Mərakeşdə Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi qeyd edilib
Rabatda Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən 28 May - Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Mərakeş rəsmiləri, Rabatda akkreditə olunmuş diplomatik korpusun və ISESCO da daxil olmaqla, beynəlxalq təşkilatların nümayəndələri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, jurnalistlər, yerli incəsənət xadimləri, iş adamları iştirak ediblər.
Rəsmi qəbul hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən səfir Oktay Qurbanov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yaranma tarixindən və diplomatiyamızın inkişaf mərhələlərindən danışıb. Azərbaycan Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə 9 iyul tarixinin Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü elan edildiyini diqqətə çatdıran səfir 2019-cu ildə Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd edildiyini vurğulayıb. Səfir bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər nəticəsində Azərbaycan beynəlxalq arenada böyük nüfuza malik ölkəyə çevrilib. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olub.
Azərbaycan səfiri ulu Öndər Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bugünkü dinamik inkişafı və ölkədəki sabit demokratik və iqtisadi islahatlar barədə danışıb. Azərbaycanın son nailiyyətlərindən bəhs edərkən səfir 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi”, nəqliyyat sahəsində strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu layihələri barədə qonaqlara məlumat verib.
Qəbul zamanı Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş foto sərgi təşkil edilib, Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə bağlı sənədli film nümayiş olunub. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirovun əsərlərindən parçalar səsləndirilib, qonaqlara “İrs-Heritage” jurnalının Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı təqdim edilib. Tədbir Azərbaycan milli mətbəxinin dolma, ləvəngi, düşbərə və plov kimi ləziz nümunələrindən ibarət ziyafətlə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB