"Hər bir yeni müəssisənin açılışı məni sevindirir. Çünki hər bir müəssisənin açılışı yeni iş yerləri deməkdir. Mənə verilən məlumata görə, burada ilkin mərhələdə 30, sonra isə 150 yeni iş yeri yaradılacaq. Beləliklə, burada işsizliklə bağlı problemlər öz həllini tapacaq". SİA-nın məlumatına görə, bu sözləri Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində Prezident İlham Əliyev bildirib.
Ölkə rəhbəri əlavə edib ki, bütövlükdə Pirallahı rayonunda işsizliklə problem demək olar ki, yoxdur: "Son illərdə Pirallahı rayonunda çox böyük quruculuq-abadlıq işləri aparılıb, rayonun, adanın siması gözəlləşib, çox böyük inkişaf var, yaşayış binalarının təmiri, yeni ictimai zonaların, iş yerlərinin yaradılması, yeni körpünün salınması, yəni, bütün bunlar rayonun gələcək inkişafına qoyulan sərmayədir və rayona göstərilən diqqətdir.
Bu zavodda bizim siyasətimiz öz əksini tapır. Çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq. Bu, sənayemizin inkişafına verilən töhfədir. Ölkəmizdə sənaye istehsalı artır. Görülən işlər nəticəsində bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar. Beləliklə, biz biznes mühitinin yaxşılaşması nəticəsində yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB