Eldar İbrahimov: “Faktaraşdırıcı missiyanı cəfəngiyatdan başqa heç nə hesab etmirəm”-MÜSAHİBƏ
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimovun SİA-ya müsahibəsi:
- Dövlət tərəfindən korrupsiyaya qarşı aparılan mübarizəni necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirildi. Bu komissiyada çox geniş xarakterli göstərişlər verildi. Bütün Azəbaycan xalqı da hiss edir ki, son vaxtlar bütün nazirliklər bu məsələ ilə əlaqədar kollegiya iclasları keçirir və bu istiqamətdə müəyyən addımların atılması üçün göstəriş verirlər. Bu zəmində artıq bir sıra nazirliklərin işçiləri korrupsiya ilə mübarizə çərçivəsində tutduğu vəzifədən kənarlaşdırılıb. Eyni zamanda Şəki rayon İcra Hakimiyyətinin məsul işçisi həbs olunub. Mən görülən bütün bu tədbirləri bəyənirəm. Möhtərəm prezidentimiz tərəfindən aparılan bu tədbir çox yüksək səviyyəlidir. Çünki korrupsiya olan ölkələrdə inkişaf tempi minimuma enir. Çox vaxtında və yerində verilən göstərişdir. Bu göstəriş bizim nazirlərimiz tərəfindən uğurla həyata keçirilir.
- Son zamanlar İranın "Səhər 2" telekanalında Azərbaycan əleyhinə verilişlərin yayımlanmasının kökündə nə dayanır?
- Heç bir ölkənin bir-birinin daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Düzdür, İran bizim dost ölkəmizdir. Bizim orada 30 milyondan çox soydaşımız yaşayır. Mən bu barədə müsahibələr vermişəm və fikirlərimi bildirmişəm. İranın "Səhər 2" telekanalı bizi tənqid edir. Bizim də proqramlarımız, jurnalistlərimiz İranı tənqid etsin. Təəssüf edirəm ki, parlament də bu tənqidlərə qoşuldu, İrana qarşı çox böyük hücumlar oldu. Deyirlər ki, savaşanda elə savaş ki, barışmağa yer olsun. Bu böyük bir siyasətdir və gərək hər şeyi nəzərə alasan. Siyasət o demək deyil ki, hamı bir-birini söysün. Mən onu qəbul etmirəm ki, İran bu gün Azərbaycanın daxili işlərinə qarışır. Onların deputatlarına hamıdan kəskin etirazı mən bildirmişəm. Guya, bizə qardaş deyirlər, ermənilərə dost deyirlər, dostları üçün hər bir şərait yaradırlar. Ermənistanı ayaq üstə saxlayan ancaq və ancaq İrandır. Mən də vaxtilə sözümü demişəm. ABŞ Ermənistan üçün bu boyda türk dünyasına təzyiq göstərir. Bunların hamısını başında o durur ki, sabah Amerika öz hərbi bazalarını gətirib Ermənistanda yerləşdirəcək. Yaxın məsafədən İranı vurmaq üçün. İranın dostları məhz onların özünə qənim olacaq. Sadəcə olaraq aparılan siyasəti anlamaq lazımdır. Amma təbii ki, bunların Ermənistana kömək etməsi heç bir çərçivəyə sığmır.
-Sizin fikrinizcə, həmsədrlərin regiona səfərindən sonra Dağlıq Qarabağ münaqişəsində hər hansı bir yenilik müşahidə olunacaqmı?
-Qoy, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etsinlər. Onların işlərini görək. Görək nə danışırlar? Bundan sonra nəsə söz demək olar. Onları bəlkə də məndən çox tənqid edən yoxdur. ATƏT-in Minsk qrupu və həmsədrləri Dağlıq Qarabağ münaqişəsini həll etməlidirlər. Artıq dünyada ikili standartlara son qoyulmalı və haqq-ədalət öz yerini tutmalıdır. Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Bunun üçün BMT-nin 4 qətnaməsi, eyni zamanda münaqişə ilə bağlı AŞPA qərar qəbul edib və digər dünya təşkilatlarının münaqişəyə münasibəti var. Hamı bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Gec-tez bu torpaqlar işğaldan azad olunmalıdır. Allah da ermənilərə ağıl versin və onlar başa düşsünlər ki, işğala tezliklə son qoyulmalıdır. Burada erməni xalqı günahkar deyil, günahkar erməni siyasətçiləridir. Bizim prezidentimiz möhtərəm İlham Əliyev siyasi iradə nümayiş etdirir ki, münaqişə sülh yolu ilə öz həllini tapsın. Ermənistan lideri isə bir o qədər siyasi iradəsizlik göstərib danışıqlardan qaçır. Bu nə qədər davam edəcək? Yaxşı olar ki, bunu erməni tərəfi də başa düşsün və işğal etdiyi torpaqları geri qaytarsın. Dağlıq Qarabağ icması gələcəkdə ancaq və ancaq məhz Azərbaycanın tərkibində rahat və firavan yaşaya bilər. Nəinki iflasa uğrayan Ermənistanda.
-ATƏT-in faktaraşdırıci missiyası hesabatını yanvarın sonu təqdim edəcəyini bildirmişdi. Lakin artıq fevral ayıdır…
-Fevral ayında ATƏT-in Parlament Assambleyasının qış sessiyası olacaq. Orada çıxış edib öz fikirlərmizi deyəcəyik. ATƏT nə axtarır? Faktlar göz qabağındadır. Bu faktı bütün dünya bilir. İyirmi faiz torpaq işğal olunub, 1 milyondan çox qaçqın var. Bunu araşdırmaq üçün yeni bir texnologiya lazımdır? Faktaraşdırıcı missiyanı cəfəngiyatdan başqa heç nə hesab etmirəm.
- Ermənistan silahlanmaqda davam edir. Bu isə ATƏT-in adi silahlar haqqında cinah sazişinə ziddir. Bu məsələnin ATƏT-in qış sessiyasında müzakirə edilməsi nəzərdə tutulubmu?
- ATƏT-in sessiyalarında həmişə erməni tərəfi Azərbaycanı silahlanmaya görə günahlandırır. Azərbaycanın dövlət büdcəsindən müdafiə xərclərinə ayırdığı vəsait Ermənistanın ümumi dövlət büdcəsindən artıqdır. Buna görə də, onlar bizim adımızı silahlanan ölkələr sırasında çəkirlər. Lakin onların özü də silahlanırlar. Əlbəttə ki, biz də bunu pisləyirik. Silahlanmanın sonu torpaqların azad olunması üçün müharibəyə gətirib çıxırır. Azərbaycan torpaqların sülh yolu geri qaytarılmasına tərəfdardır. Əgər sülh yolu nəticə verməsə hər bir azərbaycanlı və mən də torpaqları azad etmək üçün ölməyi özümüzə şərəf bilirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB