BMqT Missiyasının Azərbaycandakı rəhbəri Dövlət Komitəsinin sədri ilə görüşüb

BMqT Missiyasının Azərbaycandakı rəhbəri Dövlət Komitəsinin sədri ilə görüşüb

Bu gün Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşüb.

Miqrasiya Agentliyindən SİA-ya verilən məlumata görə, Vladimir Qyorqiyev Azərbaycanda BMqT tərəfindən həyata keçirilən və məcburi köçkünləri də əhatə edən Kəhriz layihəsi barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, hazırda təşkilatları tərəfindən təsdiq üçün təqdim olunan iki yeni layihə məcburi köçkünlər də daxil olmaqla həsas icmalara aiddir. Onun sözlərinə görə, BMqT ölkədəki missiyası bu layihələr çərçivəsində dövlət qurumları ilə və ilk növbədə Dövlət Komitəsi ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Komitə sədri qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı humanitar problemlər barədə məlumat verdi. Rövşən Rzayev münaqişənin 1 milyon 200 min qaçqın və məcburi köçkünün evini tərk etməyə məcbur etməsini və bu münaqişədən ölkədə ciddi problemlər yarandığıı qeyd etdi. O bildirdi ki, Azərbaycanda hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin və maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün həyata keçirilən işlərin miqyası böyükdür.

Ölkədə qaçqınlara və məcburi köçkünlərə humanitar yardım üzrə beynəlxalq təşkilatların fəaliyyətindən danışan Rzayev bu istiqamətdə BMqT tərəfindən həyata keçirilən layihələrin vacibliyini vurğuladı və görülən işlərə görə öz minnətdarlığını bildirdi.

Görüş zamanı tərəflər arasında əməkdaşlıq imkanları, yeni layihələr üçün təkliflər müzakirə olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə