Gənclər günü münasibətilə Liderlik Məktəbində tədbir keçirilib

Gənclər günü münasibətilə Liderlik Məktəbində tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində 2 fevral-Gənclər günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Ombudsman Aparatının əməkdaşları R.Rumzadə, F.Ağayev, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin və Tatar icmasının "Tuqantel" təşkilatının sədrləri və üzvləri, həmçinin Liderlik Məktəbinin yetirmələri və valideynlər iştirak ediblər. Ombudsman Aparatının əməkdaşları tədbirdə çıxış edərək iştirakçılara Gənclər günü münasibətilə müvəkkilin təbriklərini, xoş arzularını çatdırıblar. Bu gün ölkə gənclərinin dövlət quruculuğunda, respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsində fəal iştirak etdiyi, gənc nəslin hərtərəfli inkişafı, təhsili, intellektual səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik ruhunda yetişməsi, fiziki tərbiyəsi, məşğulluğu istiqamətində təsirli tədbirlər həyata keçirildiyi vurğulanıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin bünövrəsini qoyduğu, bu sahəyə mühüm prioritetlərdən biri kimi dəyər verərək, ölçüyəgəlməz fəaliyyət göstərdiyi diqqətə çatdırılıb, 2 fevral-Gənclər gününün məhz ulu öndərin gənclərə töhfəsi olduğu önə çəkilib. Ölkə prezidenti cənab İlham Əliyevin gənclər sahəsindəki siyasəti uğurla davam etdirdiyi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində böyüyən nəslin, o cümlədən uşaqların və gənclərin təhsilinə, sağlamlığına, ahəngdar inkişafına yönəlmiş qayğı və diqqətin mühüm yer tutduğu qeyd olunub. Əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən uşaq və gənclərin hüquqlarının müdafiəsi və həyata keçirilməsinə müvəkkilin daim diqqət yetirdiyi qeyd olunub, pozulan hüquqlarının bərpası istiqamətində gördüyü işlər barədə məlumat verilib. Hər bir gəncin, hüquqları pozulduğu halda, Müvəkkilə müraciət etməsinin mümkünlüyü qeyd edilib.

Liderlik Məktəbində Uşaq Hüquqları Konvensiyası üzrə təlimlər təşkil olunduğu, tam kursu bitirərək sertifikat alanların trenerlər kimi öz yaşıdlarına uşaq hüquqlarının öyrənilməsi və təbliği üzrə məşğələlər keçdiyi, bu Konvensiyanın ölkənin şəhər və rayonlarında məktəblilərə öyrədilməsinin təşkil olunduğu diqqətə çatdırılıb. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyi və Tatar icmasının "Tuqantel" təşkilatının nümayəndələri Azərbaycanın ictimai-siyasi həyatında gənclərin rolunun artdığını, onların ictimai fəallığının yüksəldiyini diqqətə çatdırılmış, insan hüquq və azadlıqlarının təmin olunmasında cəmiyyətin bütün təbəqələri ilə yanaşı, gənclərin də üzərinə mühüm vəzifələrin düşdüyünü bildiriblər. Həmin təşkilatların təmsilçiləri ölkəmizdə gənclərin intellektual səviyyəsinin daha da artırılması, mövcud problemlərin həlli istiqamətində fəaliyyətləri, həyata keçirilən layihələr, tədbirlər, beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri barədə iştirakçılara məlumat veriblər. Gənclərin problemlərinin həllinə erkən yaşlardan başlamağın zəruriliyi qeyd edilib, köməyə daha çox ehtiyacı olan zəif qrupların, o cümlədən uşaq və gənclərin vəziyyətinin araşdırılması, onların prioritetlərinin və ehtiyaclarının müəyyənləşdirilməsi naminə dövlət qurumlarının, ictimai təşkilatların, bütünlükdə vətəndaş cəmiyyətinin səylərinin daha çox birləşdirilməsinin vacibliyi qeyd edilib.

Tədbirdə uşaq və gənclərin çoxsaylı sualları cavablandırılmış, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Qonaqlar Liderlik Məktəbi yetirmələrinin intellektual səviyyəsini yüksək dəyərləndirib, tədbirin təşkilinə və faydalı fikir mübadiləsinə görə müvəkkilə təşəkkürlərini bildiriblər. Tədbir canlı diskussiya, interaktiv müzakirələrlə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə