Müasir dünyada mötəbər beynəlxalq mədəniyyət və idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edən Azərbaycan, bütün sahələrdə olduğu kimi, bu sahədə də əsl yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda dünyanın idman ictimaiyyətinin diqqətini çəkən ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkili ölkəmizin iqtisadi gücünü də ortaya qoymuş olur.
Belə ki, ölkəmizdə yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı, boks üzrə dünya çempionatı və s. keçirilib. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, yuxarıda dediklərimizi əyani şəkildə təsdiq edir. Heç şübhəsiz ki, bu sınaqdan da Azərbaycan uğurla çıxaraq, dünyaya göstərdi ki, müstəqil və dinamik inkişaf edən Azərbaycan hər şeyə qadir olan ölkədir. Bu, Azərbaycanın dünyada təbliğ olunması baxımından da, olduqca böyük əhəmiyyət kəsb edir.
Sözsüz ki, bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan inkişaf dövrünə qədəm qoyub. Ümummilli Lider ölkəmizdə sağlam gənc nəslin yetişməsində və uğurlarımızın təbliğində idmanın rolunu həmişə yüksək qiymətləndirib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İnsanların fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.
İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançıları 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülmələri böyük tarixi nailiyyətdir.
Azərbaycanda keçirilən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ölkəmizin dünyaya sülhün, tərəqqinin, birliyin və dostluğun tərəfdarı olduğunu bir daha bəyan etdi. Ölkəmiz oyunlara yüksək səviyyədə ev sahibliyi etdi. Bakı əsrlər boyu humanizm dəyərlərinə önəm vermiş, insanlara qarşı həssas və qayğıkeş və qonaqpərvərdir. Əmin-amanlıqla, xoş münasibətlə qonaqları və idmançıları qəbul edən Bakı sona qədər də bu şəkildə öz missiyasını davam etdirdi. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərdi. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində mümkün oldu.
2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə Azərbaycan komandası layiq görüldü. Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışların bütün dünyanın diqqətini cəlb etdiyini çıxışlarının birində bildirən Prezident İlham Əliyev güclü iqtisadi imkanlarımız, beynəlxalq mövqelərimizin gücləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın çox hörmətli ölkə kimi qəbul edilməsinin, əlbəttə ki, bizim ümumi uğurlarımıza şərait yaratdığını bildirib: "İdmançılar cəmiyyətdə böyük hörmətə malikdirlər. Onu da qeyd etmək istəyirəm ki, idmançılarımızın mütləq əksəriyyəti, xüsusilə, bizim tanınmış idmançılarımız məişətdə də gənclər üçün nümunədir. İdmançılarımızın qələbələri və dövlət tərəfindən onların mükafatlandırılması uşaq, yeniyetmə və gənc idmançılarda da ruh yüksəkliyi yaradır. Onlar da görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaq istəyirlər və istəyirlər ki, xalq onları da tanısın və onlara da hörmət etsin".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB