Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasət dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir insana bərabər münasibətin nəticəsidir. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, burada bütün dinlərə mənsub insanlar rahat yaşayırlar, onlara eyni münasibət var. Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır.
Son illər Azərbaycanda bu mövzularda mötəbər beynəlxalq forumlar və konfranslar təşkil olunur. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycanın multikultural və tolerant bir ölkə olması, burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi, həmçinin, dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunması istiqamətində ölkəmizdə böyük layihələrin həyata keçirilməsi Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Bu gün ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri dünya ölkələrində təbliğ olunur və buna maraq artmaqdadır.
XARİCDƏ "AZƏRBAYCAN MULTİKULTURALİZMİ" FƏNNİNİN TƏDRİSİNİN COĞRAFİYASI GENİŞLƏNİR
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam etdirilir. Hazırda bu layihə çərçivəsində respublikamızın 38, dünyanın 20 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris olunur. Yeni dərs ilindən etibarən "Azərbaycan multikulturalizmi"nin tədris olunduğu xarici universitetlər sırasına Rumıniyanın Aleksandru İoan Kuza Universitetinin adı da əlavə olunacaq. Artıq BBMM ilə universitet rəhbərliyi arasında razılaşma da əldə olunub. Bu fənni filologiya elmləri doktoru Lyudmila Bejenaru tədris edəcək.
Onu da əlavə edək ki, BBMM-in sayca 9-cu filialının Rumıniyada açılması planlaşdırılır. Lyudmila Bejenaru, eyni zamanda, BBMM-in Rumıniya filialına rəhbərliyi həyata keçirəcəkdir.
Xatırladaq ki, Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında keçirilir. Dərslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin, öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə, multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr həm də Azərbaycanda qış və yay məktəblərində iştirak etmək üçün şans qazanırlar. Bu da, öz növbəsində, tələbələrə stimul verən amillərdən biridir. Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünün real həllini tapması məqsədilə aparılan ardıcıl və məqsədyönlü işlər öz yüksək nəticəsini verməkdədir. Xaricdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsi və gücünü də artırmaqdadır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB