Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 5 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 5 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) qurumun 5 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə komitə sədri Hicran Hüseynova, millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, Fuad Muradov və qurum əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan H. Hüseynova AQUPDK-nın 5 illik fəaliyyəti ilə bağlı geniş məlumat verib. O bildirib ki, komitə beş il il bundan qabaq Prezident İlham Əliyevin 361 saylı fərmanına əsasən yaradılıb.

Onun sözlərinə görə, komitənin əsas məqsədi ailə, qadın və uşaq problemləri istiqamətində qarşıya qoyulan vəzifələri həyata keçirməkdir. O vurğulayıb ki, ötən illər ərzində ölkə rəhbərinin komitəyə daim diqqət göstərməsi nəticəsində qurum üçün ayrılan büdcə vəsaitləri artıb, əməkdaşların sayı 20-dən 68-ə çatdırılıb: "Bundan əlavə, bu müddət ərzində 11 uşaq və ailələrə dəstək mərkəzi komitənin balansına verilib ki, bu da fəaliyyət imkanlarımızı getdikcə genişləndirməklə yanaşı, məsuliyyətimizi daha da artırıb. Ötən dövr ərzində komitəyə 6 mindən artıq müraciət ünvanlanıb. Onlardan 60 faizi komitədə qəbul olunan vətəndaşların müraciətidir".

Çıxışının davamında qurumun 5 il ərzində həyata keçirdiyi layihə və tədbirlər haqqında məlumat verən H. Hüseynova həmçinin bildirib ki, ötən dövr ərzində komitə bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələrin analoji qurumları ilə əməkdaşlıq münasibətlərini genişləndirməyə nail olub. Eyni zamanda qurum rəhbəri əlavə edib ki, AQUPDK-nın yaradılmasının 5 illik yubileyi ərəfəsində komitə əməkdaşlarının bir qrupu "Dövlət qulluğunda fərqlənməyə görə" medal ilə təltif olunub.

Tədbirin davamında söz alan millət vəkili Qənirə Paşayeva komitəni 5 illi yubileyi münasibətilə təbrik edib. O bildirib ki, komitə qısa vaxt ərzində böyük nailiyyətlər əldə edib. Onun sözlərinə görə, komitə bu müddət ərzində onun yaranması ilə bağlı qərarın düzgün olduğunu sübut edib: "Komitə bu müddət ərzində həyatımızın önəmli işlərində izini qoyub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu komitəyə hər zaman dəstək olub. Komitənin əsas uğurlarından biri işini millət vəkilləri və QHT-lərlə qurmasıdır. O bu müddət ərzində bir çox millət vəkillərini və vətəndaş cəmiyyətini özünə cəlb edə bilib. Komitənin həyata keçirdiyi mühüm işlərdən biri Məişət Zorakılığı haqqında qanun layihəsi idi ki, hazırda həmin layihə bütün ailələrin əsasına çevrilib ".

Daha sonra tədbirin davamnda çıxış edənlər komitənin uğurlu fəaliyyətindən söz açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə