“Növbəti tədris ilindən müəllimlərin işə qəbulu zamanı bəzi yeniliklər tətbiq olunacaq”-MÜSAHİBƏ

“Növbəti tədris ilindən müəllimlərin işə qəbulu zamanı bəzi yeniliklər tətbiq olunacaq”-MÜSAHİBƏ

- Bu gün ölkədə hansı fənn üzrə müəllimlərə daha çox ehtiyac var və bu ixtisaslara müəllimlərin marağı, müraciəti hansı səviyyədədir?

- Hər zaman nazirliyin elan etdiyi müsabiqələrdə bizə kifayət qədər müraciətlər daxil olur. Ötən dərs ilində apardığımız qəbul prosesində 288 vakant yerimiz olduğu halda bu yerlərə 5000 nəfərə qədər müəllim sənəd vermişdi. Bu göstərir ki, ölkədə müəyyən ixtisaslar üzrə işə qəbul olunmaq istəyən kifayət qədər müəllim var. Amma biz onların içərisindən ən bacarıqlı, səriştəli, yaxşı müəllimləri işə qəbul edirik. İxtisaslara gəlincə isə Bakı şəhərində gənclərin çağırışa qədərki hazırlıq, informatika və fiziki tərbiyə müəllimlərinə daha çox ehtiyac var.
Ancaq informatika fənninin tətbiqinə yeni başlandığı və I-XI siniflərdə keçildiyi üçün demək olar ki, bütün ölkə məktəblərində bu fənni tədris edən müəllimlərə ehtiyac var. Digər fənlərə gəlincə, qeyd etmək mümkün deyil ki, hansı fənn daha çox üstünlük təşkil edir. Bu isə məktəblərdən asılıdır. Bütün fənlər üzrə bu və ya digər dərəcədə müəllimlərin işə qəbuluna ehtiyac var. Ancaq bu ehtiyacın əsaslı olub-olmaması bizi daha çox düşündürür. Doğrudan da ehtiyac və ya müəllimlərin kifayət qədər dərs yükü olarsa və vakant yer qalırsa, o zaman müəllimlərin işə qəbulu barədə qərar qəbul edirik.

- Son zamanlar müəllimlərin dərs saatlarının azaldılması ilə bağlı müxtəlif söhbətlər yaranıb. Ümumiyyətlə, bu nə dərəcədə realdır və müəllimlərin dərs saatlarının azaldılmasına nə vaxtdan başlanacaq?

- Cari dərs ilində müəllimlərin dərs yükündə heç bir dəyişiklik olmayacaq. Müəllimlərə dərs yükü verilib və onlarla müqavilə bağlanıb. Ona görə də cari dərs ilində elə bir dəyişiklik gözlənilmir. Növbəti dərs ili üçün Təhsil və Maliyyə nazirliklərinin birgə razılaşdırılmış təlimat məktubu hazırlanır. Bu məktubda təlimatlar veriləcək ki, növbəti dərs ilində dərs yükü müəyyənləşdirilərkən hansı prinsiplər əsas götürülsün.

- Bir çox bölgələrədə şagird kontingenti az olan məktəblərin taleyi necə olacaq. Bir sözlə, "Məktəb şəbəkəsinin rasionallaşdırılması" ilə əlaqədar Dövlət Proqramı çərçivəsində hansı işlər görülür?

- Bu istiqamətdə artıq işlərə başlanıb. Biz ilk növbədə belə kiçik məktəblərin açılmasının qarşısını almışıq. Son illərdə belə bir tendensiya var ki, həm ibtidai, həm də ümumi orta tipli məktəblərdən özünü doğrultmayan, müəyyən mənada problem yaradan kiçik şagird kontingenti olan məktəblərin tipinin dəyişdirilməsi ilə bağlı müəyyən qərarlar qəbul edilib. Bəzi rayonlarda kiçik ibtidai məktəblər ləğv olunub, bəzi rayonlardakı ümumi orta məktəblərin şagird kontingentinin sayı az olduğu üçün onlar ibtidai məktəbə çevrilib. Hətta bəzi yerlərdə tam orta məktəbdə şagirdlərin sayı kifayət qədər az olduğu üçün onlar ümumi orta məktəblərə çevriliblər. Amma ümumilikdə bütün ölkə üzrə rasionallaşdırma tədbirləri barədə proqram hazırlanır. Proqram hazırlanıb, təsdiq edildikdən sonra bu işlərə daha sistemli şəkildə başlanacaq.

- Yeni hazırlanan proqramda hansı məsələlər öz əksini tapacaq?

- Bu proqramda ilk növbədə hansı rayonlarda rasionallaşdırma tədbirləri tətbiq ediləcək məktəblər müəyyənləşdiriləcək. Hansı məktəblərin birləşdiriləcəyi, bağlanacağı, tipinin dəyişdiriləcəyi, hansı məktəblərdən şagirdlərin digər məktəblərə daşınacağı, bu və ya digər məsələlər proqramda illər üzrə öz əksini tapacaq.

- 2011/2012-ci tədris ilində müəllimlərin işə qəbulu prosesində hansı yeniliklərin tətbiq olunması gözlənilir?

- Yeniliklərə gəlincə, gələn tədris ilində yenə də texniki vasitələr tətbiq edilməklə imtahanlar keçiriləcək. Növbəti tədris ilindən müəllimlərin işə qəbulu zamanı bəzi yeniliklər tətbiq olunacaq. Belə ki, test bankı bir qədər də təkmilləşdiriləcək. Burada müəllimlərə yalnız ixtisasları üzrə deyil, eyni zamanda, pedaqoji, psixoloji, məntiqi təfəkkürlə bağlı sualların da həmin tapşırıqlar içərisində öz əksini tapması barədə düşünürük. Çox güman ki, müəllimlərin işə qəbulu prosesində ixtisas üzrə biliklər ilə yanaşı, qeyd etdiyim məsələlər, ümumilikdə müəllimlik keyfiyyətləri barədə də müəyyən araşdırma aparacağıq. Müəllimlərin işə qəbulu zamanı sualların sayında da dəyişiklik gözlənilir. Növbəti dərs ilində keçirəcəyimiz qəbul prosesində bunlar tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə