Ölkəmizdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub

Ölkəmizdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub

"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü, vətənpərvər ruhlu yeni nəsil yetişib". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin fəalı, tələbə Cəmilə İsmayılova deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünya ölkələrinə nümunə olacaq bir səviyyədədir: "Ölkəmizdə gənclər siyasəti bu gün müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib".

"Əlbəttə ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində fəallığı ilə seçilir, siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Son bir neçə il ərzində, bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir" deyən C.İsmayılova onu da bildirib ki, ölkədə xüsusi qayğıya ehtiyacı olan, istedadlı gənclər üçün sosial layihələr həyata keçirilir: "Fevralın 1-də Cənab Prezidentin gənclərlə tarixi görüşü bizlərə Öz dəstəyini nümayiş etdirdi və mühüm tövsiyyələr verdi. Qeyd etdi ki, gənclər təhsilə xüsusi önəm verməli, daima öz bilik və bacarıqlarını inkişaf etdirməlidirlər. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin artırılması, eyni zamanda, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı imzaladığı sərəncamlar gənclərə göstərilən qayğının və dəstəyin əyani sübutudur. Bu sərəncamlar gənclərin təhsilə marağını daha da artırmaqla yanaşı, onların daha yaxşı oxumalarına yeni stimul olacaq".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə