“Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabının təqdimatı olub FOTOLAR
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Səbail Rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir və “Müstəqil Azərbaycan dövlətinin qurucusu” adlı kitabın təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ulu Öndərin siyasi fəaliyyətindən danışıb.
O qeyd edib ki, Heydər Əliyev ömrünün böyük hissəsini doğma Vətəninin inkişafına və xalqının rifahına həsr edib. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müstəqil Azərbaycanın qurucusuna çevrilən Ulu Öndərin siyasi-ideoloji irsi Azərbaycan xalqının milli sərvətidir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Ümummilli Liderin fəaliyyətinin əsasında dayanan xilaskarlıq missiyası onun Vətən, xalq sevgisindən qaynaqlanırdı.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydər qeyd edib ki, Ulu Öndərin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitliyə və tərəqqiyə nail olunub. Məhz ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə edilib. Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin davamı olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb və bununla da Azərbaycanın etibarlı tərəfdaş ölkəyə çevrilməsi təsbit olunub. “Əsrin müqaviləsi”nin nəticəsi olaraq, iri həcmdə xarici sərmayə Azərbaycan iqtisadiyyatına cəlb edilərək ölkənin inkişafında əvəzsiz rol oynayıb. Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Hazırda Azərbaycan dünyada sülhün, əmin-amanlığın nümunəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, 1993-cü il iyunun 15-nin Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olması səbəbsiz deyil. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf yoluna çıxdı. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilib. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ilk gündən Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi.
Millət vəkili Hadı Rəcəbli Ulu Öndər Heydər Əliyev haqqında danışarkən bildirib ki, Azərbaycan xalqı may ayının 10-nu - öz böyük oğlu Heydər Əliyevin anadan olduğu günü tarixin ən əziz günlərindən biri kimi qeyd edir: "Ulu Öndər Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomenə çevrilmişdir. Bu fenomenin bu böyük insanın öz millətinə, Vətəninə həsr olunan şərəfli ömür yolu, bir qərinədən artıq Azərbaycana rəhbərlik fəaliyyəti, xalqın öz həqiqi liderinə olan böyük sevgisi və inamı yaratmışdır. Və bu gün Ümummilli Liderimizin xatirəsi Onu həmişə əziz tutan milyonları bir daha öz işığına toplayır, öz nuruna bürüyür".
Millət vəkili Musa Quliyev bildirib ki, müstəqil Azərbaycanı böyük dünya siyasətinə qovuşduran siyasi Liderin - Heydər Əliyevin həyatı və irsi barədə düşünərkən gözlərimiz önündə Onun heyrətamiz intellekti, işıqlı ideyaları, xüsusilə, dəyərli əxlaqi və siyasi siması canlanır: "Bu dahi şəxsiyyətlə bağlı hər hansı bir fikir söyləyərkən, böyük şərəf və məsuliyyət hissi keçirirsən. Çünki fərdi-subyektiv ölçülərə sığmayan Ulu Öndər Heydər Əliyev şəxsiyyətıni dəyərləndirməyə cəhd etmək tarixə, zamana və gələcəyə qiymət vermək qədər çətindir. Ona görə də, Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında Onun qədər misilsiz xidmətlər göstərən dövlət adamı tapmaq çətindir. Bu mənada, o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan Ümummilli Lider Liderimiz olmaqla yanaşı, həm də bütün dünyanın etiraf etdiyi görkəmli Liderdir".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycanın qurucusu, ölkəmizin dünyaya tanıdılması istiqamətində böyük işlər görən Heydər Əliyev siyasətindən danışaraq bildirdi ki, Ümummilli Liderin adı hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və digər yüksək insani dəyərləri ilə unudulmaz iz buraxıb: "Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub-saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. Azərbaycanın hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur. Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin dəyəri, məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala və malik olduğu zəngin təcrübəyə əsaslanmasında idi".
Tədbirdə çıxış edən "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ilk növbədə, böyük AZƏRBAYCANLI olduğunu qeyd edib: "Ulu Öndər Heydər Əliyev, ilk növbədə, böyük azərbaycanlı idi və Onun bizlərə miras qoyduğu azərbaycançılıq ideologiyası xalqımızın və dövlətçiliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rolunu oynayıb".
B.Quliyev onu da vurğulayıb ki, məhz Ulu Öndərin uzaqgörənliyi nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi forlamalaşdırılmağa başlandı və nəticədə qüdrətli və güclü dövlətin təməlləri qoyuldu: "Bu danılmaz reallıq ölkəmizin çoxşaxəli inkişafında, sabitliyə doğru irəliləməsində, dünya birliyində layiqli yer tutmasında və bu birlikdə yer almasında öz müsbət təsirlərini göstərdi. Azərbaycan xalqı əminliklə öz Liderinə etimad etdi və bu etimad, təbii ki, hər bir azərbaycanlının gələcəyə inamlı baxışında öz təşəkkülünü tapmış oldu".
B.Quliyev, həmçinin bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi ideyasındakı təməl prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qurduğu siyasi konsepsiyası olub: "Çünki hər bir xalqın özünəməxsus milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı, bilavasitə dövlətçilik, Azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu. Və bu gün həmin gerçəklik bir ənənə şəklini alıb və əbəs deyil ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq qiymətləndirilir. Bu kursu davam etdirməklə yanaşı, həm də inkişaf etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməlində azərbaycançılıq ideologiyasından qaynaqlanan xalq-iqtidar vəhdəti dayanmaqdadır".
Tədbirdə millət vəkili, politoloq Elman Nəsirli çıxış edərək Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açıb. Vurğulayıb ki, bu dahi şəxsiyyət zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrilib.
Tədbirin sonunda YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişayında böyük uğurlara nail olunduğunu vurğulayıb. Bildirib ki, iqtisadiyyatı güclü olan dövlət də güclüdür: "Qeyd etmək lazımdır ki, hələ sovet dövrünün sonu və müstəqilliyin ilk illərində (1988-1993) bir-birini tez-tez əvəzləyən və hakimiyyəti qanunsuz, zorla ələ keçirən səriştəsiz, səmərəsiz idarəçiliyə malik olan və milli maraqları arxa plana keçirən biabırçı hakimiyyətlər dövrü iqtisadi inkişafımızı, ən azı 13 il geri salmışdı. Bu fakt statistik göstəricilərdə də öz təsdiqini tapır. Belə ki, 1993-cü ildə ölkəmizdə istehsal olunmuş ümumi daxili məhsul iki dəfədən çox aşağı düşərək 1988-ci ilin müvafiq göstəricisinin 49,9 faizinə bərabər olmuşdur. Ölkəmiz itirilmiş iqtisadi potensialını yalnız 13 ildən sonra tamamilə bərpa edə bildi və məhz Ulu Öndər Heydər Əliyev və Onun layiqli siyasi varisi Prezident İlham Əliyevin siyasəti sayəsində bu dövrdə istifadə olunması mümkün olan bütün iqtisadi və siyasi resurslardan, düzgün dövlət idarəçiliyi sisteminin üstünlüklərindən məharətlə və daha səmərəli istifadə etməklə ölkəmizi düçar olduğu, nəinki iqtisadi, siyasi, mədəni və institusional böhran vəziyyətindən xilas olunmasına, eləcə də, ölkədə ictimai-siyasi sabitliyə, iqtisadi və sosial yüksəlişə, vətəndaş birliyinə nail olundu. Ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etməklə, sözün əsl mənasında, böyük xilaskarlıq missiyasını həyata keçirmiş Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi missiyalarından biri də özünün etibarlı siyasi varisini müəyyənləşdirməsi və qurucusu olduğu müasir Azərbaycanı etibarlı əllərə əmanət etməsi oldu. Azərbaycan dövlətçiliyinin gələcək inkişaf yolu və siyasi xəttini hər zaman düşünən Ulu Öndər Heydər Əliyevin İlham Əliyev haqqında Azərbaycan xalqına tarixi müraciətində dediyi: "...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər".
Sonra qonaqlar muzeyin foyesində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi ilə tanış olublar. Nəfis tərtibatla nəşr olunan kitab tədbir iştirakçılarına təqdim olunub.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB