Sosial siyasətdə inqilabi islahatlar... ŞƏRHLƏR

Sosial siyasətdə inqilabi islahatlar... ŞƏRHLƏR

Prezident İlham Əliyevin son qərarları bu faktoru təsdiqləyir

Azərbaycanın son 16 ildə sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları genişləndirib. Deyilən bu uğurlu nəticələri Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha vurğulanıb. Sözügedən məsələ ilə bağlı millət vəkilləri bildiriblər ki, dövlət başçısı vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişaf etdirilməsinə xidmət edən sərəncamları, fərmanları və qərarları realaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

Tahir Süleymanov: "Ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır"

"Azərbaycanda yüksək vətəndaş məmnunluğu yaradan dəyərlər formalaşıb. Belə ki, Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır". Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında millət vəkili Tahir Süleymanov həyata keçirilən uğurlu islahatlar paketinin verdiyi töhfələrə və Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətə münasibətini şərh edərkən deyib. Onun sözlərinə görə, dövlət başçısının aprelin 30-da Nazirlər Kabinetinin iclasında irəli sürdüyü fikirlər həm də belə qənaətə gəlməyə əsas verir ki,Prezident İlham Əliyev sabit və davamlı inkişaf üçün qətiyyətli mövqeyini ortaya qoymaqla, Azərbaycan xalqının rifah halının daha da yüskəldilməsi istiqamətində yorulmaz fəaliyyət göstərir: "Əbəs deyil ki, Prezident İlham Əliyev mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir, baş verən bütün hadisələrə şəxsi diqqət və nəzarətini gücləndirir. Bununla sübut olunur ki, O, xalqının Prezidentidir və daim xalqının Ona göstərdiyi etimadı ən ali səviyyədə doğruldur. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır".

Millət vəkilinin sözlərinə görə, ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi, regionların sosial-iqtisadi inkişafını sürətləndirməsi, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi, əhalinin rifah halının daha da yaxşılaşması yönündə ardıcıl, uğurlu siyasət davam etdirilir: "Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr deməyə əsas verir ki, respublikamız qlobal böhrandan irəli gələn çətinliklərə baxmayaraq inkişafdadır. Ən başlıcası isə qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyasət tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə, insanların özlərini güvənli hiss etməyə sövq edir. Prezident İlham Əliyevin dediyi kimi, "layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq".

Eldar Quliyev: "Prezident İlham Əliyev Azərbaycanın mövqeyini dünyanın ən nüfuzlu və lider ölkələri sırasında möhkəmləndirəcək"

"Azərbaycanın iqtisadi inkişafı davamlı bir prosesə çevrilib və bu, hər il daha da artmaqdadır". Bu fikirləri Milli Məclisin deputatı Eldar Quliyev aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında irəli sürülən fikirləri şərh edərkən deyib.

"Təsadüfi deyil ki, hələ bir neçə il öncə dünyada qlobal maliyyə böhranı yarandığı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşdığı dövrlərdə belə ölkəmizin iqtisadi inkişafı öz davamlılığını və stabilliyini qoruya bilmişdi", deyə xatırladan deputat bildirib ki, hələ o zamanlarda ölkəmiz bu ağır

sınaqlardan minimal ziyanlara çıxa bilmişdi: "Bu gün Azərbaycan dövləti bir daha öz inkişafı və tərəqqisi ilə sübut edir ki, ölkəmizin təməlində bu reallıq dayanır. Prezident İlham Əliyevin yeni dövrə uyğunlaşdırılmış şəkildə davam etdirdiyi və strateji əhəmiyyətə malik iqtisadi siyasət kursun uğurla davam etdirilməsi Azərbaycanın çoxşaxəli və davamlı inkişafının əsas təməlidir.

Eldar Quliyev onu da bildirib ki, həyata keçirilən uğurlu və inqilabi islahatlar paketi də əldə edilən nailiyyətlərə böyük təkan verir: "Həyata keçirilən hər bir iş, reallaşdırılan hər bir layihə xalqın sosial-iqtisadi rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Artıq xalqı narahat edən bir sıra problemlər aradan qaldırılıb, sosial müavinətlərin, pensiya və əmək haqlarının artırılması davamlı xarakter alıb, qaçqın və məcburi köçkünlərə qayğı artırılıb, Qarabağ və əmək veteranlarına da eyni yüksək münasibət göstərilir, həmçinin problemli kreditlərin də həll olunması buraya əlavə edilə bilər. Bütün bunlar sabitliyin, iqtisadi inkişafın məntiqi nəticəsidir və dövlət yalnız xalqına xidmət göstərir. Bunu iclasda Prezident İlham Əliyev də vurğulayıb".

"Statistitk rəqəmlər də kifayət qədər yüksək rəqəmlərdir və iqtisadi sahənin inkişafı öz müsbət effektini göstərir", deyə qeyd edən millət vəkili əlavə edib ki, bu siyasət qarşıdakı illərdə də davam ediriləcək və dövlət başçısı, İlham Əliyev Azərbaycanın mövqeyini dünyanın ən nüfuzlu və lider ölkələri sırasında möhkəmləndirəcək.

Mahir Abbaszadə: "Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin qayğıkeş hamisidir"

"Bu gün Azərbaycan dövləti öz gücünə məcburi köçkünlərin sosial problemlərini həll edir" Bunun millət vəkili, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə bildirib. Qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon insan isə öz torpağından qaçqın-köçkün vəziyyətinə düşüb: "Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də, həmin insanlar öz doğma yurdlarına qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olur. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə də dövlət başçısı bildirib ki, bu məsələ daima diqqət mərkəzində olacaq. Bu Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının reallığıdır. Ölkə Prezidentinin rəhbərliyi altında hər il bu istiqamətdə müvafiq addımlar atılır, qaçqın və məcburi köçkünlər, Qarabağ əlilləri, ailə qayğısından məhrum olmuş gənclər və digər bu kateqoriyadan olan vətəndaşların problemləri öz həllini tapır".

M.Abbaszadə onu da bildirib ki, dövlət başçısı bildirib ki, bütün sahələrdə uğurlu inkişaf olduğu kimi, məcburi köçkünlərin də problemləri daim diqqət mərkəzində olacaq: "Və müşavirədə görülən işlər rəqəmlərlə aydın şəkildə vurğulanılıb. İlk seçki marafonunda ölkə Prezidenti İlham Əliyev xalqa vəd etdi ki, ölkəmizdə bir çadır düşərgəsi qalmayacaq, bütün çadır düşərgələri ləğv olunacaq, qaçqınlarımız digər vətəndaşlarla eyni səviyyədə yaşayış şəraiti ilə təmin olunacaqlar. Həqiqətən də bu gün respublikamızda artıq çadır düşərgəsi qalmayıb. Elə ölkələr var ki, illərlə vətəndaşları çadırlarda qalır. Amma qısa müddət ərzində, heç bir beynəlxalq dəstək olmadan Azərbaycan öz gücünə bu işlərin öhdəsindən gəldi. Ümumiyyətlə, son 16 ildə Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur. Bir sözlə, bu insanlar inanırlar ki, Cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində doğma torpaqlarına qayıdacaqlar. Çünki Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin qayğıkeş hamisidir".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə