HEYDƏR ƏLİYEV – Müstəqil Azərbaycan dövlətinin qurucusu

HEYDƏR ƏLİYEV – Müstəqil Azərbaycan dövlətinin qurucusu

Şəmsəddin HACIYEV,

Milli Məclisin deputatı,
YAP Səbail rayon təşkilatının sədri,
iqtisad elmləri doktoru, professor

Bir neçə gündən sonra Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının xilaskarı və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu öndər Heydər Əliyevin anadan olmasınnın 96 ili tamam olur. Zaman keçdikcə bənzərsiz Heydər Əliyev dühasının əzəməti, Onun böyüklüyü, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır.

Dünyada prezidentlər də çox olub, rəhbərlər də. Lakin öz xalqı və dövləti üçün gördüyü işlərin miqyasına və əhəmiyyətinə görə Ümummilli Lider səviyyəsinə yüksələn rəhbərlər çox az olub. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman-türk dünyasının bugünədək gəlmiş-keçmiş görkəmli öndərlərindən biridir. Heç bir rəhbər özünü xalqının lideri elan etmir, xalq özü liderini seçir və onun ardınca gedir.

Heydər Əliyev tarixin gedişatını dəyişə bilən, yeni tarix yaradan dövlət xadimi idi. Onu Mustafa Kamal Atatürklə, Uinston Çörçillə, Den Syaopinlə müqayisə etmək olar. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycana zaman-zaman böyük dövlət xadimləri, sərkərdələr, siyasətçilər rəhbərlik etmişlər. Lakin Heydər Əliyev qədər Azərbaycan tarixində mühüm rol oynayan, xalqına, millətinə və dövlətçiliyinə xidmətlər göstərən, onun inkişafı üçün sözün tam mənasında xilaskarlıq missiyasını yeyinə yetirən ikinci dövlət xadimini təsəvvür etmək çox çətindir. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi hər iki hakimiyyəti dövründə xalqı üçün gördüyü taleyüklü işlərin əhəmiyyətinə görə Azərbaycanın bütün dövlətçilik tarixində heç kimlə müqayisə olunmayan böyük dövlət xadimidir. Heç də təsadüfi deyildir ki, Heydər Əliyev bü gün dünyada müasir, müstəqil Azərbaycan dövlətinin simvoluna çevrilmişdir.

Heydər Əliyev həyatı boyunca istər hakimiyyət olimpinin ən yüksək zirvələrinə ucaldığı, istərsə də hakimiyyətdən getdiyi dövrlərdə zaman-zaman çox çətin, mürəkkəb və keşməkeşli situasiyalarla qarşılaşmışdır. Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu dahi insan məhz özünün fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxartmışdır. Ona qarşı təşkil olunan bütün təhdidlərə, hətta sui-qəsd cəhdlərinə və dövlət çevrilişi planlarına baxmayaraq, ən mürəkkəb, ziddiyyətli və taleyüklü sınaq məqamlarında Azərbaycan xalqı Heydər Əliyevi qorumuşdur. Çünki, Heydər Əliyev sözün əsl mənasında ümumxalq sevgisi və dəstəyi qazanmış nadir və seçilmiş dövlət rəhbəri idi. Heydər Əliyev bütün varlığıyla Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətçiliyinə bağlı idi və O, lazım gələrsə həyatını bele bu yolda əsirgəməzdi. Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Milli Məclisin tarixi iclasında ölkə parlamentinin sədri seçilərkən dediyi sözlər bunun bariz sübutudur: “...Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm... Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir”.

Təbii ki, bu cümlələri yalnız xalqını canından çox sevən, onun müstəqilliyini hər şeydən üstün tutan lider – rəhbər deyə bilərdi. Heydər Əliyev heç vaxt söz xatirinə söz deməmişdir, bu dahi şəxsiyyətin və görkəmli dövlət xadiminin ömürboyu sözü də, əməli də, gördüyü işlər də dialektik vəhdət təşkil etmişdir. Keçdiyi zəngin və şərəfli həyat yolu, Azərbaycan xalqının mənafelərini qorumaq üçün bütün dövrlərdə apardığı qətiyyətli mübarizələr, gördüyü işlər, nümayiş etdirdiyi siyasi iradə və Azərbaycanın həqiqi müstəqilliyi yolunda göstərdiyi misilsiz fədakarlıqlar bunun əyani sübutudur. Məhz, bütün bunların nəticəsidir ki, həyat fəaliyyətinə dövlət təhlükəsizlik orqanlarında gənc bir əməkdaş kimi başlayan Heydər Əliyev müstəqillik dövründə nəinki Azərbaycan xalqının və bütün dünya Azərbaycanlılarının, eləcə də Türk dünyasının Lideri səviyyəsinə yüksəldi. Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Heydər Əliyev epoxası bir insan ömrünə sığışmayan və hər kəsə nəsib olmayan əlçatmaz zirvə və təkrarolunmaz taledir.

1969-1991-ci illər: formal müstəqillik dövrü və Heydər Əliyev fenomeni

Heydər Əliyev Sovet dövründə gənc yaşlarından etibarən SSRİ Dövlət Təhlükəsizlik Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmış, yalnız şəxsi bacarığı, istedadı və işgüzarlığı ilə dünyanı idarə edən iki nəhəng dövlətdən biri olan – SSRİ-nin ən rəhbər vəzifələrinə qədər yüksələn ilk müsəlman-türk mənşəli azərbaycanlı olmuşdur. Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyəti yüksək qiymətləndirilən və adi zabitdən general-mayor rütbəsinə qədər yüksələn Heydər Əliyev, 1967-1969-cu illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunan ilk azərbaycanlı idi. Bu dövrdə Heydər Əliyev vəzifəsinin imkanları daxilində daim Azərbaycanın milli mənafelərini yüksəkdə tutmuş, Azərbaycanın işıqlı ziyalılarını, alimlərini, şair və yazıçılarını, mədəniyyət və incəsənət xadimlərini siyasi əqidəsinə və fikirlərinə görə təqiblərdən, hətta həbs olunmaqdan qorumuş, İkinci Dünya Müharibəsində iştirak edən və faşizm üzərində qələbənin qazanılmasında əvəzolunmaz şücaətlər göstərən qəhrəman Azərbaycan döyüşçülərinin və hərbiçilərinin layiqincə qiymətləndirilməsi üçün əlindən gələni əsirgəməmişdir. Bu istiqamətdə yalnız bir faktı – Böyük Vətən Müharibəsində Stalinqrad döyüşlərində ağır yaralanaraq əsir düşən və “vətən xaini” elan edilən, “Mixaylo” ləqəbli məşhur Azərbaycan kəşfiyyatçısı Mehdi Hüseynzadənin adından bu “qara ləkənin” götürülməsində və faşizmə qarşı mübarizədə göstərdiyi əfsanəvi qəhrəmanlıqlarının təsdiqlənməsində, ona Sovet İttifaqı qəhrəmanı kimi ən yüksək mükafatın verilməsi ilə adının yaddaşlara əbədi həkk olunmasında, Bakıda abidəsinin ucaldılmasında və onun qəhrəmanlığına həsr olunan “Uzaq sahillərdə” filminin çəkilməsində Heydər Əliyevin müstəsna rolunu göstərmək kifayətdir ki, bu dahi şəxsiyyətin Kommunist rejiminin ən çətin dövründə gördüyü işlərin əhəmiyyətini və dəyərini düzgü dərk edəsən. Bütün bunlar bu gün asan səslənsə də, Sovet dövründə üzərində “vətən xaini” adı olan bir Azərbaycanlı üçün bunlarıetmək, Heydər Əliyevdən həqiqətən böyük siyasi iradə, cəsarət və nüfuz tələb edirdi.

Heydər Əliyev həmişə yüksək şəxsi bacarıqlarına və mənəvi insani keyfiyyətlərinə, zəkasına, düşüncəsinə, müdrikliyinə, hadisələri düzgün qiymətləndirmək istedadına və uzaqgörənliyinə görə həmkarları arasında tamamilə seçilirdi. Onun bütün bu üstün fərdi xüsusiyyətləri SSRİ rəhbərliyinin diqqətindən yayınmadı. Beləliklə, Heydər Əliyev 14 iyul 1969-cu il tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildi, başqa sözlə – Azərbaycanın birinci şəxsi oldu.

Azərbaycan xalqının Heydər Əliyevə böyük ehtiramı və ümumxalq məhəbbəti onun 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ilk nitqini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda səlis Azərbaycan dilində söyləməsi oldu. Heydər Əliyev doğma ana dilimizə bu qədər yüksək münasibəti ilə Azərbaycan xalqının yaddaşına əbədi olaraq millətini ürəkdən sevən əsl rəhbər kimi həkk olundu.

Bu dövrdə aqrar-xammal ölkəsi olan Azərbaycan bütün sosial-iqtisadi inkişaf göstəricilərinə görə İttifaq respublikaları arasında ən geridə qalmış üç respublikadan biri idi. Azərbaycan SSR-yə rəhbərlik etdiyi 1969-1982-ci illərdə məhz Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində respublikanın xalq təsərrüfatının demək olar ki, bütün sahələrinin inkişafı ilə bağlı ən yüksək səviyyədə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin xüsusi Qərarlarının qəbul olunması ölkədə sənayenin, kənd təsərrüfatının və digər sahələrin sürətli inkişafına, yeni sənaye sahələrinin, yol, nəqliyyat, kommunikasiya infrastrukturun yaradılmasına, müxtəlif zavod və fabriklərin, məktəb, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin tikintisinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə səbəb oldu. Bu 13 il ərzində respublika iqtisadiyyatına 32 mlrd. rubldan çox kapital qoyuluşu həyata keçirildi ki, bu da 1920-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatına yönəldilən kapital qoyuluşundan 2,3 dəfə çox idi. Təbii ki, bütün bunlar bilavasitə Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev faktoru ilə bağlı idi. Xüsusi qeyd olunmalıdır ki, Sovet dönəmində ümumittifaq əhəmiyyətli bir çox zavod və fabriklərin müsəlman-türk respublikası olan Azərbaycanda tikilib istifadəyə verilməsinə nail olmaq hədsiz dərəcədə böyük uğur idi.

1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasının qəbul edilməsi ilə respublikamızda o dövr üçün mütərəqqi idarəetmə strukturunun yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması və Dağlıq Qarabağın statusu ilə bağlı müvafiq müddəaların bu sənəddə öz əksini tapması yalnız və yalnız Heydər Əliyevin intellekti, cəsarəti və siyasi iradəsi nəticəsində ərsəyə gəldi. Bütün bu qeyd olunanlar bir daha sübut edir ki, Heydər Əliyev tutduğu vəzifədən və işlədiyi dövrdən asılı olmayaraq hər zaman xalqını, millətini, onun müstəqilliyini və rifahını düşünən və bütün varlığı ilə Azərbaycana bağlı olan rəhbər idi. O öz çıxışlarının birində bunu açıq şəkildə etiraf edərək, böyük qürur hissi ilə deyirdi: “Mən bu gün çox xoşbəxtəm, çox sevinirəm... ona görə ki, bütün burada gördüklərimizin əsasını qoyanlardan biriyəm, onun təməlini qoyanlardan biriyəm, onun təşəbbüskarıyam. Vaxtilə bu işlərin görülməsi üçün illərlə zəhmət çəkmişəm, illərlə fəaliyyət göstərmişəm, bunların reallığa çevrilməsi üçün illərlə çox çətin yollardan keçmişəm. Azərbaycan neftçiləri ilə, öz həmkarlarımla birlikdə xalqımız, millətimiz üçün, respublikamızın böyük sənayesini qurmaq üçün, neft sənayesini gələcəkdə inkişaf etdirmək üçün bunları yaratmağa çalışmışam. Nəhayət, bunlar yaranıb. Mən bunlarıgörməkdən, bunları seyr etməkdən özümü həddindən artıq xoşbəxt hiss edirəm”.

SSRİ kimi fövqəldövlətin tərkibində formal müstəqilliyə malik olan Azərbaycanda bütün bu nailiyyətlərin əldə olunması məhz Heydər Əliyev fenomeni ilə izah olunmalıdır. Beləliklə, 1969-cu ildə Məkəzləşdirilmiş Xalq Təsərrüfat Kompleksinin aqrar-xammal əlavəsi olan respublikanı Heydər Əliyev cəmi 13 il ərzində aqrar-sənaye ölkəsinə çevirdi. Bu dövrdə Azərbaycan iqtisadi inkişaf tempinə görə bütün respublikaları geridə buraxaraq, ən mühüm sosial-iqtisadi göstəricilərə görə birinci üçlükdə yer aldı. O dövr üçün yüksək inkişaf səviyyəsinə çatan Azərbaycan, 65 ölkəyə 350 adda məhsullar ixrac edən sənaye respublikası kimi özünü təsdiqlədi. 1969-cu ilə qədər bütün sosial-iqtisadi inkişaf göstəricilərinəgörə İttifaq respublikaları arasında sonuncu yerlərdə qərarlaşan Azərbaycan, 1982-ci ildə 15 İttifaq respublikası arasında iqtisadi cəhətdən özünü tam təmin edən iki respublikadan biri oldu.

Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərliyi dövründə respublikada yaratdığı iqtisadi potensial müstəqilliyimizin bərpasından sonra müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün də ciddi zəmin və təməllər yaratdı. Dahi rəhbərin bu dövrdə Azərbaycan üçün gördüyü işləri və həyata keçirdiyi planları bir daha nəzərdən keçirdikdə əmin olursan ki, Heydər Əliyev hər zaman Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayıb və bütün bu işləri onun nə vaxtsa müstəqil olacağı dövrə hədəfləyirdi. Bəlkə də, Heydər Əliyev 1969-1982 illərdə Azərbaycana rəhbərlik etməsəydi, ölkədə yuxarıda qeyd olunan iqtisadi potensialı formalaşdırmasaydı əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan müstəqillik dövründə şahidi olduğumuz sürətli inkişafa nail ola bilməzdi. Bu barədə onun dahiyanə uzaqgörənliklə dediyi sözləri bir daha yada salmaq çox düzgün olardı:“... bu gün bu cəsarətli addımları atmaq üçün görürsünüz, keçmiş illərdə nə qədər böyük işlər aparılıbdır... Bu gün sizə bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Heydər Əliyevin böyük əməyi sayəsində həyata keçirilmiş kompleks irimiqyaslı dəyişikliklər və ictimai-iqtisadi islahatlar nəticəsində 1969-1982-ci illər Sovet Azərbaycannın inkişaf tarixinin ən parlaq səhifələrini təşkil edərəkyaddaşlara əbədi həkk olunmuşdur. Bu dövrdən başlanan iqtisadi inkişaf, milli-mənəvi dirçəliş, milli özünüdərk və milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı müstəqil dövlətçilik ideyalarının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. Səksəninci illərin sonu doxsanıncı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin güclənməsi Heydər Əliyevin rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi yüksəliş və milli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu.

1982-ci il noyabrın 10-da Sov.İKP MK-nın Baş Katibi Leonid Brejnev vəfat etdikdən sonra SSRİ-yə yeni rəhbər Yuri Andropov seçildi. Andropovun rəhbərliyi dövründə (12.11.1982 – 09.02.1984) ölkədəki sosial-iqtisadi problemlərin həllinə ciddi diqqət yetirilməyə başlanılır, lakin bu istiqamətdə aparılan islahatlar yalnız əmək, icraçılıq və maliyyə intizamının gücləndirilməsi ilə yekunlaşaraq, sovet siyasi sisteminin əsaslarına əsla toxunmurdu. Andropovun SSRİ-yə rəhbərliyi dövründə – 1982-ci ilin sonunda Heydər Əliyev Moskvaya partiya və dövlət hakimiyyətində yüksək vəzifəyə irəli çəkildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi. Bununla Onun həyatnda və siyasi fəaliyyətində yeni dövr başladı. Heydər Əliyev SSRİ kimi nəhəng bir dövlətin sosial-iqtisadi, mədəni və strateji əhəmiyyətli sahələrinin inkişafına rəhbərlik etmək, görkəmli siyasi və dövlət xadimi kimi SSRİ-nin xarici dövlətlərlə qarşılıqlı münasibətlərini möhkəmləndirmək və inkişaf etdirmək istiqamətində cox mühüm və məsuliyyətli vəzifələr yerinə yetirirdi. SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 1983-cü il fevralın 2-də keçirilən iclasında Heydər Əliyevə Ümumittifaq Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki-Peşə Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, Dövlət Kinomatoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı, İdman Komitəsi, SİTA, Dövlət Arxiv və Müəlliflik Hüququ Agentliyi üzrə məsələlərin baxılması, eyni zamanda SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikintisi Nazirliyi, Rabitə Nazirliyi, eləcə də müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət tapşırıldı. Bunlarla yanaşı, Baykal-Amur magistralı kimi nəhəng dəmir yolu xəttinin tikintisi üzrə daimi komissiyaya rəhbərlik də Heydər Əliyevə həvalə edilmişdi.
Heydər Əliyevin zəngin təcrübəsini, bacarığını, yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyətini nəzərə alaraq Nazirlər Sovetinin xüsusi qərarı ilə SSRİ-nin Yüngül Sənayesinə, Ticarət Nazirliyinə, Sentrosoyuza nəzarət funksiyası da onun səlahiyyətinə aid edildi.

Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildikdən sonra da öz doğma respublikasının vəziyyəti ilə hər zaman maraqlanmış, daim ona xüsusi diqqət və qayğı göstərmişdir. Bu dövrdə Azərbaycan iqtisadiyyatına yönəldilən iri miqyaslı sərmayələr, xüsusilə neft və neft - kimya sənayesi, kənd təsərrüfatı və emaledici sənaye sahələrinin sürətli inkişafı, tikilib istifadəyə verilən yüzlərcə istehsal müəssisələri, ictimai-mədəni və sosial obyektlər, hazırlanan yüksək ixtisaslı kadrlar, açılan yeni iş yerləri və s. bu münasibətin əyani sübutudur.

Y.Andropovun (1984) və K.Çernenkonun (1985) vəfatından sonra, Baş katib seçilən M. Qorbaçovun hakimiyyəti illərində (1985-1991) Heydər Əliyevə qarşı münasibət kardinal şəkildə əks istiqamətdə dəyişildi ki, bunun da müxtəlif səbəbləri var idi. Hər şeydən əvvəl Heydər Əliyevin Baş katib postuna ən layiqli namizəd olması faktı xüsusi qeyd olunmalıdır. Məhz bu səbəbdən Mixail Qorbaçovun hər zaman Heydər Əliyevə qarşı böyük qısqanclıq, həsəd, paxıllıq hissləri olmuşdur ki, sonradan da bu hisslər açıq düşmənçilik amilinə çevrildi.
Danılmaz faktdır ki, yüksək idarəçilik məharəti və şəxsi keyfiyyətlərinə görə SSRİ-nin siyasi rəhbərliyində böyük nüfuz sahibi olan Heydər Əliyevin birinci şəxs olması məsələsi nəinki mərkəzi hakimiyyətdə və ölkə daxilində, eləcə də xarici ölkələrin ən yüksək siyasi dairələrində müzakirə olunurdu. O dövrün görkəmli siyasi xadimlərindən olan, peşəkar diplomat Andrey Qromıko öz oğlu ilə söhbətində qeyd edirdi ki, “...bizim Siyasi Büroda ancaq üç adam cavandır: Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan çox sürətlə inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və abırlı adamdır. Amma təəssüf ki, onun namizədliyi istisna olunur”. A.Qromıko açıq etiraf edirdi ki, bunun səbəbi Heydər Əliyevin milli mənsubiyyəti, yəni azərbaycanlı olması idi. Lakin siyasi kadrlara belə bir ayrıseçkilik münasibətinin mövcud olduğu şəraitdə hakimiyyətə gəldikdən sonra da M.Qorbaçov Heydər Əliyevin ictimai-siyasi xadim kimi nüfuz və hazırlıq səviyyəsinin daha yüksək olduğunu, Heydər Əliyevlə müqayisədə həddindən artıq cılız göründüyünü yaxşı başa düşərək özünü hər zaman onun yanında rahatsız (diskomfort) hiss etmiş və ondan çəkinmışdır.

İkinci bir səbəb, Heydər Əliyevin Qorbaçovun üzdəniraq “yenidənqurma” siyasətinə qarşı çıxması və bu siyasətə ən yüksək səviyyədə – Siyasi Büro səviyyəsində əsaslandırılmış şəkildə tənqidi yanaşması idi. Məlum olduğu kimi, M.Qorbaçov hakimiyyəti dövründə əvvəlki dövrü “durğunluq dövrü” adlandıraraq ölkəni bu vəziyyətdən çıxarmaq üşün “yenidənqurma” pərdəsi altında SSRİ-nin dağılmasına hədəflənən simbioz bir konsepsiya irəli sürmüşdü. Mahiyyətcə, heç bir elmi-nəzəri konsepsiyaya və metodologiyaya əsaslanmayan, iqtisadi və siyasi sistemin qanunauyğunluqlarını, dünya ölkələrinin təcrübəsini və müttəfiq respublikaların spesifik inkişaf xüsusiyyətlərini nəzərə almayan bu konsepsiyanın əvvəlcədən uğursuzluqla nəticələnəcəyi tam gözlənilən idi. Digər tərəfdən “durğunluq dövrü”nün ictimai-siyasi, iqtisadi və mədəni inkişaf baxımından bu dövrdə möhtəşəm uğurlar qazanan Azərbaycana da aid edilməsi heç bir sağlam məntiqə sığmayan böyük ədalətsizlik idi.

Bütün bunları nəzərə alaraq, Heydər Əliyev o zaman Sov.İKP MK Siyasi Büro üzvləri arasında yeganə şəxs idi ki, Qorbaçovun yanlış siyasətinə cəsarətlə öz etirazını bildirir, gələcəkdə baş verə biləcək arzuolunmaz fəsadlar və fəlakətlərin nəticələri barəsində fikirlərini çəkinmədən, açıq şəkildə bəyan edirdi. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, SSRİ kimi çoxmillətli fövqəl bir dövlətdə siyasi və iqtisadi islahatların spontan formada deyil, tədricən, təkamül yolu ilə, hər bir müttəfiq respublikanın tarixən formalaşmış mental dəyərlərini, dövlətçilik ənənələrini və digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilməsi vacibdir. Təbii ki, bütün bunlar Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli münasibətini daha da dərinləşdirirdi.

Üçüncü mühüm səbəb M.Qorbaçovun ermənipərəst mövqeyindən və Dağlıq Qarabağ məsələsində erməniləri açıq-aşkar dəstəkləməsindən qaynaqlanırdı. 1980-ci illərin ikinci yarısından etibarən, yəni məhz, Qorbaçovun hakimiyyəti dövründə ermənilər tərəfindən ümumittifaq səviyyəsindəanti Azərbaycanvə antitürk təbliğatı daha da genişlənməyə və fəallaşmağa başladı. Vaxtilə 1969-1982-ci illərdə Azərbaycanda hakimiyyəti dövründə Heydər Əiyevin qətiyyətli mövqeyi və uzaqgörən siyasəti sayəsində puça çıxmış “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” niyyəti və səylərinin yenidən baş qaldırması, qondarma “erməni soyqırımı” məsələsinin gündəmə gətirilməsi, xarici ölkələrdən ermənilərin SSRİ-yə köçürülməsinin davam etdirilməsinə Qorbaçovun açıq-aşkar dəstək göstərməsi nəticəsində daha kəskin xarakter alırdı. Erməni terrorunun ideoloqu Z.Balayanın, Baş katibin iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyanın, Ermənistan KP MK birinci katibi K.Dəmirçyanın “Böyük Ermənistan” xülyaları, saxtakarlıqları, millətçiliyi, irqçiliyi, separatizmi və təcavüzkarlığı təbliğ edən təşəbbüsləri hətta Siyasi Büronun müzakirəsinə çıxarılır və Qorbaçov tərəfindən dəstəklənirdi. Təbii ki, Siyasi Büroda Azərbaycana qarşı nümayiş etdirilən bu cür qərəzli mövqe Heydər Əliyevi Qorbaçovun bu separatçı mövqeyinə və gənc yaşlarından sıralarında vicdanla xidmət etdiyi Kommunist Partiyasına qarşı tənqidi çıxışlar etməyə, sərt şəkildə öz etirazını bildirməyə və prinsipal mövqe nümayiş etdirməyə vadar edirdi.
Bütün bunlar nəticə etibarı ilə Heydər Əliyevin və ailə üzvlərinin Moskvada təqibinə, onun səhhətində şübhəli şəkildə problemlərin yaradılmasına və 1987-ci ilin 21 oktyabr tarixində tutduğu vəzifədən istefa etməsinə səbəb oldu. Hətta bundan sonra da Qorbaçov siyasi təqiblərini davam etdirərək Ə.Vəzirovun və digərlərinin vasitəsi ilə Azərbaycanda təşkil etdiyi anti Əliyev kampaniyası ilə Heydər Əliyevi nüfuzdan salmağa cəhd göstərirdi və bununla da hələ də ondan ehtiyat etdiyini, qorxduğunu və illərlə paxıllıqdan daxilində yığıb saxladığı mənfi hisslərini büruzə verirdi. Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, Heydər Əliyev 1990-cı il fevralın 9-da Rusiya televiziyasının aparıcısı Andrey Karaulovla söhbətində iştirak edən “Vaşinqton post” qəzetinin Moskva müxbiri Devid Remnikin sualına cavabında istefasının səbəblərini belə izah edirdi: “Səbəblər odur ki, işlədiyim son dövrdə M.Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. M.Qorbaçov isə subyektiv hisslərinin əsiri oldu, vəssalam”(Azərbaycan Respublikası Prezidentinin işlər idarəsi.Prezident Kitabxanası. Elektron sənədlər toplusu. Ümummilli lider. S.33-34).

Zaman Heydər Əliyevin prinsipial mövqeyində tamamilə haqlı olduğunu bir daha sübut etdi. M.Qorbaçovun yarıtmaz, subyektiv və qərəzli siyasəti, “yenidənqurma” (“perestroyka”) adı altında yürütdüyü uğursuz islahatlar kursu Sovet İttifaqının hər yerində, o cümlədən Azərbaycanda böyük etirazlara və milli-azadlıq proseslərinin geniş vüsət almasına səbəb oldu, dörd il sonra isə SSRİ-nin süqutu böyük faciələrlə nəticələndi. M.Qorbaçov milli-azadlıq hərəkatlarının qarşısını almaq məqsədilə Vilnüs, Alma-Ata, Tbilisi və Bakıya sovet qoşunlarını yeridərək qanlı qırğınlara, müttəfiq respublikalar arasında nifaqa, münaqişə və müharibə ocaqlarının yaranmasına başlıca səbəbkar oldu. Bilərəkdən qəbul etdiyi dağıdıcı, separatist və təcavüzkar xarakterli qərarlar xarici qüvvələrin lehinə işləyirdi. Təsadüfi deyil ki, Qorbaçovun Baş katib vəzifəsinə xarici qüvvələr tərəfindən gətirilməsi və onların diqtəsi altında fəaliyyət göstərməsi fikirləri gec də olsa öz təsdiqini tapdı.
Təbii ki, zorakılıq üzərində qurulan və imperiya prinsipləri əsasında idarə olunan SSRİ-nin dağılması labüd və gözlənilən idi. Lakin heç şübhəsizdir ki, Heydər Əliyev Baş katib vəzifəsinə seçilsəydi, Sovetlər Birliyinin aqibəti tamamilə başqa məcrada və yeni ideoloji istiqamətdə cərəyan edərdi, uzunmüddət vahid xalq təsərrüfatı kompleksi çərçivəsində əlaqələri möhkəmlənmiş respublikalar sivil və dinc qaydada siyasi və iqtisadi müstəqilliklərinə qovuşardı, yuxarıda qeyd olunan qırğınlar törədilməzdi, Ermənistan tərəfindən ərazimizin 20 faizinin işğalı, Gürcüstan, Ukrayna və Moldovada qondarma separatçı rejimlərin yaradılması, Çeçenistan hadisələri və s. baş verməzdi və sovet imperiyası tərkibində sözdə “müttəfiq, müstəqil”, əslində isə mərkəzdən asılı olan və idarə edilən bütün respublikalar yüksək səviyyədə dostluq, qarşılıqlı faydalılıq və etimada əsaslanan çoxtərəfli əməkdaşlıq münasibətlərini inkişaf etdirərək, sözün həqiqi mənasında bərabərhüquqlu, müstəqil müttəfiq dövlətlərə və yeni keyfiyyət formatında inteqrasiya bloku yaradaraq dünyanın güc mərkəzlərindən birinə çevrilə bilərdilər. Çox təəssüflər olsun ki, bu baş vermədi, nəticədə imperiyanın dağılması ərəfəsində və müstəqilliyin ilk illərində tarix bizi olduqca ağır, fəsadlı və fəlakətli proseslərlə sınağa çəkdi. Lakin, Heydər Əliyev xalqımızın üzləşdiyi bu taleyüklü sınaqlardan da üzüağ çıxdı, nə təqiblər, hədə-qorxular, nə də mümkün nəticələr Heydər Əliyevi Azərbaycanın müstəqilliyi üçün mübarizə aparmaqdan çəkindirə bilmədi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda dəhşətli qırğın, qətliam törədildi, yüzlərlə günahsız şəhər sakini o gecə vəhşicəsinə qətlə yetirildi, yaralandı, ömürlük xəsarət aldı. Bu insanlıq faciəsinə və Qorbaçov vandalizminə ürəyi Azərbaycanla döyünən, Azərbaycanla nəfəs alan Heydər Əliyev əlbəttə ki, biganə qala bilməzdi. Faciənin səhərisi günü Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və 20 Yanvar faciəsini törədənlərə qarşı öz ittihamlarını açıq şəkildə dünya ictimaiyyətinə bəyan etdi, qətliama göstəriş verən SSRİ rəhbərliyini, Siyasi Büronu və Azərbaycan rəhbərliyini ifşa etdi. Bu bəyənatdan daha da hiddətlənən Qarbaçov, hətta Heydər Əliyevin həbs olunmasına qərar versə də, onu icra etməyə cəsarəti çatmadı.

Məhz 20 Yanvar faciəsi zamanı xalqımıza qarşı törədilmiş qanlı hərbi təcavüzə görə Heydər Əliyev Sov.İKP sıralarını tərk etdi. 1990-cı il iyulun 19-da Heydər Əliyev partiya sıralarından çıxmaq barədə SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına bəyanat verdi. Bu hadisədən sonra Moskvada ciddi təqib və nəzarət altında yaşayan Heydər Əliyev 1990-cı ilin iyulun 20-də Bakıya qayıdır, lakin burada da ciddi təziqlərlə üzləşdiyindən, iki gün sonra Naxçıvana gedir. Həmin ildə Azərbaycan SSR xalq deputatı, Naxçıvan MSSR xalq deputatı seçilir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri seçilir və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Sovetinin Sədrinin müavini olur.
Hələ SSRİ-nin mövcud olduğu dövrdə Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin sessiyasında Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri götürülür, “Ali Sovet” sözü “Ali Məclis” sözü ilə əvəz edilir. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilir. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi - dövlət gerbi haqqında isə qərar qəbul edilir ki, məsələ öyrənilib Ali Məclisin müzakirəsinə verilsin. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSRİ-nin dövlət rəmzi kimi təsis edilməsi və digər dövlət atributlarının bərpa olunması məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetindən xahiş edilməsi haqqında qərar qəbul edilir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu hadisədən yalnız üç ay sonra, 1991-ci ilin fevralın 5-də keçirilən Azərbaycan Respublikası Ali Sovetinin sessiyası “Azərbaycan SSR”-nin adının “Azərbaycan Respublikası” adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağınin dövlət bayrağı kimi təsis edilməsi haqqında qərar qəbul etdi.

1991-ci ilin martın 17-də Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda ümumxalq səsverməsi keçirilmədi. Azərbaycan xalqı Heydər Əliyevin dahiliyinə, cəsarətinə, liderlik məharətinə məhz bu məqamlarda bir daha şahid oldu. Çox mürəkkəb və təhlükəli anlarda son dərəcə cəsarətlə qəbul olunan bu qərarlar əslində Azərbaycanın müstəqilliyi yolunda atılmış ilk addımlar və yeni müstəqillik tariximizin başlanğıc nöqtəsi oldu. Heydər Əliyevin Naxçıvanda Sovet rejiminin hələ tam hökmran və daha aqressiv olduğu bir vaxtda cəsarətlə dalğalandırdığı Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanda 90-cı illərdə başlanan milli oyanış mübarizəsinin, meydan hərəkatlarının, Azərbaycan xalqının azadlığının rəmzinə çevrildi. Məhz bu səbəblərlə biz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikası üçün ən taleyüklü məqamlarda yerinə yetirdiyi bu Liderlik missiyasını çox yüksək qiymətləndirməli və heç vaxt unutmamalıyıq.

1991-1993-cü illər: itirilmiş illər, biyabırçı hakimiyyət və böyük xilaskarlıq missiyası

XX əsrin 90-cı illəri müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında ciddi dönüş nöqtəsi və qan yaddaşımıza, soy kökümüzə qayıdış prosesinin, xalqımızın milli oyanış mübarizəsinin başlanğıcı oldu. Azərbaycan XX əsrin ən böyük geostrateji hadisələrindən biri olan SSRİ-nin dağılması nəticəsində müstəqilliyini bərpa etdi. Bu dövrdən etibarən Azərbaycanda tez-tez dəyişən, milli maraqları arxa plana keçirən, yalnız öz şəxsi maraqları üçün çalışan, dövlətçilik sahəsində heç bir səriştəsi olmayan rəhbərliklər ölkədə elə bir vəziyyət yaratmışdılar ki, Azərbaycan nəinki müstəqilliyini qorumaq iqtidarında deyildi, hətta Azərbaycanın ümumiyyətlə məhv olmaq və dünya siyasi xəritəsindən silinmək təhlükəsi yaranmışdı. İqtisadiyyat acınacaqlı vəziyyətdə idi, ölkədə yüksək hiperinflyasiya hökm sürürdü, manat alıcılıq qabiliyyətini demək olar ki, tam itirmişdi, əksər müəssisələr fəaliyyətini dayandırmışdı, işsizlik və yoxsulluq baş alıb gedirdi, ölkəni bürüyən siyasi və iqtisadi böhran günbəgün dərinləşərək cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrini iflic vəziyyətinə salmışdı. Müstəqillik əldə edilsə də ölkəyə rəhbərlik edənlərin zəifliyi, cəsarətsizliyi və hələ də SSRİ-nin bərpa olunacağına ümid bəsləmələri, eləcə də 1992-ci ilin yayında Azərbaycanda hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyü dövlətin, xalqın milli maraqlarından daha çox şəxsi maraqları, ambisiyaları və nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq uğrunda apardığı mübarizə ölkədə mövcud olan böhranlı vəziyyəti daha da ağırlaşdırmışdı. Dövlət idarəçiliyi sitemində heç bir təcrübəsi və real proqramı olmayan, milli mənafelərə, milli dəyərlərə məhəl qoymayan AXC-Müsavat cütlüyü ölkəni uçuruma sürükləyirdi, sözün əsl mənasında tam anarxiya, xaos yaranmışdı, daxili çəkişmələr özünün ən yüksək səviyyəsinə – pik nöqtəsinə çatmışdı, ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Ərazilərin işğalı davam edirdi, yüz minlərlə soydaşımız qaçqın-köçkün vəziyyətinə düşmüşdü, separatçı meyillər baş qaldırmışdı, ölkənin bəzi ərazilərində silahlı dəstələr mərkəzi hakimiyyətə tabe olmadıqlarını bəyan edirdilər, ölkə xarici qüvvələrim mübarizə meydanına cevrilmişdi, iş o yerə çatmışdı ki, bəzi xarici dövlətlər Azərbaycanı beynəlxalq münasibətlərin müstəqil subyekti kimi qəbul edilməsinə şübhə ilə yanaşırdılar, bir sözlə Azərbaycan parçalanaraq məhv olmaq təhlükəsi qarşısında dayanmışdı. Təsadüfi deyildir ki, Möhtərəm Prezdentimiz cənab İlham Əliyev Azərbaycanın müstəqilik tarixinin ilk illərini çox düzgün olaraq belə xarakterizə etmişdir: “...1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövr itirilmiş imkanlar, itkilər dövrü idi. ... 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi.”

Belə bir mürəkkəb və çətin şəraitdə, bütün xalqı vahid amal uğrunda birləşdirəcək və xalqı öz arxasınca apara biləcək böyük dövlətçilik təcrübəsinə malik olan Şəxsiyyətə, yüksək intellektli, güclü iradəli Liderə ehtiyac yaranmışdı. Bu Lider isə yalnız vətəninə, xalqına, müstəqil milli dövlətinə bütün varlığı ilə bağlı olan, böyük idarəçilik məharətinə və təcrübəsinə malik olan Heydər Əliyev ola bilərdi. Müasir Azərbaycan üçün əsaslı dönüş nöqtəsi Azərbaycanın 91 nəfər vətənpərvər ziyalısının xalqın iradəsini ifadə edərək Heydər Əliyevə tarixi müraciətindən sonra başladı. Azərbaycan ziyalılarının Heydər Əliyevə bu tarixi müraciəti 16 oktyabr 1992-ci il tarixində “Səs” qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edildi. Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı 24 oktyabr 1992-ci il tarixində “Səs” qəzetində “Yeni, müstəqil Azərbaycan uğrunda” başlığı ilə dərc olundu. Proqram xarakterli bu Sənəddə Heydər Əliyev Azərbaycanın düşdüyü bəlalardan çıxış yollarını göstərir və konkret konstruktiv təkliflərini irəli sürürdü.

Bu hadisələrin üstündən heç bir ay keçməmiş Naxçıvanda silahlı çevriliş cəhdi oldu. Çevrilişin əsas məqsədi Heydər Əliyevi siyasət meydanından uzaqlaşdırmaq, lazım gələrsə hətta fiziki cəhətdən məhv etmək idi. Lakin bütün bu cəhdlərə, təhdid və təhlükələrə baxmayaraq heç bir qüvvə Heydər Əliyevi müstəqillik yolundan döndərə bilməz, Azərbaycan xalqının çağırışına biganə qalmağa məcbur edə bilməzdi. O dövrdə Azərbaycan xalqı, xüsusilə Naxçıvan əhalisi Heydər Əliyevi sözün əsl mənasında qorudu.

Belə çətin və mürəkkəb vəziyyətdə Heydər Əliyevin böyük cəsarət və məsuliyyətlə xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanın müasir müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir. Beləliklə, “91-lər”in müraciəti Azərbaycanın qurtuluş yolunun başlanğıcı oldu. Bununla başlayan ümumxalq dəstəyi nəticəsində Azərbaycanın vətənpərvər oğulları Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasının yaradılmasında və müasir Azərbaycan dövlətçiliyinin qurulmasında yaxından iştirak etdilər. O dövrdə ölkədə gedən dağıdıcı proseslərin qarşısını almaq, onu düçar olduğu dərin siyasi, iqtisadi, ictimai, hərbi böhran uçurumundan xilas etmək məqsədilə 21 noyabr 1992-ci il tarixində 550 nəfər partiya üzvü ilə Naxçıvanda təsis yığıncağı keçirilən Yeni Azərbaycan Partiyasının ilk sədri yekdilliklə Heydər Əliyev seçildi və bununla da Azərbaycan xalqından yekdil dəstək alan partiyamız yeni bir siyasi qüvvə kimi siyasət meydanına daxil oldu. O dövrdəki səriştəsiz iqtidara müxalif partiya kimi yaranan Yeni Azərbaycan Partiyası, cəmi yeddi aydan sonra Heydər Əliyevin rəhbərliyi və xalqın mütləq əksəriyyətinin dəstəyi ilə sivil, demokratik yolla iqtidar partiyasına çevrildi.

Yeni Azərbaycan Partiyasının yaradılmasında, onun nüfuzunun güclənməsi və özünü təsdiq etməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri xüsusi qeyd olunmalıdır. YAP-ın yaranması və Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlişi gözlənilən idi, dövrün tələbi idi və obyektiv zəruriyyətdən irəli gəlirdi. Əgər belə bir mürəkkəb vəziyyətdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nəinki ölkənin düçar olduğu ağır vəziyyətdən çıxması, hətta Azərbaycanın müstəqil dövlət kimi varlığı belə böyük sual altında olardı.

1993-2003-cü illər: tənəzzüldən tərəqqiyə doğru şərəfli inkişaf yolu

1993-cü ilin iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı Ulu Öndərin böyük xilaskarlıq missiyasının başlanğıcı oldu. 1993-cü ildə Azərbaycanda vəziyyət qeyd olunduğu kimi çox gərgin idi. Torpaqlarımızın işğalı davan etməkdə idi, 1 milyondan çox vətəndaşımız qaçqın-köçkün vəziyyətinə düşmüş, iqtisadiyyat çökmüş, ölkədə vətəndaş müharibəsi başlamış, qan tökülmüşdü. Dövlət defolt vəziyyətində idi, xəzinə tamamilə boş idi, Azərbaycan blokada vəziyyətində idi, Şimal dəmiryolu xətti bağlanmışdı.

O dövrdə Azərbaycan üçün daha bir mühüm problem bundan ibarət idi ki, ölkə tamamilə yeni ictimai-siyasi quruluşa, sosialist təsərrüfatçılıq sistemindən bazar iqtisadiyyatı sisteminə keçməli idi. Trasformasiya dövrü başlamışdı, cox ziddiyətli bir şərait yaranmışdı. Bir tərəfdən keçmiş İttifaq dövründə mövcud olan iqtisadi münasibətlər və təsərrüfat əlaqələri sistemi qırılmış, yenisi isə formalaşmamışdı, digər tərəfdən isə ölkə iqtisadiyyatı demək olar ki, dağılmış, fabrik və zavodların əksəriyyəti fəaliyyətlərini dayandırmış, sənaye istehsalının, eləcə də UDM-in səviyyəsi 1989 - cu illə müqaisədə 2 dəfədən də cox aşağı enmişdi. 1993-cü ildə ölkənin UDM-i cəmi 31,4 mln. manat, Dövlət büdcəsinin həcmi isə 10,7 mln. manat təşkil edirdi.
Heydər Əliyevə tarixən çox qısa bir müddət, sadəcə iki il lazım oldu ki, O, Azərbaycanı düçar olduğu ağır vəziyyətdən və bəlalardan xilas etsin.Heydər Əliyevin dahiliyi onda idi ki, bu müdrik və uzaqgörən siyasətçi planlı təsərrüfatçılıq dövründə Sovet imperiyasına rəhbərlik edən şəxslərdən biri olsa da, hətta iqtisadçılar üçün yeni bir sistem olan bazar iqtisadiyyatının həm nəzəriyyəsini, həm də praktikasını bütün dərinliyi və incəliyinə qədər bilirdi. Nəticə etibarilə, Heydər Əliyev keçid dövrünün bütün proseslərini zərgər dəqiqliyi ilə ardıcıl və sistemli şəkildə apararaq bazar iqtisadiyyatı üçün zəruri olan bütün baza istitutlarını (mülkiyyət, özəlləşdirmə, sahibkarlıq, ədalətli bölgü və vergi sistemi) və infrastruktur sistemini qısa bir zaman ərzində formalaşdırıldı.
Heydər Əliyev gənc müstəqil Azərbaycan dövləti üçün ən çətin və mürəkkəb dövrdə 10 il ərzində mümkün olan hər şeyi etdi – ölkəmizdə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət idarəçiliyi sistemi yenidən quruldu, bu məqsədlə zəruri olan bütün dövlət institutları formalaşdırıldı, yeni sosial-iqtisadi sistemə – bazar iqtisadiyyatına keçidin reallaşdırılmasına, cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrini əhatə edən geniş və sistemli siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsinə başlanıldı, iqtisadi tənəzzüldən inkişafa döğru ciddi addımlar atıldı. Eyni zamanda ölkənin gələcəyə hədəflənən iqtisadi və sosial inkişaf strategiyası hazırlandı, qanunun aliliyinə əsaslanan sivil, demokratik, hüquqi dövlət quruculuğununfundamental əsasları, Azərbaycançılıq məfkurəsi platformasında milli ideologiya formalaşdırıldı, bütün cəmiyyət bu ideologiya ətrafında birləşdirilərək ölkədə vətəndaş həmrəyliyinə nail olundu, bir sözlə Heydər Əliyev yeni müstəqil Azərbaycanın gələcək inkişafı üçün möhkəm ictimai-siyasi fundament və iqtisadi-sosial platforma yaradaraq siyasi sistemin əsaslı surətdə transformasiyasına nail oldu. Heydər Əliyev tərəfindən sosialyönümlü bazar iqtisadiyyatının cəmiyyətin əsas inkişaf strategiyası, konsepsiyası kimi qəbul olunması növbəti dövrlərdə Azərbaycanın müstəqil inkişafına real zəminlər yaratdı.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının müasir tələblərə cavab verən yeni Konstitusiyasının hazırlanması və qəbulu Ulu Öndər Heydər Əliyevin daha bir möhtəşəm xidməti kimi xüsusi qeyd olunmalıdır. Bu dövrdə dövlətçiliymizin konstitusion əsaslarının təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən mütərəqqi addımlar atıldı. Bildiyimiz kimi, hər bir ölkədəKonstitusiya cəmiyyət həyatının iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrində yaranan münasibətləri tənzimləyən, dövlətin institusional sistemini və ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, həmçinin vətəndaş cəmiyyətinin formalaşmasını, insan hüquqları və azadlıqlarını təmin edən ali qanunvericilik sənədi hesab edilir. Xalqımızın xoşbəxtliyi ondadır ki,müstəqil Azərbaycanın Respublikasının Konstitusiyasının (Əsas Qanununun) hazırlanması Ulu Öndər Heydər Əliyevə nəsib oldu və o, bu vəzifəni də çox məharətlə və uzaqgörənliklə yerinə yetirdi. Bu Konstitusiya ilə müstəqil Azərbaycanın dövlət quruculuğunun hüquqi əsasları müəyyən edildi, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünün demokratikliyini özünün gələcək inkişaf yolu kimi müəyyənləşdirdi. Beləliklə, 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu müstəqillik tariximizin şərəfli səhifələrindən biri olmaqla, müasir Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna rol oynadı və bu gün də bu rolu davam etdirməkdədir.
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısındakı mühüm xidmətlərindən biri kimi Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edən “Əsrin Müqaviləsi”nin imzalanması xüsusi qeydolunmalıdır. Yeni müstəqillik əldə etmiş, hələ də iqtisadi və siyasi tənəzzül şəraitində olan, ərazisinin 20%-i işğal olunmuş, cəbhə bölgəsində silahlı təxribatların davam etdiyi, iqtisadi və siyasi risklərin çox yüksək olduğu bir ölkəyə 12 mlrd. dollar həcmində investisiya qoyuluşunu nəzərdə tutan, dünyanın ən aparıcı qlobal neft şirkətləri ilə Azərbaycan üçün sərfəli şərtlərlə “Əsrin Müqaviləsi”nin imzalanması ölkəmizin müasir tarixində misilsiz nailiyyət kimi qiymətləndirilə bilər. Xüsusi qeyd olunmalıdır ki, bu investisiya yalnız neftə yox, Heydər Əliyev şəxsiyyətinə, ona olan inama, onun nüfuzuna, siyasi çəkisinə, xarici şirkətlərə təqdim etdiyi zəmanətə və etibara qoyulan investisiya idi. Bu tarixi müqavilənin imzalanması müstəqil Azərbaycan dövlətinin inkişafında və xalqımızın həyat səviyyəsinin yüksəldilməsində əsl dönüş nöqtəsi oldu. “Əsrin Müqaviləsi”ndən ötən dövr ərzində transregional əhəmiyyətli bir çox enerji layihələrinin müəllifi və iştirakçısı olan Azərbaycanda yaradılmış uğurlu strateji əməkdaşlıq formatı, ölkəmizin neft ixracatçısı kimi etibarlı beynəlxalq tərəfdaş imicinin və ölkədaxili ictimai-siyasi sabitliyimizin başlıca qarantı oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi “İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.” Bütün bunlar Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin, müasir Azərbaycanın qurucusu və iqtisadi əsaslarının yaradıcısı olduğunun ən bariz ifadəsidir.

Azərbaycanın müasir iqtisadi müstəqilliyinin əsasını təşkil edən Heydər Əliyevin neft strategiyasına qısa nəzər salsaq, qeyd olunmalıdır ki, “Əsrin Müqaviləsi”nin imzalanması Azərbaycanı etibarlı tərəfdaş ölkəyə çevirməsi ilə yanaşı, sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yaratdı. 1997-ci ilin oktyabrında şimal marşrutu istiqamətində uzunluğu 1330 km və maksimum ötürmə qabiliyyəti gündə 105 min barel təşkil edən Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəql olunmasına başlanıldı. 1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində müstəsna əhəmiyyətli daha bir hadisə baş verdi. Cox qısa bir müddətdə uzunluğu 833 km, gündəlik ötürmə qabiliyyəti 115 min barel olan və keçmiş SSRİ dövründə istismarda olan Bakı-Batumi kəmərindən istifadə etməklə inşa edilən Bakı-Supsa Qərb İxrac Boru Kəməri istifadəyə verildi və ilk dəfə olaraq, Azərbaycan nefti şimala deyil, qərbə istiqamətlənərək Supsa limanından dünya bazarlarına ixrac olunmağa başlandı ki, bunun da böyük geosiyasi əhəmiyyəti vardır. Neft ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində görülən işlər bundan sonra da uğurla davam etdirilərək, daha irimiqyaslı transmili layihələrin reallaşdırılması ilə öz məntiqi nəticəsini tapmışdır. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gedişində Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və ABŞ Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri haqqında tarixi saziş və Trans-Xəzər qaz kəməri haqqında sənəd imzaladılar. 17 Sentyabr 2002-ci ildə Azərbaycanda boru xəttinin başlandığı Səngəçal terminalında bu xəttin keçdiyi dövlətlərin başçılarının qatıldığı təməlqoyma mərasimi keçirildi, 2003-cü ildə boru xəttinin inşasına başlanıldı, 2006-cı ilin mayında isə Azərbaycanın ilk nefti Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Çoxlarına ağılasığmaz xəyal kimi görünən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşdırılması yalnız və yalnız Heydər Əliyevin siyasi iradəsi ilə ərsəyə gəldi. Bu tarixi layihənin həyata keçirilməsində ölçüyəgəlməz roluna və töhfələrinə görə Avrasiya enerji xəritəsində inqilabi dəyişiklik yaradan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə Heydər Əliyevin adı verildi. Bu kəmər Azərbaycan neftinin dünya bazarına çıxarılmasında misilsiz rol oynamaqla Azərbaycanın neft gəlirlərinin dəfələrlə artmasına və ölkədə müasir dinamik iqtisadi inkişafı təmin edən neft bumuna səbəb oldu. Beləliklə, Heydər Əliyevin sağlığında başladığı işlər vəfatından sonra da Azərbaycan xalqına xidmət etməkdə davam edir.
Heydər Əliyev tərəfindən tarixi baxımdan 10 il kimi qısa bir müddətə sığışmayan bütün bu misilsiz işlər, Azərbaycanın bugünkü inkişafı və cəmiyyət həyatının bütün sahələrini əhatə edən uğurlar dahi Heydər Əliyevin uzaqgörən, müdrik və parlaq gələcəyə hədəflənmiş siyasətinin nəticəsidir. Heydər Əliyevin çətin bir dövrdə necə nəhəng işlər gördüyünün ən parlaq sübutu 1993-2003-cü illərin statistik rəqəmləridir. Belə ki, 1993-cü illə müqaisədə2003-cü ildə Azərbaycanın ÜDM-i 235 dəfədən də çox artaraq 7,4 mlrd. manata, Dövlət büdcəsinin həcmi isə müvafiq olaraq112 dəfə artaraq 1,2 mlrd. manata qədər yüksəldi. Bu rəqəmlər Azərbaycanın iqtisadi böhran uçurumundan çıxaraq Heydər Əliyevin rəhbərliyi ilə necə bir tərəqqi yoluna qədəm qoyduğunun əyani sübutudur.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi missiyalarından biri də özünün ən etibarlı siyasi varisini müəyyənləşdirməsi və qurucusu olduğu müasir Azərbaycanı etibarlı əllərə əmanət etməsi oldu. Azərbaycan dövlətçiliyinin gələcək inkişaf yolu və siyasi xəttini hər zaman düşünən Ulu Öndər Heydər Əliyev 2003-cü ilin Prezident seçkiləri ərəfəsində xalqa müraciətində yazırdı: “... Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ötən 15 il ərzində Heydər Əliyevin bu müdrik və uzaqgörənliklə dediyi sözlər özünün tam təsdiqini tapdı. İlham Əliyev xalqın ona bəslədiyi ümidləri və etimadı tam mənası ilə doğrultdu. O, 2003-cü il prezident seçkiləri öncəsi, eləcə də sonrakı seçkilər zamanı xalqa verdiyi bütün vədləri şərəflə yerinə yetirərək ümumxalq məhəbbətini qazandı. Azərbaycan məhz, İlham Əliyevin dövründə Ulu Öndərin yaddaşımıza əbədi həkk olunmuş kəlamlarından birində qeyd etdiyi kimi sözün əsl mənasında “dünyaya günəş kimi parladı”.

2003-2018-ci illər: Heydər Əliyev siyasəti yeni keyfiyyət müstəvisində

Mübaliğəsiz demək olar ki, 2003-2018-ci illərAzərbaycan Respublikasının müstəqillik tarixinin ən uğurlu və ən şanlı səhifəsidir. Bu dövrün nailiyyətləri yalnız iqtisadi, sosial və mədəni sferaların sürətli inkişaf ilə deyil, həm də cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrini əhatə edən əsaslı islahatlar, institusional dəyişikliklər və innovasiyalara əsaslanan səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması ilə səciyyələnir. 2003-cü ildən başlayaraq həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmiz malik olduğu resurslardan, geosiyasi və geoiqtisadi üstünlüklərdən bacarıqla istifadə edərək, dünya iqtisadiyyatına və dünya birliyinə milli maraqların prioritetliyi əsasında ən rasional şəkildə inteqrasiya olunmuş,hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşmasına nail olmuş, sosial yönümlü bazar iqtisadiyyatı modelinə keçidi tam başa çatdırmışdır.

Bu dövrün ən mühüm nailiyyəti kimi Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi və onun müasir dövrün tələb və çağrışlarına, eləcə də dünyada baş verən qlobal proseslərə müvafiq olaraq keyfiyyətcə təkmilləşdirilməsi xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyev tərəfindən son 15 ildə aparılan düşünülmüş, qətiyyətli, uzaqgörən, çevik və praqmatik siyasət nəticəsində ölkəmizin milli maraqları və təhlükəsizliyi tam təmin edilmiş, ictimai-siyasi sabitlik bərqərar olunmuş, iqtisadiyyatın dinamik inkişafına nail olunmuşdur. Bu dövr ərzində ölkəmizdə müasir tələblərə, minilliyin çağırışlarına, qarşıya qoyulan strateji vəzifələrə cavab verən səmərəli dövlət idarəçiliyi sistemi yaradılmış və Azərbaycanın beynəlxalq nüfuzu, siyasi çəkisi xeyli yüksəlmişdır. Bu dövrdə müstəqilliyimiz daha da möhkəmlənmiş, sözün tam mənasında əbədi və dönməz xarakter almışdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən tam müstəqil bir dövlətdir və heç kimdən aslı olmayaraq, öz milli maraqlarına uyğun siyasət həyata keçirmək iqtidarındadır ki, bu da son 15 ildə əldə etdiyimiz ən böyük uğur və naliyyət kimi qiymətləndirilir. Azərbaycan öz dövlətçilik tarixində heç vaxt indiki qədər müstəqil olmamışdır.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı milli iqtisadi inkişaf modeli bu dövr ərzində daha da təkmilləşdirilərək ölkəmizin sosiai-iqtisadi həyatının bütün sahələrinin dayanıqlı və davamlı inkişafında özünün məntiqi nəticəsini tapmışdır. Dünya ölkələrinin sosial-iqtisadi inkişaf modellərinin mütərəqqi cəhətləri ilə yanaşı, ölkəmizin tarixən formalaşmış maddi və milli-mənəvi dəyərlərini, təbii-coğrafi amilləri və müqayisəli üstünlüklərini, çoxvektorlu geosiyasi və geoiqtisadi maraqlarını özündə ehtiva edən bu model milli iqtisadiyyatımızda yeni rəqabət faktorları və rəqabət üstünlükləri yaradaraq konstitusiyamızda təsbit edildiyi kimi, həm azad sahibkarlığın, həm də sosial yönümlü iqtisadiyyatın formalaşmasını tam təmin edən özünəməxsus iqtisadi inkişaf kursunu formalaşdırmışdır. Ölkəmizdə sosial yönümlü bazar iqtisadiyyatı modelinin xarakterinə uyğun olaraq formalaşdırılmış mülkiyyət və bölgü münasibətləri, sahibkarlıq ənənələri, kompleks bazar institutları və infrastrukturlar, eyni zamanda iqtisadiyyatın effektivliyinin və rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən sistemli islahatlar, dövlət və sahibkarlığın qarşılıqlı əlaqələrini möhkəmləndirən yeni, daha səmərəli idarəetmə formaları və metodları ildən-ilə bu təminatı daha da gücləndirməkdədir.

Həqiqətən də, 2003 - cü ildə cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra milli iqtisadi inkişaf modelimiz yeni keyfiyyətdə və yeni məzmunda uğurla təkmilləşdirilərək tamamilə yeni bir inkişaf mərhələsinə–iqtisadi sistemin ənənəvi iqtisadiyyatdan biliklərə əsaslanan iqtisadiyyata, industrial cəmiyyətdən postindustrial cəmiyyət tipinə keçidibaşlanmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kimi, “Milli maraqların hər şeydən üstünlüyü” bu gün də dövlətimizin inkişaf strategiyasının ən mühüm prinsiplərindən biri kimi çıxış edir. Məhz, milli inkişaf maraqlarından irəli gələrək dünyada və regionda formalaşmış yeni şəraitin təhdidlərinə və çağırışlarına adekvat olaraq, qabaqlayıcı tədbirlərin görülməsi sayəsində son 15 ildə Azərbaycan iqtisadiyyatında, daxili və xarici siyasətdə, sosial-mədəni və digər fəaliyyət sferalarında irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, müsbət və strateji əhəmiyyətli yeni trendlər meydana gəlmişdir. Bütün bunların dünyada tüğyan edən geosiyasi və geoiqtisadi təhlükələrin, artan risklərin və təhdidlərin fonunda cərəyan etməsi milli inkişaf modelimizi dünya miqyasında bir nümunəyə, fenomenə çevirmişdir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 il ərzində qeyd olunan bütün bu siyasi-iqtisadi risklər tamamilə aradan qaldırıldı, 2003-cü ildən sonra Azərbaycanda gedən bütün proseslər və əldə edilən nəticələr istər kəmiyyət, istərsə də keyfiyyət parametrlərinə görə möhtəşəm nailiyyətlər olmaqla yanaşı, eyni zamanda Azərbaycan üçün ən düzgün və alternativi olmayan inkişaf yolunu müəyyənləşdirmiş Heydər Əliyev siyasətinin təntənəsidir. İlham Əliyev 15 il ərzində nəinki Azərbaycan xalqının mənafelərinə xidmət edən Heydər Əliyev siyasətini davam etdirdi, eyni zamanda bu siyasətin xüsusi mürəkkəbliyi və ziddiyyətləri ilə seçilən müasir dövrün tələblərinə uyğun olaraq modernləşdirməsinə və təkmilləşdirilməsinə nail oldu. Nəticədə, Azərbaycan bir neçə onilliyə sığışmayan yüksək nailiyyətlər əldə edərək iqtisadi, siyasi və strateji baxımdan regionun lider ölkəsinə cevrildi və şərəfli inkişaf yolunu bu gün də uğurla davam etdirməkdədirir.

İlham Əliyev qısa müddət ərzində Azərbaycanın iqtisadi inkişaf modelini tamamilə yeni fenomenal inkişaf trayektoriyasına çıxararaq, daha da təkmilləşdirdi. Azərbaycanın təbii sərvəti olan neft-qaz faktorunu, sözün əsl mənasında iqtisadi gücə çevirmək üçün ölkədə dünya standartlarına cavab verən maddi-texniki baza və infrastruktur formalaşdırdı, qara qızılın insan kapitalına çevrilməsi, regionlarda mövcud olan potensialın fəal surətdə iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində nəzərəçarpacaq irəliləyişlərə, bir çox sosial-iqtisadi sahələrin inkişafında yüksək göstəricilərə nail olundu. Bu dövr ərzində iqtisadiyyatımız 3,2 dəfədən də çox artdı, 1,9 milyondan çox yeni iş yerləri açıldı, işsizliyin və yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı endi, xalqımızın rifah halı xeyli yüksəldi, iqtisadi inkişafımızda ciddi keyfiyyət dəyişiklikləri baş verdi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun üstün inkişafı təmin edildi, neftdən asılılığımızın azaldılmasına nail olundu. Strateji valyuta ehtiyatlarımızın həcmi 45 mlrd. dollara çatdı ki, bu da ÜDM-nin həcmini xeyli üstələmişdir. Bütün bu rəqəmlər Azərbaycan iqtisadiyyatının xarici risklərə qarşı nə dərəcədə dayanıqlı olduğunu ifadə etməklə yanaşı, Azərbaycanın gələcək uğurlu inkişafı üçün böyük maliyyə resurslarına malik olduğundan xəbər verir.

Böyük güclərin maraqlarının çarpazlaşdığı və lokal müharibələrin getdiyi mürəkkəb coğrafiyada yerləşən Azərbaycan, məhz ölkə rəhbərimiz İlham Əliyevin düşünülmüş, çoxvektorlu, balaslaşdırılmış siyasəti və Liderlik xüsusiyyətləri sayəsində “sabitlik adası, oazisi” kimi inkişaf etməyə davam edir. Bu gün Azərbaycan bütün makroiqtisadi göstəricilərinə görə dünyanın dinamik inkişaf edən, dünya gəlirlərindən pay almaq iqtidarında olan, iqtisadiyyatı sürətlə transmilliləşən, qlobal geniş təkrar istehsal prosesinə fəal surətdə qoşulan, özünün ikinci iqtisadiyyatını formalaşdıran, üç qitəni və üç dənizi birləşdirən nəhəng transkontinental enerji və nəqliyyat-kommunikasiya layihələrini həyata keçirən, dünyada öz layiqli yerini tutan və öz sözünü deyəcək qədər müstəqil siyasət yürüdən ölkədir.

2017-ci ilin sentyabrın 14-də Ümummilli Lideri Heydər Əliyev dühasının möhtəşəm nailiyyəti olan, XX əsrin neft sənayesi tarixinin ən nəhəng müqaviləsi sayılan “Əsrin müqaviləsi”nin başa çatmasına 7 il qalmış, onun fəaliyyət müddətinin daha əlverişli şərtlərlə 2050-ci ilədək uzadılmasını nəzərdə tutan, dünyanın ən məşhur 8 neft şirkəti ilə SOCAR arasında daha bir nəhəng, qlobal əhəmiyyətli, beynəlxalq ictimaiyyət tərəfindən “Yeni əsrin müqaviləsi” adlandırılan Sazişin imzalanması Azərbaycanın müstəqillik tarixinin çox əlamətdar hadisəsi olaraq, İlham Əliyev dövrünün ən mühüm uğurlarından biri kimi dəyərləndirilməlidir. Bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirən və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan “Şahdəniz 2” layihələrinin, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP qaz ixracı kəmərləri kimi bir çox möhtəşəm və qlobal əhəmiyyətli layihələrin təşəbbüsçüsü və strateji tərəfdaşı kimi çıxış edir. Bu layihələrin əksəriyyəti məhz Azərbaycan Prezidentinin regiondakı siyasi iradəsi və beynəlxalq nüfuzu nəticəsində ərsəyə gəlmişdir. Eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolu, tikintisi yekunlaşmaqda olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmiryolu xətti, “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin Azərbaycanda kəsişməsi və inteqrasiyası ölkəmizi Avrasiya məkanında mühüm strateji ölkəyə, beynəlxalq nəqliyyat qovşaqları və logistika mərkəzlərindən birinə çevirir. Azərbaycan bu gün əsl demokratik və liberal dəyərlərə əsaslanan respublika kimi özünün sosial yönümlü iqtisadi inkişaf modelini, tolerantlıq və multikulturalizmə əsaslanan həyat tərzini dünyaya təqdim edir. Ökəmizdə yaranmış vətəndaş həmrəyliyinin, multikultural və tolerant mühitin əsasında məhz azərbaycançılıq məfkurəsi, azərbaycançılıq konsepsiyası dayanır.

Xüsusi vurğulanmalıdır ki, ötən bu illər ərzində İlham Əliyevin müdrik və cəsarətli siyasəti nəticəsində işğalçı Ermənistan regional layihələrdən tamamilə təcrid olunaraq, dünya üçün əhəmiyyətsiz və bölgədəki inkişafa maneə olan ölkə kimi tanındı.

Bütün bu möhtəşəm nailiyyətlər bir daha sübut edir ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin müstəqillik ideyaları və ümummilli inkişaf strategiyası yaşayır və ölkəmiz bu uğurlu siyasi kursa arxalanaraq gələcəkdə daha böyük qələbələrə imza atacaqdır. 2016-cı ilin Aprel hadisələri, Şuşaya qayıdışın rəmzi olan Cocuq Mərcanlının, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin, ümumilikdə 11 min hektar ərazinin Azərbaycan ordusu tərəfindən işğaldan azad olunması Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, Ali Baş Komandanımızın rəhbərliyi altında Böyük Qələbə Gününün çox da uzaqda olmadığına əminliyimizi daha da artırır.Böyük qürur hissi ilə qeyd edilməlidir ki, bu dövr ərzində Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin hərbi qüdrəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.Hazırda dünyanın ən güclü 50 ordusu sırasında Azərbaycanın Silahlı Qüvvələrinin də yer alması bunun bariz nümunəsidir.Qürurverici faktdır ki, hazırda ölkəmizdə 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir və bu məhsullar daxili ehtiyaclarımızı tam ödəməklə yanaşı, dünyanın onlarla ölkəsinə ixrac olunmaqdadır ki, bu da ölkəmizin hərbi-strateji mövqeyinə keyfiyyətcə yeni məzmun qazandırmışdır. Şübhəsizdir ki, əldə edilmiş bütün bu misilsiz nailiyyətlər qlobal siyasi-iqtisadi arenada böyük “nümayiş effekti” yaradaraq, bu gün Azərbaycanla strateji əməkdaşlığın inkişafında və dərinləşdirilməsində maraqlı olan ölkələrin diqqətini cəlb edir və sayını əhəmiyyətli dərəcədə artırır.

Bu dövr ərzində əldə etdiyimiz ən böyük naliyyət müstəqilliyimizin əbədiləşməsi, Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitlik və sarsılmaz xalq-iqtidar birliyidir. Təbii ki, bütün bu qeyd olunan uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu, yeri və payı vardır. YAP siyasi arenaya çıxmaqla, Azərbaycan cəmiyyətinə sözün əsl mənasında demokratiya, siyasi mədəniyyət nümunəsi gətirdi və ümumiyyətlə demokratiklik baxımından yaxın coğrafiyada baş verən siyasi proseslərə və partiyalara müsbət nümunə kimi örnək oldu. Azərbaycan xalqının müqəddəratını həll edən, dünənin, bu günün və sabahın məsuliyyətini öz üzərinə götürən, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən etibarən bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldib, partiyamız bu gün də bir-birindən əhəmiyyətli uğurlara imza atmaqda davam edir. Partiyanın yaradıcısı və ilk sədri Ümummilli Lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti, cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsaslı islahatları Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edir.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ən ali ideallara xidmət etməkdə davam edir. Müstəqilliyimizin ilk illərindən etibarən respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edən və hazırda sıralarında 725 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası bu gün nəinki Cənubi Qafqazda, ümumiyyətlə yaxın coğrafiyada istər kəmiyyət, istərsə də keyfiyyət baxımından ən güclü, ən mütəşəkkil və yüksək intellektual potensiala malik olan partiyadır. YAP 25 illik fəaliyyəti dövründə şərəfli yol keçərək bugünədək 6 Prezident, 5 Parlament, 4 bələdiyyə seçkilərində möhtəşəm qələbələr qazanıb. Artıq 25 ildir ki, iqtidarda olan Yeni Azərbaycan Partiyası üçün xalqımızın milli maraqlarından yüksəkdə dayanan heç bir dəyər yoxdur. Bütün bunlar sübut edir ki, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan İlham Əliyev siyasəti çox düşünülmüş, düzgün və cəsarətli siyasətdir və Liderimiz, partiya Sədrimiz bu siyasətdə yalnız və yalnız xalqa arxalanır. Məhz bunun nəticəsidir ki, bu gün dünyada çox az sayda ölkə tapmaq olar ki, orada ölkə başçısının xalq arasındakı nüfuzu, reytinqi, eləcə də vətəndaş həmrəyliyi və xalq-iqtidar birliyi ölkəmizdəki qədər yüksək səviyyədə olsun.

Bütün bunlar bir daha təsdiq edir ki, cənab İlham Əliyev ötən dövr ərzində həyata keçirdiyi genişmiqyaslı, misilsiz işləri ilə həqiqətən də hər bir azərbaycanlının Prezidenti olduğunu tam təsdiq etmişdir. Azərbaycan ərazisinə, əhalinin sayına və iqtisadiyyatının həcminə görə böyük ölkə olmasa da, onun İlham Əliyev kimi böyük Lideri, müdrik və uzaqgörən rəhbəri vardır.Məhz İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyev siyasəti yaşayır və cəmiyyətimizin həyatında, dünyada baş verən proseslərə, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq təkmilləşdirilir, modernləşdirilir və uğurla davam etdirilir. Heç bir alternativi olmayan bu ümummilli inkişaf yolu həm müasir Azərbaycanın memarı Ümummilli lider Heydər Əliyevin, həm də 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xalqımızın suveren və firavan gələcəyi ilə bağlı arzularını tam gerçəkliyə çevirməklə yanaşı, bizi daha böyük uğurlara, tərəqqiyə və ümumxalq rifahına aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə