"İnsanlar Ramazan ayından fərqli təəssüratlarla ayrılırlar" Hacı Şahin Həsənli

"İnsanlar Ramazan ayından fərqli təəssüratlarla ayrılırlar" Hacı Şahin Həsənli

“İbadətə, oruca başlamazdan əvvəl insan fikirləşməlidir ki, bunu hansı şəkildə edəcək”

“Hər bir ibadət, əməl bitdikdən sonra insan nə qazandığını araşdırmalı, öz əməlini təftiş etməlidir”. Bu fikirləri SİA-ya tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidi dini icmasının rəhbəri Hacı Şahin Həsənli Ramazan ayının başa çatması və bir sıra əməlləri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, insanlar, müsəlmanlar müqəddəs Ramazan ayından fərqli təəssüratlarla ayrılırlar: “İnsanlar bu aya müxtəlif şəkildə yanaşırlar. Bəziləri vacib ay kimi tələb olunanlara riayət edir, bəziləri böyük şövqlə oruc saxlayırlar, bəziləri isə ac qaldıqlarına görə daha kobud rəftar edirlər. Lakin hər bir halda, bütün bunlar insanların öz yanaşmalarından asılıdır. Əslində isə, ibadət insana zövq verməlidir”.

“Əgər insan Ramazan ayında hansı hallar keçirdiyini, mənəvi inkişaf, təkan verdiyini anlasaydı, şübhəsiz ki, bu müqəddəs ayı daha rəğbətlə qarşılayardı”

İlahiyyatçının sözlərinə görə, ibadətə, oruca başlamazdan əvvəl insan fikirləşməlidir ki, bunu hansı şəkildə edəcək: “Məsələn, biz də övladımızdan nə isə xahiş etdikdə, övladımız xahişimizi könülsüz şəkildə icra edərsə, bir valideyn kimi bundan narazı qalarıq, baxmayaraq ki, övlad bizim dediyimizi etdi. Amma üzündə narazılıq ifadəsi olarsa, biz artıq bunu özümüzə qarşı hörmətsizlik kimi qəbul edərik. O cümlədən, Allahın hökmlərini icra edərkən, insan Ramazan ayının nə qədər rəhmət, bərəkət, bağışlanma, məğfirət gətirdiyini anlamalıdır. Əgər insan Ramazan ayında hansı hallar keçirdiyini, mənəvi inkişaf, təkan verdiyini anlasaydı, şübhəsiz ki, bu müqəddəs ayı daha rəğbətlə qarşılayardı”.

“Biz istənilən halda Allaha layiq olan tərzdə ibadət edə bilmirik və ümidimiz Onun rəhmətinə və mərhəmətinədir”

Hacı Şahin Həsənlinin sözlərinə görə, Allah bu ayda insanlara o qədər rəhmət bəxş edir ki, oruc tutanlar bu ibadətlərini nə qədər ürəkdən etsələr belə, yenə də həmin ibadətlər yetərli olmur. İnsan sadəcə, bağışlanacağına ümid edir: “Düşünürəm ki, Ramazan ayından ümidlə ayrılırıq, çünki biz istənilən halda Allaha layiq olan tərzdə ibadət edə bilmirik və ümidimiz Onun rəhmətinə və mərhəmətinədir. Bu ayda insan Rəbbin mərhəmətini daha yaxından hiss edir. İnsan hiss edir ki, çox kiçik bir məhrumiyyətin müqabilində Allah insana çox şeylər bəxş edir. Əslində, biz könüllü şəkildə bir sıra şeylərdən imtina edirik və bir neçə saat müxtəlif əməllərdən çəkinirik, amma istər bu ayda olan əhval-ruhiyyə, istər iftar və imsak zamanı yaşanan sevinc, istər Qiyamət günü Allahın qarşısında dayandığımız zaman, orucun əvəzində bizə verəcəyi nemətlər çoxdur”.

“İnsan Ramazan ayının orucunu tutmaqla, ruhunu təzələyir, o hiss edir ki, bu ayın əvvəlki vaxtla, sonrakı vaxtında nə qədər dəyişikliklər var”

“Əslində, biz böyük bir iş görməmişik və orucu bizə bəxş etdiyinə görə, Ramazan ayından Allaha minnətdarlıq hissi ilə ayrılmalıyıq”, deyən ilahiyyatçı hesab edir ki, Ramazan həm də ruhi paklıq, mənəvi saflıq ayıdır və bu baxımdan, il ərzində günah əməllər nəticəsində ruha hopmuş qara nöqtələr təmizlənir: “Ramazan ayının bir adı da yandırandır, yəni günahların mənşəyini yandıraraq, qəlbdən çıxarır. Doğrudan da bir ay ərzində insan etdiyi əməllərin təsirlərini ürəyindən çıxarır. İnsan Ramazan ayının orucunu tutmaqla, ruhunu təzələyir, o hiss edir ki, bu ayın əvvəlki vaxtla, sonrakı vaxtında nə qədər dəyişikliklər var. Yəni insan bunu yaşamalı və həzz almalıdır ki, Ramazan ayının sonunda bunu özündə hiss edir”.

“Həmçinin, oruc tutmaq sağlamlıq cəhətindən də insanın cisminə faydalarını verməkdədir”, bldirən Hacı Şahin Həsənlinin sözlərinə görə, oruc, eyni zamanda cəhənnəm qarşısında bir sipərdir: “Cəhənnəm odu deməklə, burada insanın günah odu nəzərdə tutulur. Oruc olarkən, insan müxtəlif günahlardan özünü qoruyur ki axirətdə də bu sipər, zireh kimi təcəssüm olunmaqdadır”.

“Təkid olunub ki, bayram namazı məscidlərdə cəm halda qılınsın”

Məşədi Dadaş məscidinin dini icra rəhbəri bayram namazı, Fitrə və zəkat barədə də bir sıra mühüm məqamlara toxunaraq bildirib ki, Ramazanın sonu Fitr bayramı qeyd olunur ki, bu çox böyük bir bayramdır: “Hədislərdə yazıldığına görə, göydən nida gəlir ki, ey oruc tutanlar, ey ibadət edənlər hədiyyələrinizi almağa tələsin. Yəni orucun mükafatı məhz Fitr bayramında təqdim olunur, insanlar məscidlərə bayram namazı qılmağa gedirlər. Bayram namazı iki rəkətdir, birinci rəkətdə beş, ikinci rəkətdə isə dörd qunut tutulur və qunutların da xüsusi duaları var ki, insan həmin duaları oxumaya da bilər, yəni vacib deyil. Ümumiyyətlə, deyim ki, bayram namazı vacib olmasa da, çox bəyənilən əməllərdəndir. O cümlədən, bayram namazı tək olaraq, camaat namazı olaraq da qılına bilər. Lakin təkid olunub ki, bayram namazı məscidlərdə cəm halda qılınsın”.

“Bayram namazına qədər Fitrə zəkatı vermək təkid olunmaqdadır, çatdırılmasa, günortaya qədər bu edilməlidir”

“Fitrə-zəkata qaldıqda isə, Fitr bayramının yeganə vacib əməli Fitrə zəkatını icra etməkdir”, deyən ilahiyyatçıya görə, Fitrə zəkatı verməyən şəxs oruc tutmayan kimi sayılır, təbii ki, bu əməli yerinə yetirməyə imkanı varsa: “Fitrə zəkatı ailə başçısı adından adambaşına üç kiloqram arpa, buğda, kişmiş, düyü, un, xurma və s. ərzaqların məbləği qədər verilə bilər.

Qafqaz Müsəlmanları İdarəsi bunu beş və ya on manat miqdarında hesablayıb. Fitrə zəkatı yaxınlara, qohumlara, qonşulara, ehtiyacı olan şəxslərə verilməlidir. Yəni Fitrə zəkatı bayram axşamı, ay görünəndən sonra evdən çıxarılmalıdır. Ən geci bayram namazına qədər bu əmələ icra olunmalıdır. Bayram namazları səhər saat 8-9 arasında qılınacaq. Ümumiyyətlə, bayram namazına qədər Fitrə zəkatı vermək təkid olunmaqdadır, çatdırılmasa, günortaya qədər bu edilməlidir”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə