“Bakı ürək günləri” Beynəlxalq Konqresi davam edir

“Bakı ürək günləri” Beynəlxalq Konqresi davam edir

İyunun 7-dən 9-dək “Bakı ürək günləri” VI Beynəlxalq Konqresi keçirilir. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatı dəstəyi ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib. Konqresin media tərəfdaşı olan SİA xəbər verir ki, dünyanın 15 ölkəsindən olan 400 nəfərə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahların iştirak etdiyi beynəlxalq konqres bu gün öz işini seksiya iclaslarında davam etdirir.

Mütəxəssislər İbrahim İsayev, Rufulla Abdullayev və Kamran Əhmədovun sədrliyi ilə keçirilən səhər iclası “Anadangəlmə ürək qüsurları” mövzusuna həsr edilib.

Bu sessiyada anadangəlmə ürək qüsurları və onların yaranma səbəbləri müzakirə edilib. Bildirilib ki, bu problemlər əsasən bətndaxili dövrdə qan dövranı sisteminin inkişaf pozğunluqları nəticəsində əmələ gəlir. Ürək bir orqan kimi bətndaxili həyatın 3-8 həftələrində formalaşır. Anadangəlmə qüsurun səbəbi ana tərəfindən hamiləliyin ilk üç ayı ərzində keçirilmiş kəskin respirator virus infeksiyaları, qrip, məxmərək, herpes və s. xəstəliklər, siqaretçəkmə, hamiləlik zamanı qadağa qoyulmuş dərmanların qəbulu, eləcə də irsi faktorlar ola bilər. Qeyd edilib ki, anadangəlmə ürək qüsurları müxtəlifdir, lakin bunların arasında daha geniş yayılmış formalarından qulaqcıqlar və ya mədəciklər arasındakı çəpərdə dəliklərdir. Ağır anadangəlmə ürək qüsuru olan uşaqlar inkişafda yaşıdlarından geri qalır, çox pis çəki artırır, tez-tez xəstələnir, tez yorulurlar. Onlarda təngnəfəslik, sianoz əmələ gəlir, dəri örtükləri avazımış olur. Anadangəlmə ürək qüsurunun müalicəsi əsasən cərrahi yolla həyata keçirilir, bəzi hallarda ağırlaşmamış qüsurları medikamentoz yolla da müalicə edilir.

Sonra tədbir "Mitral annular kalsifikasiya. Bu günün problemi” (Karlos Mestres), “Degenerativ mitral qapaq prolapsusunun bərpası. Necə etməli?” (Rakeş Suri) və “Mitral qapaq təmiri: xüsusilə ilə infektiv endokarditə yönəlmiş” (Rezayat Pervizi) mövzularında məruzələr dinlənilib.

Sonra tədbir mövzular ətrafında müzakirələrlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə