“Korrupsiyaya qarşı Milli Strategiyanın fəaliyyət proqramına uyğun olaraq 2011-ci il üçün tədbirlər planı təsdiq edilib”- AÇIQLAMA

“Korrupsiyaya qarşı Milli Strategiyanın fəaliyyət proqramına uyğun olaraq 2011-ci il üçün tədbirlər planı təsdiq edilib”- AÇIQLAMA
Korrupsiyaya qarşı Milli Strategiyanın 19-cu bəndinə əsasən dövlət qulluqçularının etik davranış qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulub. Bu barədə SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov məlumat verib. O bildirib ki, dövlət qulluqçularının etik davranış qaydalarına komissiya ümumi nəzarət edir. Sektor müdirinin sözlərinə görə, komissiyanın internet saytında etik davranış qaydaları ilə bağlı bölmə yaradılıb və bunun vasitəsilə dövlət qulluqçuları onlayn müraciətetmə sisteminə qoşulublar: "Bütün mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları müəyyənləşib. Etik davarnış haqqında qanunun tələbinə əsasən hər bir mərkəzi icra hakimiyyəti orqanı həmin qurumun spesifikasına uyğun olaraq daxili etik davranış qaydalarını hazırlamalıdırlar".

V.Əsgərov vurğulayıb ki, maarifləndirmə ilə bağlı Korrupsiyaya qarşı Milli Strategiyanın fəaliyyət proqramına uyğun olaraq komissiyada 2011-ci il üçün tədbirlər planı təsdiq edilib. Hər il mərkəzi və yerli icra hakimiyyəti orqanlarında etik davranış, korrupsiyaya dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyən sektor müdiri 2011-ci ildən məhkəmə hakimiyyəti orqanlarında etik davranış qaydaları ilə bağlı xüsusi təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

"Bundan əlavə, komissiya tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib. Burada etik davranış qaydaları ilə bağlı görülən maarifləndirmə işləri, dövlət qulluqçularına qarşı hansı intizam, tənbeh tədbirlərinin təsdiq edilməsi ilə bağlı məlumatların komissiyaya təqdim edilməsi xahiş edilib. Bu məlumatlar ümumiləşdirilərək Korrupsiyaya qarşı Mübarizə Komissiyasına təqdim edilib. Komissiyada müəyyən şikayətlər araşdırılıb və müvafiq tədbirlər görülüb. 2010-cu ildə komissiyaya 5 müraciət daxil olub. Onların 2-si əsassız olub, 2-si təmin olunub, 1-i isə hazırda araşdırılır", -deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə