Mayın 6-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı işə başlayıb. Mayın 7-də isə Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin II toplantısı keçiriləcək. SİA xəbər verir ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə keçirilən tədbirlərdə Türk Şurası katibliyinin rəhbərliyi, üzv dövlətlərin – Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın informasiya və media üzrə yüksəkvəzifəli rəsmiləri, milli ictimai televiziya kanallarının, AZƏRTAC, Anadolu, Kazinform, Kabar milli informasiya agentliklərinin məsul şəxsləri iştirak edirlər.
İşçi qrupunun toplantısında VI iclasdan sonrakı dövrdə görülən işlər, Türk Şurasının üzv dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlığın inkişafı, türk xalqlarının tarixi və mədəniyyəti barədə videofilmlərin və cizgi filmlərinin hazırlanması, milli ictimai televiziya kanallarının nümayəndələrindən ibarət əlaqələndirici qrupun yaradılması, çoxtərəfli texniki əməkdaşlıq protokolu layihəsinin tərtib olunması, Beynəlxalq Türkdilli Xəbər Kanalının təsis edilməsi, beynəlxalq media forumlarında Türk Şurasının iştirakı, media ekspertləri üçün proqram mübadiləsi və təlim kurslarının təşkili, nazirlərin toplantısının gündəliyinin layihəsi, işçi qrupunun növbəti iclasının vaxtı və yeri, həmçinin digər məsələlər müzakirə edilir.
Toplantını Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömər Kocaman açıb.
İctimai Televiziya və Radio Şirkətinin baş direktorunun birinci müavini Murad Hüseynov bildirib ki, operativ xəbər və video mübadilələrinin həyata keçirilməsi üçün texniki baxımdan mükəmməl şəbəkə qurulmalıdır. O əlavə edib ki, İctimai Televiziya Avropa Yayımları Birliyi ilə bu şəkildə rahat əməkdaşlıq edir. M.Hüseynov Şuraya üzv ölkələrin televiziyalarının səhər verilişlərinə canlı yayımla qoşulması təşəbbüsü ilə çıxış edib. Təklif Şura üzvləri tərəfindən müsbət qarşılanıb.
Ömər Kocaman səslənən təkliflərin reallaşdırılması istiqamətində işlərin aparılmasının zəruri olduğunu deyib. O, həmçinin təklif edib ki, iyunda Şuranın növbəti iclası keçirilsin.
“TRT AVAZ” telekanalının əlaqələndiricisi Sedat Sağırkaya Azərbaycanda və Orta Asiya ölkələrindəki telekanallarla əməkdaşlıq həyata keçirdiklərini, bu əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyini vurğulayıb. O əlavə edib ki, türkdilli ölkələrin televiziya kanalları ilə müzakirələr davam etdirilir. Hər bir kanalın tövsiyələri nəzərə alınır çəkilən sənədli filmlərin mübadiləsi aparılır.
Qeyd edək ki, informasiya və media üzrə məsul nazirlərin və yüksəkvəzifəli rəsmilərin mayın 7-də keçiriləcək iki sessiyadan ibarət toplantısında isə ikitərəfli görüşlər keçirilir, gündəlikdə olan məsələlər və işçi qrupunun toplantısının yekunları müzakirə ediləcək, milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolunun imzalanması mərasimi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB