Almaniyalı alimlər Azərbaycanın palçıq vulkanlarını öyrənəcəklər

Almaniyalı alimlər Azərbaycanın palçıq vulkanlarını öyrənəcəklər
Almaniyanın Kiel Universiteti Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədir. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə universitetin sualtı geologiya üzrə alimləri Varner Brukman və Corq Bialas Geologiya İnstitutunda olublar. AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə qonaqları qəbul edərək onlara institutun elmi nailiyyətləri, potensialı və xarici əlaqələrindən bəhs edib.

Sonra alman alimlər geniş auditoriya qarşısında sualtı palçıq vulkanları mövzusunda məruzə ilə çıxış ediblər. Onlar Nil çayının Misirin şimalında yerləşən deltasındakı palçıq vulkanlarından danışıb, Kiel Universiteti tərəfindən bu geoloji abidələrlə bağlı aparılmış tədqiqatlar, əldə edilən nəticələr və təcrübə barədə məlumat veriblər.

Daha sonra Geologiya İnstitutunun alimləri Adil Əliyev, Dadaş Hüseynov və Çingiz Əliyev Azərbaycanın quru ərazilərindəki palçıq vulkanları ilə bağlı aparmış olduqları tədqiqatlardan və institutun bu sahədə çoxillik təcrübəsindən bəhs ediblər. Qonaqlar üçün palçıq vulkanına səyahət təşkil olunub. Görüş və məlumat mübadiləsi hər iki tərəfin böyük marağına səbəb olub və əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə