İyunun 8-də “Fairmont Baku” otelində Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub. SİA xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş beynəlxalq tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısı İlham Əliyevin “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresinin və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransının iştirakçılarına təbrik məktubunu oxuyub.
Tədbirdə çıxış edən Milli Məclisin səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov ölkəmizdə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də islahatlar aparıldığını, təbabətin gündən-günə inkişaf etdiyini bildirib. O, ulu öndər Heydər Əliyevin uğurlu səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini və bu sahədə əhəmiyyətli nəticələr əldə edildiyini diqqətə çatdırıb.
Ölkəmizdə kardiologiyanın inkişaf tarixindən danışan səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, hələ 1979-cu ildə keçmiş SSRİ ölkələri arasında ilk açıq ürək əməliyyatları Azərbaycanda keçirilib. Azərbaycan səhiyyəsinin tarixinə nəzər salan E.Ağayev dövlət müstəqilliyimizin ilk illəri ilə müqayisədə bu sahədə vəziyyətin müsbət istiqamətə doğru dəyişdiyini diqqətə çatdırıb. Qeyd edib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyənin bütün sahələri ilə yanaşı, kardiologiya sahəsində də mühüm nailiyyətlərin əldə olunmasının əsası qoyulub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyəsinin müasir infrastrukturu qurulub. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var.
AÜDCC-nin sədri, tibb elmləri doktoru Kamran Musayev bildirib ki, “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresinin reallaşması müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticəsidir. Respublikamızda kardiologiya və ürək-damar cərrahiyyəsi məhz Ümummilli Liderimizin diqqət və qayğısı sayəsində sürətli inkişaf yoluna qədəm qoyub. Dahi liderin bu sahədəki uzaqgörən siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Professor Kamran Musayev bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi davamlı tibbi təhsil verən tədbir kimi tanınıb və konqresə 24 kredit balı verilib: “Bu o deməkdir ki, konqresdə və müvafiq kurslarda iştirak etməklə illik tələb olunan 48 kredit balının 24-nü toplamaq olar. Gənc mütəxəssislər üçün təşkil ediləcək təcrübə məşğələləri “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardiologiya sahəsində ən son nailiyyətləri müzakirə etmək imkanı yaradacaq. “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi ilə paralel olaraq Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransı da keçirilir”, - deyən K.Musayev bildirib ki, konqresin ilk günündə təşkil edilən kurslar xüsusilə gənc kardioloqlar üçün çox faydalı olub.
Konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 15 ölkəsindən 400-dək kardioloq və kardiocərrah iştirak edir. Tədbirin məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Konqres öz işini plenar sessiyalarla davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB