Mayın 3-də filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi, Almaniyanın Lambert Akademik Nəşriyyat Evində ingilis dilində nəşr olunan “Naxçıvanda mətbuat tarixi” kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək son illər muxtar respublikada bütün sahələrdə əldə olunan inkişaf və yüksəlişin kütləvi informasiya orqanlarını da əhatə etdiyini bildirib.
Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun mətbuat orqanlarına, teleradiolara göstərdiyi hərtərəfli qayğı keyfiyyət dəyişikliklərinə səbəb olub. Görülən işlər sırasında Naxçıvan mətbuatının tarixi ilə bağlı aparılan araşdırmalar xüsusi yer tutur. Filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin Almaniyada ingilis dilində nəşr olunmuş “Naxçıvanda mətbuat tarixi” kitabı, bu mənada, mühüm dəyərə malikdir.
Diqqətə çatdırılıb ki, 3 may – Beynəlxalq Mətbuat və Söz Azadlığı Günündə təqdimatı keçirilən, muxtar respublikanın 95 illik yubileyi münasibətilə nəşr olunmuş “Naxçıvanda mətbuat tarixi” kitabında XX əsrin əvvəllərində Naxçıvanda mətbuatın yaranma tarixi, keçdiyi yol, bugünkü inkişaf səviyyəsi geniş işıqlandırılır. Eyni zamanda, müstəqillik illərində Naxçıvanda mətbuata göstərilən dövlət qayğısı, güclü maddi-texniki bazanın yaradılması, qanunvericilik bazasının formalaşdırılması ətraflı təhlil olunur. Kitab nəşrə hazırlanarkən müəllif geniş tədqiqat işləri aparıb, 150 müxtəlif ədəbiyyatdan, arxiv materialları və internet saytlarından istifadə edib. Kitab təkcə Naxçıvan mətbuatının deyil, həm də, ümumilikdə, muxtar respublika ədəbi-ictimai fikrinin və elmi mühitinin salnaməsi kimi böyük oxucu marağı cəlb edir.
Ülvi Hüseynli bildirib ki, dünyanın 40-dan çox ölkəsində çap məhsullarının yayımını həyata keçirən Lambert Akademik Nəşriyyat Evində ingilis dilində çap olunan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Kitabların, elmi tədqiqatların alman, ingilis, türk, ərəb və rus dillərində onlayn və çap şəklində yayımını həyata keçirən nəşriyyat vasitəsilə bu kitab bir çox beynəlxalq kataloqlara daxil edilib, Amerika və Avropanın onlayn kitab satışı saytlarında yerləşdirilib. Bu mənada, kitab Naxçıvanla bağlı həqiqətlərin beynəlxalq aləmə çıxışının təmin edilməsi sahəsində də mühüm addımdır.
Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva çıxış edərək, yeni nəşri mətbuat tarixini Azərbaycançılıq ideologiyası əsasında öyrənən əsər kimi dəyərləndirib, Naxçıvan mətbuat tarixinin araşdırıcıları üçün qiymətli elmi mənbə olduğunu vurğulayıblar.
Təqdimat mərasimində “Şərq qapısı” qəzetinin baş redaktor müavini Rauf Kəngərli, “Arazın səsi” qəzetinin redaktoru Hüseyn Şəkərəliyev, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Yurdoğlu, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qahirə Hüseynova, Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti Xumar Məmmədova çıxış edərək, kitabın Almaniyada nəşrini Naxçıvanda söz və mətbuat azadlığına yaradılan şəraitin beynəlxalq arenada təqdimi baxımından əhəmiyyətini qeyd edib, müəllifə təbriklərini çatdırıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid Naxçıvanda mətbuatın yaranması tarixindən, müstəqillik illərində muxtar respublikada mətbuatın inkişafına göstərilən hərtərəfli dövlət qayğısından danışıb, aparılan məqsədyönlü siyasətin dövlət-KİV münasibətlərinin formalaşmasındakı rolundan, mətbuat tarixinin öyrənilməsi sahəsində əldə olunan uğurladan bəhs edib. Müəllif mətbuat tariximizin tədqiqi və təbliğinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB