İsmayıllıda Ulu Öndərin 96 illliyinə həsr edilmiş tədbir keçirilib

İsmayıllıda Ulu Öndərin 96 illliyinə həsr edilmiş tədbir keçirilib

YAP İsmayıllı rayon təşkilatı və İsmayıllı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdən öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər çiçəklər qoyaraq, Onun əziz xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əmədova açaraq qeyd edib ki, Dahi Öndər Heydər Əliyevin dövlətimizin inkişafı, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığı uzaqgörən siyasət bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan, bu gün artıq dünyanın inkişaf tempinə görə, öncül mövqelərdən birini tutan ölkəsinə çevrilib. Əldə olunan yüksək göstəricilər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial islahatların nəticəsidir.

Daha sonra məruzə ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədr müavini Zaur Muradov, İvanovka kənd ərazi ilk partiya təşkilatının sədri Olqa Radayeva, YAP İsmayıllı rayon təşkilatının fəallarından Gülşən İldırımlı qeyd ediblər ki, Ulu Öndərimiz Heydər Əliyev Böyük Şəxsiyyət olaraq, cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün zəruri tədbirləri həyata keçirib.

Bildirilib ki, hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında Ümummilli Öndər Heydər Əliyevin yetirməsi, Onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən Prezident İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir.

Tədbirin sonunda iştirakçılar Təzəkənd kənd tam orta məktəbinin şagirdi Gülsüm Əsgərlinin ifasında şeir kompozisiyasını dinləmiş və bir qrup gəncə partiya üzvlük biletləri təqdim edilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə