Dövlət Sərhəd Xidmətinin (DSX) Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzində DSX-nin hərbi hissələri arasında xidməti it təlimatçıları və bələdçilərinin kinoloji yarışları keçirilib. SİA-ya DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, yeddi gün davam edən yarışlara Xidmətin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzinin, Sərhəd Qoşunlarının hərbi hissələrinin, Sərhəd Nəzarətinin sərhəd nəzarəti məntəqələrinin kinoloq-mütəxəssisləri cəlb olunub.
Kinoloji yarışlar üç müxtəlif istiqamətdə - narkotik vasitələrin, partlayıcı maddələrin axtarışı və iz axtarışları üzrə keçirilib. Yarışların kecirilməsində məqsəd xidməti it təlimatçıları və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və yaxalanması, sərhəd nəzarəti məntəqələrində narkotik vasitələrin, partlayıcı maddələrin axtarışı, döyüş bölgələrində mina axtarışı imkanlarının genişləndirilməsi, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssislərin və yüksək iş qabiliyyəti olan xidməti itlərin müəyyənləşdirilməsi olub.
Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl çantalarında, otaqlarda narkotik vasitələrin axtarışı, sərhəd pozucusunun izlərlə təqib olunaraq yaxalanması, həmçinin ərazidə basdırılmış mina və digər partlayıcı maddələrin axtarışı və tapılması üzrə tapşırıqlar yerinə yetirilib.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində keçirilən kinoloji yarışların qaliblərinə kubok, diplom, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanı və pul mükafatları təqdim olunub.
Yarışın yekununa həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar yerinə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB