Azərbaycanın ətrafında müxtəlif oyunlar qurulur. Çoxumuzun ya bundan xəbəri yoxdur, ya da bəzi məsələləri qulaqardına vururuq, daha doğrusu əlac edə biləcəyimiz problemin həllini talenin ümidinə buraxırıq. Düşünürük ki, kimsə bizim əvəzimizdən bu problemləri həll edəcək, ya da bizə tor quran anti-milli qüvvələr yorulub pəs edəcəklər. Amma hadisələrin gedişi də göstərir ki, bu, heç də biz düşündüyümüz kimi deyil. Sanki bizim 70 ildən sonra yenidən müstəqillik əldə etməyimizi həzm edə bilmirlər, sanki bu müstəqilliyi beşiyindəcə boğa bilmədiklərindən peşmançılıq hissi keçirirlər.
Atalar məsəlidir “öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”. Bizə dərs vermək həvəsində olan ölkələrin, beynəlxalq qurumların öz əməlləri (qeyri-demoktatik demirəm-müəllif), qeyri-insani hərəkətləri artıq faş olub, hər kəs onların ikili oyunundan danışır. Nə qədər rəzil, nə qədər həyasız olasan, nə qədər özünü axmaq yerinə qoyasan ki, öz daxilində baş verən hadisələri görməzdən gələsən və oxşar hadisədə qapazaltı etmək istədiyin digər ölkəni ittiham edəsən? Amerikada polisin hərəkət məhdudiyyəti az olan, bizim dillə desək şikəst adamın başına açdığı oyunu kim görməyib? Həmin kadrlara baxmaq istəyən sadəcə, barmaqlarının ucu ilə klaviaturanın düyməsində “Cop” sözü yazmağı kifayətdir ki, görüntülər göz deşsin. Kimsə onlara bir söz demir, şikəst insan polisə nə edə bilər, onun nə günahı var”, deyə bilmir. Niyə, çünki o bizim hər gün danlaq yeyən polisimiz yox, amerika “kop”udur. Bizdə bir şikəstəmi, yaxud hərəkət məhdudiyyətli bir insana toxunmazlar, toxunan da yəqin insanlıqdan uzaqdır. Amma indiyədək toxunmayıblar da demirik. Həm Amerikada, həm də Azərbaycanda baş verən oxşar hadisələrə münasibət necə olub? Çox təbii ki, Azərbaycanda bu hadisəni törədən hər hansı məmuru söyən, lənətləyən kifayət qədər olur. Birləşmiş Ştatlarda isə sanki hər şey təbiidir, belə də olmalıdır. Nə insan haqlarını qoruyan təşkilatların, nə də ağzı köpüklənə-köpüklənə bizi ittiham edənlərin, yaxasını cıranların cıqqırı da çıxmır. NİYƏ?
UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi Azərbaycanın istəyi ilə olsa da, son qərarı təşkilatçılar verdilər. Kimsə danışmadı, hər kəs qaşlarını düyünləyərək alnının ortasını qaşıdı, qarşıdakı oyunları düşündü. Nə İngiltərə, nə Fransa, nə Almaniya, nə UEFA, nə beynəlxalq arenada sürtük maçaya dönmüş Ermənistan, nə də “hay”ların “hav”ları olan “5-ci kolon”nun yadına insan haqları düşmədi, Mxitaryan adlı bir dığanın olmasından heç “Arsenal”ın da xəbəri olmadı. Başa düşmək olmur, yoxsa insan haqqını qorumaq da mövsümidir? Yazda olur, yayda olmur, payız olur, qışda olmur, eləmi? İki İngilis klubu finala çıxan kimi, çaqqal sürüsünün ulartısı bütün Avropanı bürüdü, Mxitaryan oldu matax, it ölüsü kimi Paşinyanın ofisinə kimi sürüdülər. “Topçular” elə gurultu qopardılar ki, sanki, Mxitaryan komandanın hamısıdır. Bir soruşan lazımdır, 26 oyuna 5 qol vuran yarımmüdafiəçi kimin nəyinə lazımdır? Statistika da var ki, “topçular”ın erməni əsilli oyunçusu çox nadir hallarda bütün 90 dəqiqəni oynayıb. Ona görə də son zamanlar yedəkdə qalırdı (sözün hər iki mənasında – müəllif).
Azərbaycanı ittiham etdilər ki, guya ona viza vermirik. Biləndə ki, bu yalan söhbətdir, keçdilər “B” variantına, bəs təhlükəsizliyinə təminat yoxdur. Hətta Azərbaycanı siyasəti idmana qatmaqda suçlamağa çalışdılar. Rəsmi Bakı UEFA-nı da, “Arsenal” klubunu da, Mxitaryanın ailəsini də əmin etdi ki, təhlükəsizliyinə tam təminat verilir. Bundan əvvəlki yarışlarda digər ölkələrdən olan erməni əsilli idmançıların, o cümlədən Ermənistandan olan iştirakçıların Azərbaycanda keçirilən yarışlarda iştirak etdiyini, onların təhlükəsizliyinin təmin edildiyi nümunə kimi göstərdilər. Bəzi məşhur futbolçular Mxitaryanı qeyri-peşəkarlıqda ittiham etdilər, ona “qorxursansa pampers gey” məsləhətini verdilər. Amma “topçular”la bərabər ali futbol qurumunun rəhbərliyində təmsil olunan bəzi buqələmunlar, Böyük Britaniyanın siyasi dairələri idmanı, futbolu siyasiləşdirdilər, siyasi oyunlara qurban verdilər. Futbolun bir idman növü yox, futbolun bir siyasət olduğunu sübut etdilər, futbolun nüfuzuna zərər vurdular.
Avropanın idman arenalarında siyasi aksiyalar, azarkeşlər arasında ölümünə davalar azmı olub? İrqi, dini, milli şüarları Avropa arenalarında demək olar ki, hər gün eşidir və görürük. Hakimin döyülməsi, oyunçuların başının yarılması, meydana bərk predmetin atılması, kənar şəxslərin daxil olması, tribunaların yandırılması da Avropa qitəsində, bizə dərs vermək həvəsinə düşən avropalıların yaşadıqları ölkələrdə baş verib. Avropa Liqasının finalı bakıda keçirildi. Azərbaycan iki İngilis komandasının birincilik uğrunda yarışını bir bayrama çevirə bildi. Hətta şəhərin mərkəsi küçələrində rahatlıqla gəzən çılğın ingilis azarkeşlər sanki bu mədəniyyətdən, bu qarşılanmadan şaşırdılar. Özlərini unudaraq sakit davrandılar, qanunsuz hərəkət etməyə utandılar. Bəli, biz bunu bacardıq, oyunqabağı vəhşiləşən, özünü idarə edə bilməyən ingilis azarkeşləri ram edə bildik.
Bu gün isə İspaniyanın paytaxtı Madriddə Çempionlar Liqasının finalı keçiriləcək. Yenə iki ingilis klubu qalib adı uğrunda mübarizə aparacaqlar. Bəs oyunqabağı vəziyyət necədir? Bir faktı qeyd edək ki, Bakıdan fərqli olaraq Madriddə azarkeşlərin təhlükəsizliyinə heç bir zəmanət verilmir. Əksinə, azarkeşin hərəkətləri onun “ilişməsinə” bir səbəb ola, hətta həbs oluna bilər. Məsələn, İngiltərənin Sun qəzeti xəbər verib ki, dünən gecə “Şpor” adlı ingilis fanklubunun olduğu restorana polis basqını olub. Səbəb çox bəsitdir, belə ki, bir ingilis fanat 8 yaşlı oğlanı çiyni üzərinə qaldıraraq atılıb düşməyə başlayıb və bu, polisin müdaxilə etməsinə kifayət edib. Puerta-del-Sol adlı bara hücum edən ispan polisi həmin azarkeş də daxil olmaqla 50 fanatı zopa ilə döyüb, əksəriyyətinə müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Amma insan haqlarının müdafiəçiləri hələ də susurlar. Çox güman ki, məkan Bakı olsaydı o sürünün ulartısı indi də qulaqlarımızı deşirdi.
İndi bildinizmi bizə qarşı az qala səlib yürüşünə çıxanların məqsədi nədir, bizi necə və harada görmək istəyirlər?
Vəli VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB