Qüdrət Həsənquliyev: “Azərbaycan siyasətində Əli Kərimli və İsa Qəmbər qədər bir-birinə nifrət edən şəxslər yoxdur“ - MÜSAHİBƏ
- Müxalifət ümumi şəkildə hansı görüntünü yaradır?
- Təəssüflər olsun ki, müxalifət cəbhəsində bu gün mütəşəkkillik yoxdur. Üç partiya - Ədalət, Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyaları razılaşdıq ki, "İslahat Bloku" adı ilə Milli Məclisdə də fəaliyyətimizi davam etdirək. Müxalifətin geniş birliyi alınmır və müxalifətin özü də iki qrupa bölünüb. Müxalifətin bir qismi iqtidarın legitimliyini tanıyır və konstruktiv müxalifətdir. Bunların özləri də bir araya gələ bilmirlər. Digər qrup isə hakimiyyətin legitimliyini tanımayan, özlərini real müxalifət adlandıran radikal müxalifətdir. İctimai Palata adlandırılan bir qurum yaradılsa da bu müxalifətin birliyi hesab oluna bilməz. Mətbuatda oxudum ki, İsa Qəmbər Əli Kərimlini ofisindən qovub. Bu da onu göstərir ki, mən əvvəllər dediklərimdə haqlı idim. Mən bildirmişdim ki, Azərbaycan siyasətində bu iki şəxs qədər bir-birinə nifrət edən adamlar yoxdur. İkincisi, hər ikisi avanturistdir. Onlar indidən ciddi rəqabətə başlayıblar, baxmayaraq ki, hərəsinin ətrafında beş-altı adam var. Orta Şərq ölkələrindəki iğtişaşlar bunları ruhlandırır və hər ikisi birincilik uğrunda davaya başlayıblar. Bir sözlə, ikrah və gülünc doğuran rəqabət gedir. Konstruktiv müxalifət də birləşə bilmir və bu mümkün olmadıqca bir çox problemlərin öhdəsindən gəlmək də mümkün olmayacaq. Siyasi sistemin güclü olması təkcə, hakimiyytədən asılı deyil, gərək digər partiyalar da güclü olsun. Siyasi sistemdə bir-birini tanıyan, bir-biri ilə əməkdaşlıq edən partiyalar olmalıdır. Dövlətin özü də bu istiqamətdə addımlar atmır. Hakim partiyaya nəzarəti ancaq başqa bir partiya həyata keçirə bilər. Bir partiya öz-özünə nəzarət edə bilməz.
- Parlament seçkilərindən əvvəl bir çoxları müxalifətin "radikal" və "konstruktiv" adlandırılmasına qarşı çıxırdı. Seçkilər bu məsələdə nöqtəni qoya bildimi?
- Konstruktiv müxalifət üçün bu seçkilər o baxımdan önəmli oldu ki, bu müxalifət parlamentdə yerini qoruyub saxlaya bildi. Dekonstruktiv müxalifətlə müqayisədə bu bizim üçün uğurlu oldu. Bir çox hallarda xarici qüvvələrin sifarişi ilə qərarlar qəbul edən dekonstruktiv müxalifəti bu dəfə xalq parlamentə buraxmadı. Sonuncu seçkilər də bu baxımdan yadda qaldı. İqtidar konsrtuktiv müxalifətlə əməkdaşlıq etməsə, bu siyasi sistemdə köklü dəyişikliklərə gətirib çıxarmayacaq. İndi hər şey iqtidarın atacağı addımlardan asılıdır. Dekonstruktiv müxalifət tamamilə silinib gedir. Dekonstruktiv müxalifət ölkənin siyasi həyatından tamamilə silinib getməsi üçün iqtidar konstruktiv müxalifətlə yüksək əməkdaşlığı qurulmalıdır. Bunun üçün isə parlamentdə təmsil olunan partiyalar dövlət tərəfindən maliyyələşməlidir.
- Siyavuş Novruzov həmçinin partiyaların yenidən qeydə alınması ilə bağlı YAP-ın təklifinin olduğunu bildirib...
- Bu məsələ ilə razıyam. Qeydə alınan bir çox partiyalar var ki, onlar fəaliyyət göstərmir. O təkliflə də razıyam ki, 60-dan artıq seçki dairəsində təşkilatı olan partiya yenidən qeydə alınsın. Belə olan halda Azərbaycanda 5-10 partiya qalar. Qalanları isə digər partiyalarla birləşər.
- Seçkilərdən bir müddət əvvəl AXCP-Müsavat birliyi məsələsi ortaya atıldı, seçkilərdən sonra isə məlum istefalar reallaşdı. Əslində nə baş verir?
- İstefalara əsas səbəb həmin qüvvələrin seçkilərdəki uğursuzluqları idi. Həmin insanlar orada hansısa perspektiv görmürlər, onsuz da ömrünün bir 20 ilini orada itiriblər. Ömrünün qalan hissəsini mənasız yerə itirmək istəmirlər. İnsanlar uğursuzluqlardan yorulublar. İsa Qəmbərin apardığı uğursuz siyasətin fərqindədirlər. Narazılıqlar seçkilərdən əvvəl də var idi. Sadəcə olaraq həmin insanlar seçkiqabağı cəmiyyət tərəfindən düzgün başa düşülməmələrindən qorxdular. İsa Qəmbərin Ter-Petrosyanın partiyası ilə anlaşma imzalamasından sonra istefaların olacağını bilirdim. Bu da onun xarici qüvvələrin sifarişi ilə hərəkət etdiyinin sübutu idi. Bəs, imzaladığı sazişi niyə yerinə yetirmir?
- İstefaların səbəbi yalnız uğursuzluqdursa, bu AXCP-də niyə baş vermir?
- AXCP-də istefa verəsi kim qalıb ki? Orada adam qalmayıb. AXCP İdarə Heyətinin 19 nəfər üzvü var idi. Adlarını da deyə bilərəm: Mənin özüm, Qulamhüseyn Əlibəyli - Ali Məclisin sədri, Əli Məsimov-iqtisadi məsələlər üzrə müavin, Asim Mollazadə-beynəlxalq əlaqələr üzrə müavin, Xaləddin İbrahimli, Fuad Mustafayev, Akif İslamzadə, Əlimməməd Nuriyev, Nəriman Qasımzadə, Cəmil Həsənli, Bahəddin Həziyev, Qorxmaz İbrahimli, Asif Kərimov (onun istefaya getməsini indiyə kimi gizli saxlayırlar), Asif Paşayev və başqaları. Partiyada köhnə insanlardan bircə nəfər qalıb ki, o da İdarə Heyətinin üzvü deyildi. Bu Həsən Kərimovdur. Bu adamın yanında partiya rəhbərliyində təmsil olunan adam qalmayıb.
- Milli Məclisin son iclasındakı çıxışında işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulunu vacib hesab etmisiniz. Ancaq bu təklif birmənalı qarşılanmayıb...
- Hesab edirəm ki, vaxtı keçmiş bir məsələdir. Azərbaycan vətəndaşları bilsinlər ki, bu dövlətin mövqeyi nədən ibarətdir. İşğal olunan torpaqlardakı hüquqi rejim bəlli deyil. Qanun qəbul edərək birmənalı şəkildə deməliyik ki, bizim icazəmiz olmadan kimsə, Dağlıq Qarabağa gedə bilməz. Orada göstərməliyik ki, Ermənistanla ticarət əlaqəsi quran şəxslər Azərbaycanda işləyə bilməzlər. Biz xarici şirkətlərə deməliyik ki, Ermənistanda varsansa, Azərbaycanda ola bilməzsən. Bu milli maraqlarla bağlı olan məsələdir. Mən bunun əleyhinə olan millət vəkillərinin məntiqini başa düşmürəm. Bu məsələni Yeni Azərbaycan Partiyasının deputatları da vaxtilə qaldırıblar.
- Həmin iclasda amnistiya və əfv fərmanlarının tez-tez verilməsindən şikayətlənmisiniz. Xarici ölkələrdə bu sahədə təcrübə necədir?
- İndiyə kimi bir neçə amnistiya aktı qəbul etmişik. Hər iki ildən bir amnistiya düşür. Eşitmisiniz ki, Almaniya və yaxud Fransa amnistiya verilsin? Yaxud eşitmisiniz ki, prezident yüzlərlə adamı əfv etsin? ABŞ-da qubernator iki bacını həbsdən azad etmişdi. Bacılardan biri böyrəyini digərinə vermişdi. Bu bir həftə müzakirə mövzusu olmuşdu. Axı insanların qanun qarşısında hüquq bərabərliyi var. Ağır cinayət törətmiş bir şəxsi niyə azad edirik? Əfvlə bağlı qanun qəbul olunmalıdır. Orada müəyyənləşdirilməlidir ki, hansı hallarda əfv verilə bilər. Bu, minimuma endirilməlidir. Minimum 5 ildən, hətta 10-20 ildən bir amnistiya verilməlidir. Keçmiş SSRİ dövründə bircə dəfə müharibədən sonra amnistiya verilib. Hüquq-mühafizə orqanlarını haqlı-haqsız tənqid edirik. Cinayət törədənlərin təxminən 80 faizi vaxtilə cinayət törədənlərdir. Cinayətkarlığa qarşı belə mübarizə olar?
- Bir müddət əvvəl "Unikal" qəzetinə müsahibə vermisiniz. "Yeni Müsavat" qəzeti yazdı ki, siz müsahibədə səsləndirdiyiniz fikirlərə görə, bəzi nazirlərin təzyiqi ilə üzləşmisiniz. Bu nə dərəcədə doğrudur?
- Tamamilə əsassız fikirlərdir. Hər zaman istəyirik ki, cəmiyyət daha da demokratikləşsin. Bir millət vəkili, bir partiya sədri olaraq həmişə mövcud problemlərlə bağlı fikrimi demişəm və heç bir təzyiqdən söhbət gedə bilməz. Dövlət rəsmiləri də bilir ki, mən bu problemləri qaldırıramsa, ortada heç bir qərəz və hansısa başqa maraqlar yoxdur. O, müsahibədən sonra cənab prezidentin müşavirə keçirməsi, Ramiz Mehdiyevin Korrupsiyaya Qarşı Mübarizə Komissiyanın iclasını çağırması göstərdi ki, mən dediklərimdə haqlı idim. Qaldırdığım problemlər hamını - Dövlət başçısını da, hökuməti də və başqalarını da narahat edən problemlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB