Azərbaycanda "Hökumət buludu" yaradılacaq

Azərbaycanda "Hökumət buludu" yaradılacaq

Dövlət başçısı "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalayıb

Ölkəmizdə dövlət idarəçiliyində İKT-nin tətbiqi genişlənib. Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini verib. Görülən işlər sayəsində milli əhəmiyyətli informasiya sistemləri və reyestrlər, kadastrlar yaradılıb və "Elektron hökumət" konsepsiyası həyata keçirilib. "Elektron hökumət"in formalaşdırılması üzrə "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına daxil edilən dövlət qurumlarının informasiya sistemləri və ehtiyatlarının birlikdə sayı 75-ə çatıb. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Cənubi Qafqaz regionunda, ilk olaraq, Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb və fəaliyyəti təmin edilib. Ölkədə "Elektron hökumət"in inkişafı, "rəqəmsal hökumət"ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədilə "bulud" texnologiyasının tətbiqi məqsədəuyğundur. Belə ki, dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi "Hökumət buludu"nun (G-cloud) yaradılmasını zəruri edir. Bu məqsədlə ölkə başçısı "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərman imzalayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq

edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planı"nın 2.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar "Hökumət buludu" (G-cloud) Konsepsiyası" təsdiq edilib. Konsepsiya hazırlanan zaman beynəlxalq təcrübə araşdırılıb, ölkədə bu sahədə mövcud vəziyyət dəyərləndirilmiş və "Hökumət buludu"nun informasiya texnologiyaları infrastrukturuna verə biləcəyi səmərə təhlil edilmişdir.

Sənədə əsasən, "Hökumət buludu" (G-cloud) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılacaq. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Hökumət buludu"nun operatoru təyin edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində saxlanılmasını, həmçinin, "Hökumət buludu"ndan istifadəni təşkil etməli, Data Mərkəzində və "bulud" texnologiyasına əsaslanan "bulud" xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və aparılması, elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etməlidir. Nazirlik, eyni zamanda, dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində yerləşdirilməsi, habelə, "Hökumət buludu"nun idarə edilməsi, saxlanılması və təkmilləşdirilməsi ilə bağlı tələb olunan vəsait barədə hər təqvim ili ərzində Nazirlər Kabinetinə təkliflər verməli və "Hökumət buludu"ndan istifadə ilə bağlı texniki tələbləri müəyyən etməlidir.

Konsepsiyanın giriş hissəsində göstərilir ki, "Hökumət buludu" (G-cloud) Konsepsiyası müasir dövr texnologiyası olan "Bulud hesablama" texnologiyasının dövlət və özəl sektor, vətəndaşlar, ümumi istifadəçilər üçün virtual məkanda informasiya resurslarının idarə edilməsi, saxlanılması və mübadiləsi baxımından çoxsaylı üstünlükləri vardır. Ən əsası isə, bu, istifadəçilərin texnoloji və texniki məsələlərdən, həmçinin, peşəkar mütəxəssislər saxlamaq kimi zəruri tələb və məsrəflərdən azad olmasına imkan verir.

Bu texnologiyanın tətbiqi ilə dövlət informasiya sistemlərinin təhlükəsiz saxlanıldığı, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada formalaşdırıldığı və aparıldığı, beynəlxalq standartlara cavab verən Data Mərkəzi isə hökumətin milli məlumat məkanıdır.

Hazırkı Konsepsiya "Hökumət buludu"nun inkişafı üzrə 2020-ci ilədək strateji, 2025-ci ilədək uzunmüddətli və 2025-ci ildən sonrakı hədəf baxışlara nail olunmasında dəstək mexanizmi rolunu oynayacaqdır. Belə ki, 2020-ci ilədək strateji baxışda dövlət idarəçiliyində, iqtisadi və sosial proseslərdə tətbiq olunan informasiya sistemlərinin fəaliyyəti, zərurilik nəzərə alınmaqla, mərhələli şəkildə "bulud" texnologiyası əsasında təşkil ediləcək və "Hökumət buludu" infrastrukturuna keçid təmin olunacaqdır. 2025-ci ilədək uzunmüddətli baxışda İKT-nin tətbiqinin genişləndirilməsi və istifadə səmərəliliyinin artırılması üçün innovativ islahatlar davam etdiriləcək, elektron xidmətlərin çeşidi və həcmi artırılacaqdır. Bu dövrlərdə ölkədə daxili əməliyyatlarda rəqəmli həllərdən istifadəyə keçid tədricən daha geniş şəkildə təmin ediləcəkdir. 2025-ci ildən sonrakı hədəf baxışda uzunmüddətli perspektivdə İKT sahəsində regionda güclü potensiallı İKT sənayesinin yaradılması və beynəlxalq əhəmiyyətli informasiya tranziti, xidmətləri, məhsul istehsalı üzrə ixtisaslaşma, o cümlədən, "bulud" texnologiyaları əsasında regional xidmətlərin göstərilməsi təmin ediləcək. "Bulud" texnologiya əsaslı inkişaf prosesinə dövlət dəstəyi verilməklə, Azərbaycan Respublikasında İKT sənayesinə investisiyaların cəlb edilməsinə şərait yaradılacaq, bu isə, öz növbəsində, yerli və xarici investorların sahəyə olan marağını artıracaqdır. Konsepsiyada vurğulandığı kimi, Avropa Komissiyasının hesablamaları göstərir ki, 2020-ci ilədək "açıq bulud"un tətbiqi nəticəsində, Avropada ÜDM-də 250 milyard avro dəyərində, eyni zamanda, 2015-2020-ci illər ərzində, ümumilikdə, 600 milyard avro dəyərində gəlir əldə ediləcək və 2.5 milyon əlavə iş yeri açılacaqdır.

Bu texnologiya elektron xidmətlər göstərilməsində fərqli yanaşmalar tətbiq etməyə, daha yüksək sürət və keyfiyyətlə xidmətlər təşkil etməyə imkan yaradır. Hesablama imkanlarının mövcudluğu, "bulud" texnologiyası bu yeni texnologiyanın tətbiqi üçün əlverişli mühitdir. Həmçinin, milli məkan məlumatlarının formalaşdırılmasında, saxlanılmasında, idarə olunmasında istifadəsində, metaməlumatların formalaşdırılması və xidmətlərin göstərilməsində "bulud" texnologiyası tətbiq ediləcəkdir.

"Bulud" xidmətlərinin göstərilməsi zamanı beynəlxalq təcrübədə mövcud olan ümumi yanaşma tətbiq ediləcək, "Hökumət buludu"nun operatoru infrastruktur (IaaS), platforma (PaaS), tətbiqi proqram (SaaS) modelləri əsasında xidmətlər göstərəcəkdir. Bunların həyata keçirilməsi üçün açıq (public), özəl (private) və hibrid (hybrid) tipli yerləşdirmə modellərinə uyğun texnoloji mühit təmin ediləcəkdir.

"Hökumət buludu"nun tətbiqi dövlət qurumlarının "öz aktivlərindən istifadə" yanaşmasının - hər bir qurumun özünün texniki-proqram infrastrukturu qurması, onu saxlaması, mütəmadi yeniləməsi kimi fəaliyyətinin "özünəxidmət" yanaşması ilə, yəni əsaslı qoyuluşlar etmədən tələb olunan texniki-proqram ehtiyaclarının xidmət şəklində ödənilməsi ilə əvəz olunmasına gətirib çıxaracaqdır. Yeni yanaşma informasiya sistemlərinin fəaliyyətinin təşkilinə, xidmətlər göstərilməsinə və informasiya texnologiyaları təminatının həyat dövrünə də təsir edəcəkdir.

Göründüyü kimi, "Hökumət buludu"nda təhlükəsizlik məsələlərinin təminatı və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət diqqət mərkəzindədir. İnformasiya təhlükəsizliyinin və fiziki təhlükəsizliyin təminatı, ilk olaraq, risklərin qiymətləndirilməsindən başlanır. "Hökumət buludu"nda fəaliyyətin fasiləsizliyi üçün yüklənmələr tarazlaşdırılır, klasterizasiya, rezervləmə, bərpa sistemi və virtuallaşdırma texnologiyaları tətbiq edilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə