Səbail rayonunda iftar süfrəsi təşkil olundu

Səbail rayonunda iftar süfrəsi təşkil olundu

Dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatı, hər il olduğu kimi, bu il də öz ənənəsinə sadiq qalaraq, aztəminatlı rayon sakinləri üçün iftar süfrəsi təşkil etdi. 4 iyun 2019-cu il tarixində YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Səbail rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıldı.

200 nəfərlik iftar süfrəsində rayon ictimaiyyəti nümayəndələri, rayonun Səbail, Badamdar və Bibi-Heybət qəsəbələrinin, əsasən, aztəminatlı sakinləri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, kimsəsizlər, tənha ahıllar, əlillər, eləcə də, partiya fəalları və gənclər iştirak etdilər.

Mərasimdə Qurani-Kərimdən ayələr oxundu, dualar səsləndi, bu müqəddəs ayın fəzilətlərindən, iftarın savablarından danışıldı, ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması və aztəminatlı vətəndaşlara göstərilən dövlət qayğısı xüsusi vurğulandı. Sonra süfrə açıldı.

Mərasimdən sonra Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev rayon sakinləri, seçiciləri ilə görüşdü və onları narahat edən problemlərin həlli üçün müvafiq tövsiyə və tapşırıqlar verdi.

İştirakçılar, rayon sakinləri iftarın təşkilində əməyi keçənlərə minnətdarlıqlarını bildirdilər və onlara cansağlığı və bol ruzi-bərəkət arzuladılar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə