Böyük alim və qayğıkeş ana

Akademik Rəfiqə xanım Əliyevanın vəfat etməsindən 2 il ötür

Azərbaycan xalqının görkəmli elm xadimi, ölkəmizdə analitik kimya sahəsində ilk və yeganə qadın, "Şöhrət" ordenli akademik Rəfiqə xanım Əliyevanın vəfat etməsindən 2 il ötür. O, həm də bir şəxsiyyət, elmin və təhsilin vəhdətini yaratmış unudulmaz alim olaraq, adını tariximizə həkk edib.

Rəfiqə Əlirza qızı Əliyeva 20 sentyabr 1932-ci ildə Azərbaycanın qədim yurdu - Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində alıb. Əmək fəaliyyətinə 1956-1960-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləmiş və assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər şərəfli bir həyat yolu keçib. 1970-ci ildə analitik kimya ixtisası üzrə "Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini" mövzusunda namizədlik dissertasiyası, 1999-cu ildə isə kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün "d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1999-cu ildə analitik kimya ixtisası üzrə professor elmi adını almış və Analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2001-ci ildən ömrünün sonuna kimi BDU-da onun təşəbbüsü ilə yaradılıb "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində işləyib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Bu sahədə Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.

Rəfiqə Əliyevanın məhsuldar elmi fəaliyyəti, onun yüksək mənəvi keyfiyyətləri hər zaman yaxın ətrafı, tələbələri, eləcə də dünyanın tanınmış elm xadimləri arasında xüsusilə vurğulanıb. Əbəs deyil ki, bu gün onu tanıyanlar da vurğulayırlar ki, Rəfiqə xanım dünyasını dəyişəndən sonra da həyatı davam edən şəxsiyyətlər sırasındadır. Bu baxımdan, ölkəmizin ictimai-sosial həyatında, elmin və təhsilin inkişafında mühüm rol oynamış Rəfiqə Əliyeva onu tanıyanların hər birinin xatirəsində qayğıkeş pedaqoq və alim kimi yaşayır, insanlar onu ən xoş duyğularla xatırlayırlar. Rəfiqə xanım onların bəzilərinin müəllimi, digərlərinin elmi rəhbəri və qayğıkeş məsləhətçisi, başqaları üçün çətin, böhranlı anlarda onlara təsəlli verə biləcək dost və əvəzedilməz həmkar və ən nəhayəti - gözəl ana idi!

Rəfiqə xanım Əliyeva elmi fəaliyyətinin bütün mərhələlərində özündə cəm etdiyi şəxsi keyfiyyətlərini hər kəsə təbliğ edir, insanların sosial yaşam həyatlarında qayğıkeş olmalarını istəyirdi. Yəni yetişdirdiyi kadrlarının şəxsi keyfiyyətlərinin də yüksək məqamlarda olmasını arzulayırdı. O da əbəs deyil ki, elm, təhsil xadimi olaraq, Rəfiqə xanım istedadlı pedaqoq olub. Belə ki, yarım əsrdən artıq müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş görkəmli elm xadimi bütün bilik və bacarıqlarını yüksək ixtisaslı kadrlar hazırlanmasına sərf edirdi. O, öz dərin biliklərini və zəngin təcrübəsini sonrakı nəsillərə çatdırmağı bacaran bir alim kimi böyük elmi məktəb yaradıb. Onun tələbələri təkcə Azərbaycanda deyil, MDB-nin, ABŞ-ın, Kanadanın, Yaponiyanın, Cənubi Koreyanın, Avstraliyanın, İsrailin, Türkiyənin və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində və universitetlərində çalışırlar, ölkəmizin elmini tərənnüm edirlər, xalqımıza böyük nüfuz qazandırıblar. Bu gün bir çoxları etiraf edirlər ki, belə bir tale heç də hər bir alimə qismət olmur. 450-dən çox elmi iş, 25 dərslik və dərs vəsaiti, 20 patent - bunlar Rəfiqə Əliyevanın çoxillik fəaliyyətinin diqqətəlayiq nəticələridir. Bundan əlavə, onun rəhbərliyi altında 20-dən çox fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb.

Onu da qeyd etmək yerinə düşərdi ki, hələ ötən il Rəfiqə xanım Əliyevanın şərəfinə mükafat təsis edilib. Belə ki, həmin mükafatı "Mənim Azərbaycanım" beynəlxalq jurnalı təsis edib. 2018-ci il sentyabrın 20-də "Şöhrət" ordenli Rəfiqə Əlirza qızı Əliyevanın 86 illiyinin tamam olması ilə bağlı "Akademik Rəfiqə Əliyeva adına Qızıl orden" mükafatının təsis olunması haqqında qərar onun fəaliyyətinə verilən ən yüksək qiymətdir. Belə bir mükafatın təsis edilməsi həm də belə deməyə əsas verir ki, dünya elminə qiymətli töhfələr vermiş, həyatını öz xalqına həsr etmiş insanlar heç vaxt unudulmur, onların xatirəsi əbədi yaşayır. Söz yox ki, akademik Rəfiqə Əliyevanın adını daşıyan bu yüksək mükafata layiq görülmək zəmanəmizin hər bir xadimi üçün böyük şərəf olacaq. Belə ki, Rəfiqə Əliyeva adına Qızıl orden elmi-tədqiqat fəaliyyətində məxsusi xidmətləri olan, mədəniyyətin və incəsənətin inkişafına, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmlənməsinə görkəmli töhfələr vermiş, parlaq idman nailiyyətləri qazanmış, elmi-texniki tərəqqiyə şərait yaradan sanballı kəşflər etmiş, maarif, təhsil, ictimai həyat sahələrində və sosial sferada nailiyyətlərə imza atmış vətəndaşların təltif olunması üçün təsis edilib.

Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən də layiqincə qiymətləndirilmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə o, 2000-ci ildə "Əməkdar elm xadimi", 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. O, akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən "2001-ci ilin adamı" və "2001-ci ilin işgüzar qadını" seçilmişdir. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri fərman"ı ilə təltif olunmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi "İlin alimi" fəxri adına, "Ekologiya" və "Ümumi ekologiya" adlı dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülmüşdür. Akademik Rəfiqə Əliyeva "Sevil" qadınlar cəmiyyətinin fəxri sədri olmuşdur.

Akademik Rəfiqə Əliyevanın əziz xatirəsi onu tanıyanların, həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaqdır.

Zərifə Quliyeva,

YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə