Aydın Mirzəzadə: “Nəinki millət vəkilləri, bütün cəmiyyət danışıqların gedişi barəsində müfəssəl məlumata malikdir” - MÜNASİBƏT

Aydın Mirzəzadə: “Nəinki millət vəkilləri, bütün cəmiyyət danışıqların gedişi barəsində müfəssəl məlumata malikdir” - MÜNASİBƏT

Milli Məclisin yaz sessiyasının ilk iclası bir neçə maraqlı təkliflə yadda qalıb. Həmin təkliflərdən birini də millət vəkili İqbal Ağazadə səsləndirib. Azərbaycan parlamentində on ildir Qarabağ məsələsi ilə bağlı müzakirənin aparılmadığını deyən İ.Ağazadə bildirib ki, həm xarici işlər, həm də müdafiə naziri mövcud vəziyyətlə bağlı parlamentə dəvət olunmalı və millət vəkillərinə hesabat verməlidirlər. O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan millət vəkillərinin xəbərsiz olduğunu da dilə gətirib.

 

Maraqlıdır ki, İ.Ağazadə belə bir təkliflə bir müddət əvvəl də çıxış edib. Həmin vaxt Madrid prinsiplərinin detallarının tam açıqlanmalı və müzakirəyə çıxarılmalı olduğunu deyən millət vəkili Dağlıq Qarabağın ümummilli məsələ olduğunu qeyd edib.

 

Millət vəkili Aydın Mirzəzadə isə həmkarının fikirləri ilə razı deyil. SİA-ya açıqlamasında o, bildirib ki, "millət vəkilləri Dağlıq Qarabağ məsələsindən məlumatlı deyil" fikri yanlışdır. Nəinki millət vəkilləri, bütün cəmiyyətin danışıqların gedişi barəsində müfəssəl məlumata malik olduğunu deyən A.Mirzəzadə qeyd edib ki, danışıqlara rəhbərlik edən prezident İlham Əliyev danışıqların gedişi, qarşıya çıxan problemlər barədə cəmiyyəti vaxtaşırı məlumatlandırır".

 

A.Mirzəzadə bildirib ki, bütün cəmiyyətin məlumatı olduğu halda, millət vəkilinin danışıqlarla bağlı məlumatı olmaması onda təəccüb doğurur: "Dövlət başçısı danışıqlar barədə vaxtaşırı cəmiyyətə məlumat verməklə faktiki olaraq məsələ ilə bağlı fikir mübadiləsi aparır. Məsələnin Milli Məclisdə müzakirə edilməsinə gəlincə, parlamentin hər bir iclasını Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi hesab etmək olar. Dağlıq Qarabağ münaqişəsini o vaxt həll etmək mümkün olacaq ki, Azərbaycan çox qüdrətli olsun və bütün dünyanı həqiqətləri qəbul etdirmək səviyyəsinə çatsın. Qəbul olunan qərarlar və qərarlara düzəlişlər də buna xidmət edir. Hesab edirəm ki, məsələnin Milli Məclisdə ayrıca müzakirə edilməsinə ehtiyac yoxdur. Çünki, danışıqlar konfidensial gedir. Hansısa məlumatın sızması və başqa cür qiymətləndirilməsi danışıqlarda ciddi problemlər yarada bilər. Danışıqlarda müəyyən nəticəyə gəldikdən sonra məsələ parlamentdə müzakirə edilərək bir qərar verilə bilər".

 

İşğal olunmuş əraziləri haqqında qanunun qəbulu ilə bağlı Milli Məclisin iclasında səslənən təklifə də toxunan A.Mirzəzadə vurğulayıb ki, bu müzakiyə olunası məsələdir: "Dünya təcrübəsi öyrənilməlidir və ciddi götür-qoy etmək lazımdır ki, qanunun qəbulu nə verəcək. Məsələnin subyekti, bu subyektin hüquqi statusu ciddi şəkildə müzakirə olunmalıdır".

 

İranın son vaxtlar Azərbaycanın daxili işlərinə qarışmasına görə, parlament səviyyəsində rəsmi Tehrana etirazın bildirilməsinə gəlincə, millət vəkili bildirib ki, İranın rəsmi dairələri bu məsələdə Azərbaycana qarşı təhdidlərlə çıxış etmədiyi üçün Milli Məclis tərəfindən xüsusi bir qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Bununla belə o, parlamentdə, mətbuatda bu məsələnin müzakirə edildiyini və bundan sonra da ediləcəyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə