İordaniya KİV-ləri Azərbaycan səfirliyinin 28 May – Respublika Günü ilə bağlı bəyanatını yayıb
İordaniyanın Petra dövlət informasiya agentliyində, aparıcı “Al-Rai” və “Addustour” qəzetlərində, eləcə də orobanews, nayrouz, jawharatarabnews, alqubbahnews xəbər portallarında 28 May-Respublika Günü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatı dərc edilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Bəyanatda Azərbaycan xalqının hər il 28 may tarixində Respublika Gününü qeyd etdiyi oxucuların diqqətinə çatdırılaraq, 1918-ci ilin bu günündə müsəlman Şərqində ilk parlamentli respublikanın yaradıldığı barədə məlumat verilib. Həmçinin Cümhuriyyətin fəaliyyət göstərdiyi 23 ay ərzində gördüyü işlərdən söhbət açılıb. Cümhuriyyət parlamentinin fəaliyyətinə toxunularaq, 23 ayda 230 qanunun qəbul edildiyi və ən önəmli olanlardan birinin qadınlara səsvermə hüququnun verilməsi olduğu, bununla da demokratik respublikanın o zaman ən inkişaf etmiş ölkələri belə qabaqladığı oxucuların diqqətinə çatdırılıb. Hazırda dövlətimizin rəmzlərindən olan üçrəngli bayrağın qəbul edildiyi, çar Rusiyası dönəmində mətbuatda tətbiq edilən senzuranın aradan qaldırıldığı, o cümlədən bu gün xalqın qürur mənbəyi olan Bakı Dövlət Universitetinin təsis edildiyi, milli ordunun və maliyyə-iqtisadi sistemin qurulduğu, qonşu Ermənistanın ərazi iddiaları və siyasi təxribatlarının qarşısının alındığı bəyanatda yer alıb.
Bəyanatda 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycanın daxili siyasi, ictimai və iqtisadi xaosla üzləşdiyi, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü də qeyd edilib. Belə bir çətin vəziyyətdə Azərbaycan xalqının SSRİ illərində yüksək dövlət vəzifələrində çalışmış və həyatını öz əziz xalqına həsr etmiş, zəngin siyasi təcrübəyə malik ulu öndər Heydər Əliyevə çağırış etdiyi oxucuların nəzərinə çatdırılıb. Ulu Öndərin müstəqil Azərbaycan üçün gördüyü mühüm işlərdən ətraflı bəhs edilib.
Bəyanatda Azərbaycan-İordaniya əlaqələrindən, bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərindən də bəhs olunub.
Bundan başqa, bəyanatda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, əldə edilən nailiyyətlərdən söhbət açılıb. Ölkəmizin bu gün Bakı-Tbilisi-Ceyhan kimi neft, TAP və TANAP kimi qaz kəmərləri ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin birləşdirici halqası və “İpək Yolu İqtisadi Kəmər” layihəsinin fəal iştirakçısı olduğu diqqətə çatdırılıb. Ölkəmizin son illərdəki iqtisadi inkişafı faktlarla qeyd edilib.
Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər diqqətə çatdırılıb.
Səfirlik İordaniya vətəndaşlarını bu gün dünya ölkələrinin, xüsusən də ərəb ölkələrinin diqqət mərkəzinə çevrilən Azərbaycana səfərə dəvət edib və 2018-ci ildə 550 mindən çox ərəb turistin ölkəmizə səfər etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB