“Hər bir vətəndaş ölkəmizə qarşı aparılan informasiya müharibəsinə, milli-mənəvi dəyərlər üzərindən Azərbaycana edilən hücumlara son dərəcə həssas yanaşmalıdır”. Bu fikirləri SİA-ya Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu Azərbaycana qarşı aparılan informasiya müharibəsi ilə bağlı məsələyə münasibətini bildirərkən deyib.
O deyib ki, XXI əsr dəyərlərin savaşdığı bir dövrdür: “Milli-mənəvi dəyərlər hər bir millətin xarakterik xüsusiyyətini, cizgilərini, kimliyini ortaya qoyan başlıca komponentdir. Əgər bu dəyərlər hədəfə alınırsa, onlara hücum edilirsə, sıradan çıxarılırsa, silinirsə, o zaman millət öz milli kimliyindən uzaqlaşır, bir millət olaraq simasını itirir”.
V.Zifəroğlu söyləyib ki, XXI əsrdə bir çox xarici dövlətlərin, o cümlədən Qərb ölkələrinin məhz mədəni ekspansiya ilə başqa xalqları öz nəzarətləri altına almalarında istifadə etdikləri ən başlıca milli-mənəvi dəyərləri hədəfə almaq, onları silmək, bir milləti öz dəyərlərindən uzaqlaşdırmaqdır: “Bu, informasiya müharibəsində son dərəcə ciddi əhəmiyyət daşıyır. Azərbaycan çox ciddi geosiyasi, geoiqtisadi əhəmiyyət kəsb edən coğrafi ərazidə yerləşir. Yerləşdiyi coğrafi ərazi, həyata keçirdiyi müstəqil xarici siyasət baxımından Azərbaycanın beynəlxalq aləmdə ciddi siyasi əhəmiyyəti və rolu var.
Şübhəsiz ki, Azərbaycanın bu rolundan, əhəmiyyətindən, müstəqil siyasətindən narazı və narahat olan kifayət qədər ciddi qüvvələr, xüsusən də bizə düşmən mövqeyi sərgiləyən işğalçı ermənistan, dünyadakı erməni diasporu və lobbisi var. Bu qüvvələr Azərbaycana qarşı apardıqları informasiya müharibəsi vasitəsilə həqiqətlərimizi təhrif etməyə, mənəvi dəyərlərimizi hədəfə almağa, daxildə müəyyən çaşqınlıqlara rəvac verməyə çalışırlar. Bu zaman onlar müxtəlif alətlərdən, o cümlədən sosial şəbəkələrdən, müxtəlif media quruluşlarından bizə qarşı istifadə etməyə çalışırlar”.
Filologiya elmləri doktoru qeyd edib ki, bütün bunları nəzərə alaraq, biz, son dərəcə ayıq olmalı, həqiqətlərimizin təhrif edilməsinə qarşı mövqe ortaya qoymalıyıq: “Öz həqiqətlərimizi yaymaqdan, doğrularımızı dünyaya çatdırmaqdan çəkinməməli, qorxmamalıyıq. Bu doğruların təqdimatı bizim həqiqətlərimizin beynəlxalq aləmə daha yaxşı şəkildə duyuracaq. Ona görə də kimliyindən və tutduğu vəzifəsindən asılı olamayaraq, hər bir insanımız bu məsələdə həssas davranmalı, əsl vətəndaşlıq mövqeyi ortaya qoymalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB