Xalqımızın Ümummilli Lideri Heydər Əliyev mədəniyyət, incəsənət adamlarının, jurnalistlərin, bir sözlə, yaradıcı insanların əsl himayədarı idi. Belə şəxslərin yaradıcılıq sahələrində böyük uğurlar qazanmalarına, əməklərinin qiymətləndirilməsinə diqqət və qayğı göstərirdi. Onlarla görüşəndə, səmimi söhbət edir, dəyərli məsləhətlər verir, tövsiyələrini bildirirdi. Mən də Ulu Öndərin bu yüksək insani keyfiyyətlərinin- səmimilik və mehribanlığının şahidi olmuşam. Dahi şəxsiyyət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyərkən, 1980-ci ildə Naxçıvan Muxtar Respublikasına səfər etmişdi. O, üzüm bağlarına baxdı, Arpaçay dəryaçasının tikintisi ilə maraqlandı. Şərur rayonunun ictimaiyyəti ilə görüşdü. Naxçıvan şəhərinin sənaye müəssisələrində, tikinti obyektlərində olub, əmək adamlarının iş və məişət şəraiti ilə maraqlandı. Babək, Ordubad, Culfa və Şahbuz rayonlarının zəhmət adamları ilə görüşüb, onları dinləyərək, qaldırdıqları məsələlərin həlli ilə bağlı tapşırıqlar verdi. Bütün bu görüşlərdə iştirak etmək, onun olduğu şəhər və kəndlərdə sosial-iqtisadi və digər məsələlərlə əlaqədar verdiyi tövsiyə və tapşırıqları muxtar respublikanın televiziya və radiosunda işıqlandırmaq mənə nəsib oldu. Ulu Öndər həmin səfərlərdə olanda, Naxçıvanda qonaq evində qalmışdı. Onun səfəri barədə televiziyanın "Xəbərlər" proqramında verilən süjetlərə baxıb və məmnun olduğunu bildirmişdi. O vaxt Naxçıvan MR-də Vilayət Partiya Komitəsinin birinci katibi işləyən K.Rəhimovu mənim əməyimi qiymətləndirməyi tapşırmışdı. Odur ki, mənə "Əməkdar Jurnalist" fəxri adı verildi.
Dahi insan 1990-cı ildə Bakıdan Naxçıvana - doğma yurduna qayıtmışdı, bacısı qızı Sənifə xanımın evində qalırdı. Naxçıvanda yaşayan jurnalistlərdən, ilk dəfə olaraq, Ulu Öndərdən müsahibə almaq üçün qaldığı evə getdim. Məqsədimi Ona bildirdilər. Çox çəkmədi ki, birmərtəbəli evin aynabəndinə gəldi. Biz Onu burada gözləyirdik. Bizimlə səmimi görüşdü, müsahibə verməyə hazır olduğunu bildirdi. Mən dahi şəxsiyyətə Naxçıvana gəlməsinin, burada yaşamasının səbəbi barədə suallar verdim. Bildirdi ki, Naxçıvan əhalisi blokada şəraitində yaşayır, çox çətinliklərlə üzləşib. Respublikamızın rəhbərliyi naxçıvanlılara lazımi köməklik etmir, çətinliklərin aradan qaldırılması üçün lazımi tədbirlər görülmür. Naxçıvanı bu ağır vəziyyətdən xilas etmək vacibdir. Sonra O, televiziyanın tamaşaçılarına ürək sözlərini bildirdi.
Ulu Öndər Heydər Əliyev çox çəkmədi, muxtar respublikanın rayonlarında oldu. Culfa, Ordubad və Şahbuz rayonlarında ziyalılar və əmək adamları ilə görüşdü. Qeyd edim ki, bu görüşləri də, dahi insan Azərbaycan KP MK-nın birinci katibi işləyəndə, rayon mərkəzlərində keçirdiyi görüşlər kimi, çox yüksək səviyyədə keçirdi. Həmin görüşlərin mətnində qeyd etdim ki, xalqın vətənpərvər oğluna tükənməz məhəbbəti heç vaxt azalmır. Dahi şəxsiyyətin nəcib və xeyirxah əməlləri insanların qəlbində əbədi yaşayır.
Emənilər Sədərək kəndini tez-tez atəşə tuturdular. Həmin görüşlərdə neçə-neçə mərd oğul şəhid olmuşdu. Ulu Öndərin müdrikliyi nəticəsində, Sədərək kəndi düşməndən qorundu. O, bir neçə dəfə Sədərəkdə oldu, əhali ilə görüşdü, onlara erməni işğalçılarından heç vaxt qorxmamağı tövsiyə etdi. Odur ki, heç bir sədərəkli doğma yurd yerindən qaçqın duşmədi. Dahi insanın Sədərək kəndində əhali ilə görüşlərini, Türkiyə ilə Sədərəyi birləşdirən "Ümid" körpüsünün açılışında iştirakını əks etdirən televiziya sujeti və radio mətni mənim tərəfimdən işıqlandırıldı.
Dahi dövlət və siyasi xadim Heydər Əliyevin Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikası Ali Sovetinə, Naxçıvan şəhərindən isə muxtar respublika Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülmüşdü. Bunu nəzərə alaraq, Onun yaşadığı evə getdim, aynabəndə gəldi, mənimlə səmimi görüşdü. Ümummilli Lider Heydər Əliyevi televiziya studiyasında deputatlığa namizəd kimi çıxış etməyə dəvət etdim. Xahişimi qəbul edib, studiyaya gəldi və seçicilərinə müraciətlə çıxış etdi. Seçicilərə deputat kimi görəcəyi işlər, Naxçıvan əhalisinin çörək qıtlığından qurtarması, sərhədlərinin qorunması üçün həyata keçiriləcək tədbirlərdən bu diyardan milli ordu yaradılacağı barədə ətraflı məlumat verdi. Onun Nehrəm kəndinin, eləcə də, Naxçıvan şəhərinin seçiciləri ilə görüşləri barədə "Xəbərlər" proqramında sujetlər verilməsini təmin etdim.
Ulu Öndər Heydər Əliyev zəkasını, müdrikliyini, uzaqgörənliyini, təcrübəsini yüksək qiymətləndirən 91 nəfər elm xadimi və ziyalı Ulu Öndərə məktubla müraciət edərək, Ondan yeni partiya yaratmasını xahiş etmişdilər. 21 noyabr 1992-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Mən bu konfrans barədə Naxçıvan Dövlət Televiziyasında, eləcə də, radioda məlumat verdim.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə Ali Məclisin sessiyaları keçirilirdi. Sessiya iclasları videoyazılara köçürülərək, televiziyanın efirinə verilirdi. Sessiyaların birində AXÇP-nin üzvü Həbib İsmayılov ayağa qalxıb, Ulu Öndərə dedi ki, Arif müəllimin tapşırığı ilə bəzi çıxışların videoyazısı aparılmır. Fasilədə Heydər Əliyev məni yanına çağırdı, videoyazının aparılmadığının səbəbini soruşdu. Mən texnikanın köhnə olduğunu və videolentin çatışmadığını bildirdim. Dedim ki, cəbhəçilər boşboğazlıq edir, onların çıxışları qısa yazılır, ən mühüm çıxışlar isə, bütövlükdə, lentə alınır. Mənim bu fikrimi bəyəndi. Hər sessiya başlamazdan əvvəl, məndən vəziyyətin necə olduğunu soruşurdu. Mən də bildirirdim ki, hər şey qaydasında gedəcək, sessiyanın iclası yazılıb efirə veriləcək. Deyə bilərəm ki, Ulu Öndərin Naxçıvanda yaşadığı və işlədiyi dövvrdə keçirdiyi tədbirlər xarici ölkələrin nümayəndələrini qəbul etməsi, ziyalılar və sadə insanlarla görüşləri muxtar respublikanın televiziya və radiosunda ətraflı işıqlandırıldı. Bu sahədə mənim də əməyim olduğundan, qürur duyuram. Xalqımızın müdrik oğlu Heydər Əliyevin jurnalistlərin yaxın dostu olduğu üçün fəxr edirəm. Onunla bağlı dəyərli anları heç zaman unuda bilmirəm.
Arif Həbibov,
Əməkdar jurnalist, Naxçıvan şəhəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB