YAP Ağcabədi rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi rayon Pedaqoji Kollecində millət vəkili Tahir Rzayevlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə kollecin foyesində Ulu Öndər Heydər Əliyevin büstünün önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir kollecin iclas zalında davam etdirilib.
Tədbiri giriş sözü ilə Ağcabədi Pedaqoji kollecin direktoru Mirələm İbrahimli açaraq, tədbir iştirakçlarını salamlayıb.
Tədbirdə çıxış edən millət vəkili Tahir Rzayev ötən əsrin 90-cı illərində ölkədə olan vəziyyət - xaos və anarxiya, o zamanki rəhbərliyin səriştəsizliyi, ölkənin uçuruma, vətəndaş müharibəsinin həddinə çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin yaranması barədə gənclərə geniş məlumat verib.
Millət vəkili Tahir Rzayev 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə respublikamızda stabilliyin yaranması və bu uzaqgörən, düşünülmüş siyasi kursun möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Natiq çıxışında, həmçinin bəzi antimilli qüvvələrin son vaxtlar sosial şəbəkələr vasitəsilə xalqa müəyyən yalançı vədlər verən, onları çaşdırmağa və ölkədə yenidən xaos yaratmağa cəhd göstərdiklərini nəzərə çatdıraraq, gənclərə hər zaman ayıq-sayıq olmalarını tövsiyə edib.
Sonda millət vəkili Tahir Rzayev tələbələr tərəfindən ona ünvanlanan sualları cavablandırıb.
Tədbirdə Ağcabədi RİHB-nin müavini Naibə Mustafayeva çıxış edərək, gənclərə milli-mənəvi dəyərlərimizi və tarixi keçmişimizi dərindən öyrənmələri və vətənpərvər olmağı tövsiyə edib. Azərbaycan QMƏVŞAİB-in Ağcabədi rayon şöbəsinin sədri, II qrup Qarabağ müharibəsi əlili İsmayıl Məhərrəmov çıxışında müharibə şəraitində yaşadığımız bir vaxtda hər bir Azərbaycan gəncinin mübariz və ayıq-sayıq olmağının vacibliyini gənclərin diqqətinə çatdırıb.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB