Azərbaycan və Gürcüstan tarix və arxeologiya sahəsində birgə tədqiqat aparacaq

Azərbaycan və Gürcüstan tarix və arxeologiya sahəsində birgə tədqiqat aparacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Gürcüstan və Azərbaycan Dostluq Evinin rəhbəri, Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru, tarix elmləri doktoru, professor Giuli Alasaniya, Gürcüstan Universitetinin rektoru, professor Manana Sanadze, Gürcüstan Dövlət Universitetinin professoru M.Tsereteli, Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva və digər nümayəndələrlə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüş Azərbaycan ilə Gürcüstan arasında elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, elmin innovativ inkişafı, beynəlxalq elm məkanına inteqrasiya, elmi-tədqiqat müəssisələrinin müasir texnologiyalarla təmini, o cümlədən bu sahədə aparılan islahatlarla tanışlıq, təcrübə və bilik mübadiləsi məsələlərinin təşkili istiqamətində görülən işlər və s. ilə bağlı müzakirələrin, fikir mübadiləsinin aparılması məqsədi daşıyıb.

Öncə AMEA-nın yaranma tarixi haqqında məlumat verən AMEA prezidenti, akademik Mahmud Kərimov RH-ın binasının inşasının maraqlı tarixçəsi olduğunu bildirib. M.Kərimov Azərbaycanın milli ornamentləri ilə bəzədilən əzəmətli binanın əsasının 1907-ci ildə qoyulduğunu, Bakı milyonçusu Musa Nağıyev tərəfindən oğlu İsmayılın şərəfinə tikildiyini qonaqların nəzərinə çatdırıb. Hər iki dövlət arasında dostluq əlaqələrinin uzun illərdir ki, davam etdiyini vurğulayan akademik Azərbaycanla Gürcüstan arasında müxtəlif sferalarda, o cümlədən də elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsinin, informasiya əsrində bu əlaqələrin yeni istiqamətlərinin müəyyənləşməsinin, inkişaf perspektivlərinin təyin olunmasının mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu qeyd edib. AMEA-nın 40-a yaxın institut və təşkilatının fəaliyyət göstərdiyini bildirən alim Rəyasət Heyətinin nəzdindəki təşkilatlar haqqında məlumat verib.

Qloballaşma proseslərinin geniş vüsət aldığı dövrdə Azərbaycan elminin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılmasının, bu hədəflərin həyata keçirilməsində mühüm şərt olan elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılması, alim və mütəxəssislərin sosial təminatı məsələləri həllinin əhəmiyyətini vurğulayan alim "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə Milli Strategiyanin həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edildiyini bildirib. Strategiyada elmin innovativ inkişafı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, savadlı, kreativ və mobil kadrların hazırlanması, beynəlxalq əlaqələrin yaradılması və davamlı inkişafı, dünyanın aparıcı dövlətləri ilə bu sahədə bilik və təcrübə mübadiləsinin aparılması, elmin informasiya təminatı kimi məsələlərinin öz əksini tapdığını söyləyib. Bu hədəflərin həyata keçirilməsinin Azərbaycanda elmi sahədə yürüdülən siyasətin başlıca məqsədlərindən biri olduğunu söyləyib.
Ötən il Elmin İnkişafı Fondunun yaradıldığı haqda da məlumat verən AMEA prezidenti fondun bu istiqamətdə apardığı işlərdən danışdı. Fond tərəfindən elmi-tədqiqat proqramları, layihələri və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə müsabiqələrin təşkil edildiyini qeyd edərək, uğurlu layihələrin seçilməsi, beynəlxalq əlaqələrin təşkili istiqamətində aparılan işlərdən söhbət açdı. M.Kərimov elmi-tədqiqatların aparılması və mühüm elmi nəticələrin əldə olunmasında innovativ texnologiyaların tətbiqinin müasir dövrdə mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirərək dünyanın nüfuzlu şirkətlərinin istehsalı olan avadanlıq və cihazların alınması istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib.

Görüşdə ölkələr arasında elm və təhsil sahəsində davamlı əməkdaşlıq əlaqələrinin inkişafı, birgə elmi mərkəzlərin yaradılmasına dair layihələrin işlənməsi, beynəlxalq səviyyəli tədbirlərdə alim və mütəxəssislərin iştirakının əhəmiyyəti vurğulanıb. Tarixi həqiqətlərin ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət kəsb edən tarix və arxeologiya sahəsində birgə tədqiqatların aparılmasının, o cümlədən elmi muzeylər şəbəkəsinin yaradılmasının vacibliyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə