM bu günədək dünyanın bir çox ölkələrinin nüfuzlu ali məktəblərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisini həyata keçirsə də, Braziliya Federal Universiteti ilə Latın Amerikası ölkələrində bu sahədə ilk addımı atmış olacaq. Yeni dərs ilində Azərbaycanın Braziliyadakı səfirliyinin nümayəndələri, eləcə də, həmin ölkənin nüfuzlu elm xadimləri "Azərbaycan multikulturalizmi" fənninin ilk tədris günündə iştirak edəcəklər. BBMM-in hər il təşkil etdiyi Beynəlxalq Qış və Yay Multikulturalizm məktəblərinə Cənubi Amerika ölkələrindən qatılan gənclərin sayının artması, eləcə də, mərkəzlə Braziliya universitetləri arasındakı qarşılıqlı münasibətlərin uğurlu inkişafı nəticəsində, "Azərbaycan multikulturalizmi" fənninin nüfuzlu Rio-de-Janeyro Federal Universitetində də həyata keçirilməsi planlaşdırılır.

Bütün bunlar göstərir ki, Azərbaycan multikulturalizmi modelinə xarici ölkələrdə maraq günü-gündən artmaqdadır. Yaxın gələcəkdə, bu tədris layihəsinə yeni-yeni xarici ölkə unversitetlərinin qoşulması mümkün olacaq.

Nəzakət ƏLƏDDİNQIZ

Bütün xəbərlər Facebook səhifəmizdə