Xəzər rayonunda uşaq hüquqları mövzusunda maarifləndirici tədbir keçirilib

Xəzər rayonunda uşaq hüquqları mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 2 fevral – Gənclər günü ərəfəsində Xəzər rayonundakı Mərdəkan Mədəniyyət Sarayında "Ombudsmanın uşaq hüquqlarının müdafiəsində rolu" mövzusunda tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdən əvvəl həmin mədəniyyət sarayında insan hüquqları mövzusunda kitab sərgisinin açılış mərasimi olub. Müvəkkil açılış mərasimində çıxış edərək, burada insan hüquqları mövzusunda ilk dəfə təşkil olunmuş həmin genişmiqyaslı sərginin məqsəd və məramının bu sahədə bilgilər vermək, bütün dünyada önəm verilən insan hüquqlarının təbliği və təşviqindən ibarət olduğunu iştirakçıların diqqətinə çatdırıb, ombudsman təsisatında hazırlanan hüquqi nəşrlərin-kitabça, broşür, liflet, hüquq terminləri lüğəti və plakatların, ümumən 41 adda 45 kitabın da sərgidə nümayiş etdirildiyini söyləyib. İştirakçılar sərgi ilə yaxından tanış olub, burada nümayiş etdirilən çoxsaylı hüquqi nəşrlər onlarda maraq doğurub.

Mədəniyyət sarayının iclas salonunda keçirilən tədbirdə E.Süleymanova bu əlamətdar günün qeyd edilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun dövlətin gənclər siyasətinin əsasını qoyduğunu, ölkə prezidenti İlham Əliyevin ulu öndərin yaratdığı bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. Ölkədə gənclərə daha çox etimad göstərildiyi, onların yüksək intellektə, bilik və bacarıqlara malik olması, ölkəmizdə gedən hüququ dövlət quruculuğunda, idarəetmədə və qərar qəbuletmədə iştirakı üçün geniş imkanlar yaradıldığı bildirilib.

Ombudsman bütün dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda respublikanın dinamik inkişaf tempi ilə fərqləndiyini, öz iqtisadi potensialını artıraraq öndər ölkələr sırasına çıxdığını, hərbi sənayesini yaratdığını, sosial problemlərin həllində uğurlar qazandığını, həm də hüquqi islahatlar diyarı kimi tanındığını söyləyib. Müvəkkil uşaq hüquqlarının da insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu və dövlətimizin bu hüquqların qorunmasına da tam təminat verdiyini vurğulayıb. Ölkə konstitusiyasında, milli qanunvericilik aktlarında, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunan hüquqlar – təhsil, əmək, iştirak, birləşmək, məlumat əldə etmək, istirahət etmək və asudə vaxt keçirmək, sağlam ətraf mühitdə yaşamaq və digər hüquqlar barədə, həmçinin Ombudsmanın səlahiyyətləri haqqında iştirakçılara ətraflı məlumat verilib.

Ombudsman İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə bu il iyul-sentyabr aylarında ölkəmizin bütün rayonlarında keçirdiyi silsilə ictimai dinləmələr çərçivəsində uşaq evlərinə və pansionatlara baxışlar keçirdiyini, uşaqların problemlərini araşdırdığını söyləyib. Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və onun nəzdində Liderlik Məktəbi haqqında ətraflı məlumat verilib, tədbirdə iştirak edən məktəblərin şagirdləri bu şəbəkədə iştiraka dəvət olunub.

Sonda Ombudsman tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə