"Əbədiyaşar lider" TƏDBİR

YAP Pirallahı rayon təşkilatı rayonun Ağsaqqallar Şurası ilə bu mövzuda tədbir keçirib

Mayın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Pirallahı rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" başlığı altında tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə Pirallahı rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, Azərbaycanın böyük tarixi şəxsiyyəti, Ümummilli Lider Heydər Əliyevin ideyaları 21-ci əsrda onun layiqli varisi Cənab İlham Əliyev tərəfindən, Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir.

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxışında rayon ağsaqqallarına göstərilən dövlət qayğısından danışıb, ahıllara və təqaüdçülərin sosial-məişət həyatlarının daha da yaxşılaşdırılması üçün atılan davamlı addımlardan bəhs edib.

Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusibov çıxışında Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq xüsusiyətlərini qeyd edərək, bir sıra tarixi və önəmli məqamlara toxunub.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial, siyasi və iqtisadi siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. "Heydər Əliyev siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır", deyə deputat vurğulayıb.

Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanov isə çıxışında qeyd edib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. "Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi ölkəmizin hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır", deyə qeyd edən Vasif İmanov əlavə edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.

Vasif İmanov rayonda həyata keçirilən sosial layihələr barədə də tədbir iştirakçılarına məlumat verib.

Tədbirin bədii hissəsi 168 №-li orta məktəbin şagirdlərinin ifasında kompozisiya ilə davam etdirilib.

Tədbirin sonunda YAP Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri Fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələrinin təqdim olunub.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə