Paytaxt Bakıda start götürən elit yarışmalarından olan "Formula-1" -Qran-Prisinə yekun vuruldu. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışa ev sahibliyi etməklə iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha dünyaya nümayiş etdirdi. Belə yarışların Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idman sahəsində də ölkəmizin böyük nüfuz qazandığının təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb.
Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir.
Bakının "Formula-1" kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Dünyada yarım milyarddan artıq tamaşaçı auditoriyası olan "Formula-1" yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır.
"Formula-1" yarışlarının Bakı mərhələsi dünyada böyük maraq doğurub. Bakı bütün iştirakçıları və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdırdı. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmış oldu. Belə ki, yarış zamanı qonaqlar YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və s. görərək, ecazkarlığı seyr etdilər və yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin gözəlliyini görmək imkanı qazandılar. Uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometr olan Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
"Formula-1" Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə gələn çoxlu sayda turistlər tarixi məkanlar, istirahət mərkəzləri ilə tanış olublar. Həm müasir, həm də qədim şəhərlə tanış olublar. Ənənələr, mədəniyyət, tarixin qorunduğu şəhər hər kəsdə zəngin təəssürat oyadıb. "Formula-1" Azərbaycan Qran-Prisi dünyanın nüfuzlu ölkələrini mətbuatında yer alıb. Dünya ölkələrinin KİV-ləri Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-Prisindən yazaraq həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın "Formula-1" Qran-Prisinə də müvəffəqiyyətlə ev sahibliyi etdiyini, yarışın gedişini, cəlbediciliyini diqqətə çəkərək, pilotlar, eləcə də burada olan yenilikləri və s. məlumatları oxuculara çatdırıblar. Ukraynanın UKRİNFORM və Belarusun BELTA agentliklərinin yaydığı informasiyalarda "Formula-1" Qran-Prisinin əhəmiyyəti qeyd olunur.
Beləliklə, növbəti "Formula-1" Azərbaycan Qran-Prisi uğurla başa çatdı. Bu dəfə Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirdi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB