Masallıda Respublika Günü münasibətilə tədbir

Masallıda Respublika Günü münasibətilə tədbir

Mayın 27-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına həsr olunmuş konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti, önünə gül dəstələri qoyulması ilə başlanıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı.

Ötən əsrin sonlarında ikinci dəfə qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhvolmadan xilas etməsəydi! 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

Konfransda Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru , Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyevanın “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik respublikası” adlı məruzəsi dinlənilib. Natiq qeyd edib ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən heç də asan deyil. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və bir də o tarixdən 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev həmin bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən qaldırmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi ilk dəfə Naxçıvan Ali Məclisinin sessiyasında qəbul edilmişdir.

Ümummilli lider çıxışlarının birində həmin tarixi hadisəni diqqətə çatdıraraq demişdir: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən etdik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – Milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

Məruzə ətrafında müzakirələrdə çıxış edən "Masallı ziyalıları" İctimai Birliyinin üzvü Xanhüseyn Musayev, Masallı Dövlət Regional Kollecin müəllimi Kəmalə İmanova, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin üzvü Cəmaləddin Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza irs qoyduğu dövlətçilik ənənələrindən, müstəqil Azərbaycan Respublikasının həyatımızın bütün sahələrində qazandığı uğurlardan danışıblar.

Konfransı yekunlaşdıran RİH başçısı R.Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycanşılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir. Artıq dünya birliyində də etiraf olunur ki, bu gün Azərbaycan böyük nüfuza malik olan bir ölkədir. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasətə sadiqliyi bir daha təsdiqləyir ki, Azərbaycan bu yoldan dönməyəcək, həmişə inkişaf və tərəqqi yolu ilə gedəcək.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə