Qloballaşan cəmiyyətimizdə multikultural milli–mənəvi dəyərlərin təbliği
Hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Sevindirici haldır ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərə sadiqdir, dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini qoruyur. Şübhəsiz ki, hər bir xalqın mədəniyyəti başqa mədəni dəyərlərdən bəhrələnməlidir, əks halda o inkişaf prosesindən geri qala bilər. Mənəvi dəyərlərin meydana gəlməsi bəşər övladının öz yaşam kriteriyalarının və canlı aləmlə qarşılıqlı münasibətləri zəminində əxlaqi kodekslərin bərqərar olunması zərurəti ilə şərtlənib. İlkin dövrlərdə dinlər cəmiyyətin həyatını nizama salıb, qayda-qanunları təsbit edib, əxlaqi kriteriyaların bərqərar olunmasını təmin edib. Sonralar milli mədəniyyətlər formalaşıb və dünya bu sahədə zənginliklər qazanıb. Lakin etiraf etməliyik ki, sonrakı dövrlərdə dinin kontekstdən çıxarılması nəticəsində onun onun elmi-texniki inkişafa qarşı çıxması, elmi, təhsili, mədəniyyəti və incəsənəti yalnız dini ehkamlar çərçivəsində görmə cəhdləri bir çox cəmiyyətlərin inkişafına mane olub.
Müasir dünyaya nəzər yetirsək, milli və mənəvi dəyərlərin qarşılıqlı inteqrasiyası əvəzinə onların süni yaradılmış qarşıdurması çoxlu problemlər yaradıb. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya din və məzhəb qarşıdurmalarının, etnik toqquşmaların, faşizm meyillərinin şahididir. Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, etnik qarşıdurma və terror aktları, müxtəlif etnik qrupların və fərqli din mənsublarının birgə yaşadığı ölkələrdə bəzi qərb dairələri tərəfindən qızışdırılan vətəndaş müharibələri davamlı xarakter alıb. Bəzi cəmiyyətlərdə (Yaponiya, Şimali Amerika, Avropa, Rusiya, Çin və s.) dinin cəmiyyətin həyatında yerinin dəqiq müəyyən edilməsi həmin cəmiyyətlərdə ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bilib. Bəzilərində (Əfqanısan, İraq, Misir, Liviya, Pakistan və s). isə əksinə olub. Beləliklə, dünyanın hazırkı reallıqlarından yanaşsaq, dinin mahiyyəti kimi rolu da fərqli istiqamətə yönəldilib.
Müasir dövrdə dünya birliyi yeni çağırışlar və təhdidlər qarşısındadır. Qloballaşma prosesinin təsiri altında hətta dünyanın ən ucqar nöqtələrində baş verən hadisələr belə planetar prizmadan mühüm əhəmiyyət kəsb edir. Günümüzdə dünyanın harasında baş verməsindən asılı olmayaraq, etnik separatizm, dini ayrı-seçkilik, radikalizm, terrorizm və digər bu kimi trendlərin xüsusiyyətləri yerli çərçivəni çoxdan aşmışdır. Ən qorxulusu isə odur ki, baş verənlərə ədalətli yanaşma olmadıqda və ya proseslərin tənzimlənməsində beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmadıqda bəşəriyyətimizin qarşısında dayanan təhdidlər daha da mürəkkəb xarakter alır və müxtəlif radikal meyillərin güclənməsinə səbəb olur.
Yeni minillikdə qlobal müstəvidə ən mühüm çağırışlardan biri kimi fərqliliklərin – fərqli sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, hətta xalqların birgəyaşayış fəlsəfəsi ilə bağlı baş verən dəyişiklikləri və miqrasiya proseslərinin təsirini fərqləndirmək olar. Çünki İkinci Dünya müharibəsindən sonra Qərbin artmaqda olan dominant mövqeyi cəmiyyətin həyatında “birgəyaşayış və miqrasiya” nisbətini müəyyənləşdirmişdir. Bu model Qərb ölkələrinin ucuz işçi qüvvəsini mexaniki olaraq qəbul etməsi və yeni gələnlərin vahid, heç bir milli-mədəni-dini xüsusiyyətini nəzərə almayan universal dəyərləri qəbul etməsi üzərində qurulmuşdur. Sonrakı proseslər göstərdi ki, bu siyasət işçi miqrantların Qərb dəyərlərinə uyğunlaşdırılmasına deyil, daha çox təcrid olunmasına yönəlmişdir. Avropada yeni sakinlərə sanki “istismar müddəti” başa çatdıqdan sonra geri qayıtmalı olan miqrantlar kimi baxılırdı. Bu prosesdə “Qoca qitə”nin yeni sakinlərinin yalnız birinci nəsli ilə bağlı problem yaşanmadı. Artıq ikinci nəsil miqrantların təhsil, sosial, dini ibadət, ailə kodeksi və mədəni dəyərlərinin nəzərə alınmaması Avropanın özünün elan etdiyi demokratik prinsiplər və multikultural dövlət doktrinası ilə ziddiyyət təşkil edirdi. Bütün bunlar üçüncü minilliyə doğru Avropa ölkələrinin daha əvvəl bəyan etdikləri prinsiplərdən geri çəkilməsinə səbəb oldu.
Bu mərhələdə Avropa ölkələrinin liderlərinin bəyan etdiyi multikulturalizm müstəmləkələrdən gələn yeni sakinlərin Qərbin vahid dəyərlər sisteminə daxil olması və miqrantların assimilyasiyasına yönəlmiş ideologiyaya xidmət edirdi. Lakin hadisələr göstərdi ki, Qərbin müstəmləkə siyasəti həmin dövrdən etibarən tamamilə əks effekt verməyə başlamışdır. Avropalıların “böyük coğrafi kəşflər” dövründən başlayan qanlı işğalçılıq siyasətindən fərqli olaraq miqrantlar Avropada səssiz-səmirsiz məskunlaşmaqla bu məkanı “işğal” etməyə başladılar. Keçən dövr ərzində isə fərqli mədəniyyət daşıyıcılarını universal modelə tam uyğunlaşdırmaq, “Qoca qitə”də mozaik cəmiyyət yaratmaq mümkün olmadı .
Qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti ilə bağlı mülahizələr də bu mərhələdən başlayaraq səslənməyə başlandı. Burda əsas səbəb olaraq dominant etnosun yalnız öz mədəni və dini dəyərlərinə üstünlük verməsini göstərmək olar. Qərbin gözündə yeni gələn miqrantlar mühacir qəbul edən cəmiyyətin yeknəsəq tərkib hissəsi olmalıdır. Onların fərqli davranış və ya əxlaq normaları Qərb dəyərləri ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir. Lakin hətta ikinci və üçüncü nəsil miqrantların uyğunlaşma problemləri və dini-mədəni ənənələri saxlaması multikultural siyasətdə nəyinsə çatışmadığını göstərdi. “Qoca qitə”də Qərb dəyərlər sistemindən fərqli dəyər daşıyan yeni sakinlərin problemlərinin həllinə Avropa dövlətlərinin liderləri “kim bizim kimi deyilsə, bizimlə yaşaya bilməz” fəlsəfəsi ilə baxmağa başladılar. Bu isə islamafobiya, ultramillətçilik, radikalizm meyillərinin və paralel olaraq beynəlxalq terrorizm şəbəkəsinin “ədalətli dünya” qurulması ilə bağlı çağırışlarına qoşulanların sayının artmasına səbəb oldu.
Əslində isə dünyada artmaqda olan fərqliliklər arasında toqquşma və ziddiyyətlərin fonunda bəşəriyyətin gələcəyinə əsas ümid dialoq və harmoniyayadır. Çünki tarixi inkişaf boyu biz fərqli dinlər, mədəniyyətlər və sivilizasiya daşıyıcılarının eyni məkanda bərabər şərtlərlə yanaşı və birgə yaşamasının mümkün olduğu kimi, olmadığı hallarla da dəfələrlə rastlaşmışıq. Fərqli zamanlarda xristian və islam, xristian və bütpərəst, islam və bütpərəst, eləcə də Qərb və Şərq dəyər daşıyıcılarının ziddiyyəti onların bir-birindən təcrid olunmuş şəkildə yaşamasını şərtləndirmişdir və onların bir-birinə qarşı dözümlülüyünün yalnız bərabər gücə malik olduqları hallarda mümkün olduğunun şahidi olmuşuq. Müasir dövrümüzdə isə qloballaşma proseslərinin bu qədər dərininə inkişaf etdiyi bir dövrdə artıq bu mümkün deyil. Qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı olmadan mövcud ola bilməz. Artıq dünyada monokultural və monoetnik cəmiyyət və ölkə anlayışı qəbul olunmur. Beynəlxalq münasibətlərdə də − istər siyasi, istərsə iqtisadi və ya mədəni sahə olsun − hər hansı dövlət özünütəcrid şəraitində inkişaf edə bilməz. Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər. Dünyada çox az sayda mövcud olan monoetnik ölkələr isə ya coğrafi, tarixi, siyasi səbəblərdən təcrid olunmuşdur, ya da bu, ölkədə aparılan şovinist və dözümsüzlük siyasətinin təzahürüdür. Misal üçün, monoetnik ölkə olan Ermənistanda bu, digərlərinə qarşı dözümsüzlük ideologiyasının nəticəsidir. Bu mənada Azərbaycan bütün dünyaya örnək ola biləcək dəyərlərə sahibdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin aprel ayında Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılışında səsləndirdiyi fikirlər Azərbaycanda cəmiyyətin multikultural həyat tərzinə baxışını çox dəqiqliklə ifadə edir: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb”. Keçən tarixi zaman kəsiyi təsdiq etmişdir ki, Azərbaycan “sonrakı” müxtəlifliyi öz dəyərlər sistemində xüsusi yer ayırmaqla qorumuşdur. Bu isə vətənimizin “ilkin” və “sonrakı” müxtəlifliyin bərabər şərtlər altında birgəyaşayış fəlsəfəsini və multikultural dəyərlər münasibətini ortaya qoyur. Fərqli dəyər sistemi dayışıcılarını qəbul edə bilməyən və bununla da multikultural cəmiyyətin gələcəyinə şübhə ilə yanaşan Avropadan fərqli olaraq, Azərbaycanda “ilkin” və “sonrakı” müxtəlifliklərin birgəyaşayışına əsaslanan multikultural dəyərlər böhran yox, intibah yaşayır. Çünki multikulturalizm Azərbaycanda həyat tərzidir.
Günel Məmmədova,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin koordinatoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB