Azərbaycan Respublikasının milli bayramı 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdədir. SİA həmin məktubların bir qismini təqdim edir:
Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, eləcə də rifah və xoşbəxtlik arzularımı çatdırıram.
Əmin ola bilərsiniz ki, Azərbaycan, Fransa və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsini, xüsusilə Sizin və Birinci vitse-prezidentin, bildiyim qədər, yaxından diqqət yetirdiyiniz səhiyyə və ətraf mühit sahələrində qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində birgə təşəbbüslərimizin daha çox olmasını görmək arzusundayam.
Həmçinin icazə verin, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinə dair Fransanın qətiyyətli, tam və qərəzsiz öhdəliyini bir daha vurğulayım.
Cənab Prezident, məmnuniyyətlə Bakıda tezliklə yenidən görüşəcəyimizə ümid edir, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhanidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının müstəqilliyinin ildönümü münasibətilə Zati-alinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. İran İslam Respublikası və Azərbaycan Respublikası iki qonşu dövlət kimi qədim ortaq tarixi, mədəni və dini dəyərlərə söykənərək Azərbaycan Respublikasının müstəqilliyindən sonra yüksək səviyyəli əlaqələr və mehriban qonşuluq münasibətləri nümayiş etdirir, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə iki xalqın rifahını və firavanlığını artırmağa, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə qərarlıdırlar.
Qüdrətli Allahdan Zati-alinizə cansağlığı və müvəffəqiyyət, Azərbaycan Respublikasının şərəfli xalqına səadət diləyirəm.
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, ölkənizin hökumətinə və xalqına Şri-Lanka hökuməti və xalqı adından səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Səmimi qəlbdən ümid edirəm ki, ölkələrimiz arasında mövcud olan dostluq və sıx əməkdaşlıq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi naminə gələcək illərdə daha da möhkəmlənəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şəxsi rifah, Azərbaycan Respublikasının xalqına isə davamlı tərəqqi və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti kollektivinin və şəxsən mənim ən səmimi təbriklərimi qəbul edin.
Möhtərəm cənab Prezident, icazə verin, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ruh yüksəkliyi, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə firavanlıq, sülh və rifah arzularımı bildirim. Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti Azərbaycanın həyatını və orada baş verən hadisələri bundan sonra da maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaqdır.
Monteneqronun Prezidenti Milo Cukanoviçdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
28 May – Respublika Günü münasibətilə Sizi Monteneqro xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, dost Azərbaycan xalqına və ölkənizə davamlı inkişaf və rifah arzulayıram.
Monteneqro ölkənizlə olan dostluq münasibətlərindən qürur duyur. Biz bu münasibətləri xalqlarımızın yaxınlaşması və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün möhkəm təməl hesab edirik. Əminəm ki, möhkəm tərəfdaşlıq qurmağa yönəlmiş birgə səylərimiz Azərbaycan və Monteneqro arasında mövcud dialoqun möhkəmlənməsinə, eləcə də demokratiya və azadlıq kimi ümumbəşəri dəyərlərin təşviqi, iqtisadi inkişaf və vətəndaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən əməkdaşlığın genişlənməsinə davamlı stimul verəcək.
Müdrik rəhbərliyinizlə sabitliyini qoruyan dost Azərbaycanın hərtərəfli inkişaf yolunda yeni uğurlar qazanacağına əminəm.
Fürsətdən istifadə edərək, yaxın gələcəkdə - qarşılıqlı razılaşdırılmış bir vaxtda Sizi Monteneqroya səfərə dəvət edirəm.
Ən dərin ehtiramımı və dost salamlarımı qəbul etməyinizi xahiş edirəm.
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
İcazə verin, Sizi milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edim, ali dövləti fəaliyyətinizdə, Azərbaycanın hərtərəfli inkişafı və rifahı naminə işlərinizdə uğurlar diləyim.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə Şərqdə Türk və İslam dünyasının ilk demokratik respublikasının qurulması Azərbaycan xalqının şanlı tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlar üçün də örnək olmuşdur.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Zati-alinizin Türk Şurasının fəaliyyətinə verdiyi dəstəyi və yardımı yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, Türk Şurası Azərbaycan Respublikası ilə digər türkdilli dövlətlər arasında çoxtərəfli əlaqələri daha da inkişaf etdirəcək, bölgəmizdə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün bundan sonra da səy göstərəcəkdir.
Fürsətdən istifadə edərək, bu tarixi və əlamətdar gün münasibətilə Zati-alinizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına isə rifah, firavanlıq və xoşbəxtlik diləyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB