Arif Quliyev: “Əgər Ukraynada yaşayan soydaşlarımız arasında maarifləndirmə işini yaxşı qursaq bunun gələcəkdə bəhrəsini görəcəyik”- Açıqlama

"Ukrayna Azərbaycanlıları Konqresi Kiyev Təşkilatının təşkilatçılığı ilə bir çox layihələr həyata keçirilib ki, onlardan biri də yaxın günlərdə reallaşdı. Kiyev və Bakı təhsil idarələrinin əməkdaşlığından başqa, sözügedən təşkilatımız Amerikada yaşayan Yuri Siqovun "Azərbaycan Şərq və Qərb arasında" kitabını Ukrayna dilinə tərcümə etmişik".

 

Bunları SİA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev Təşkilatının sədr müavini, Ukrayna Azərbaycanlılarının Təhsil, Elm-Mədəniyyət və İdman Mərkəzinin direktoru, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru Arif Quliyev deyib.

 

O bildirib ki, bu kitab ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə işıq üzü görüb: "Mən tarixçi olsam da sözügedən kitabda Azərbaycanla bağlı bilmədiyim elə faktlara rast gəlmişəm ki, bunları çoxlarımız bilmirik. Bu kitabdakı dolğun məlumatlar imkan verir ki, Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyəti də oxuya bilsin. Diasporumuzın bir məqsədi var, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşatmaq, milli maraqlarımıza xidmət etmək.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşdüyünü deyən A.Quliyev bildirib ki, qurum rəhbəri bir çox məsələlərdə bizə dəstək verməyə hazır olduğunu hər zaman dilə gətirir: "İstər Ukraynada yaşayan istedadlı azərbaycanlı balalarının, istərsə də digər xarici ölkələrdə təhsil alan gənclərin bütün xərclərini komitə öz üzərinə götürüb. Bu çox təqdirəlayiq haldır. Əgər Ukraynada yaşayan soydaşlarımız arasında maarifləndirmə işini yaxşı qursaq bunun gələcəkdə bəhrəsini görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə