Polad Bülbüloğlu: "Bakı əslində Qəhrəman şəhərdir"

Təəssüf ki, Bakıya Qəhrəman şəhər adı verilməyib, çünki formal baxımdan onun ərazisində döyüşlər olmayıb, lakin, əslində Bakı Qəhrəman şəhərdir, ona görə ki, məhz Bakının ərazisində neft uğrunda, yanacaq uğrunda, həyati əhəmiyyətli enerji uğrunda döyüşlər gedib. SİA xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikirləri Sankt-Peterburqda “Birlikdə qazanılan böyük Qələbə” devizi altında keçirilən IX Beynəlxalq Qaliblər Forumundakı çıxışında söyləyib.

P.Bülbüloğlu leninqradlıların blokada şəraitində göstərdiyi qəhrəmanlığı və əzmkarlığı qeyd edərək bir maraqlı epizod söyləyib: “1941-ci ilin oktyabr ayında blokadada olan Leninqradda, Ermitajda xalqlarımızın və mədəniyyətlərimizin münasibətlərində əlamətdar tarixi hadisə baş verib: dünya şöhrətli Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin 800 illik yubileyi keçirilib. Bu yubileyə ön cəbhədən tanınmış şərqşünaslar çağırılıb, dəvət olunmuş qonaqlar toplanıb. Səkkiz yüz il əvvəl yazılmış şeirlər qələbə himni kimi səslənib. O tarixi iclasın bütün iştirakçılarının nurlu xatirəsi qarşısında baş əyirik. Biz onları heç vaxt unutmayacağıq. İllər sonra, 2002-ci ili iyunun 9-da Sankt-Peterburqda Nizami Gəncəviyə abidə ucaldılıb. Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə bu abidənin açılışı Sankt-Peterburq şəhərinin 300 illiyi ilə bir vaxta düşüb, abidə özü isə Azərbaycandan Sankt-Peterburqa hədiyyə olub”.

Diplomat vurğulayıb ki, Böyük Vətən müharibəsində Qələbə birlik sayəsində qazanılıb. Qaliblər ordusunun sıralarında 600 mindən çox azərbaycanlı döyüşçü olub. Onların yarıdan çoxu cəbhədən qayıtmayıb. Müharibə illərində neftin və neft məhsullarının əsas təchizatçısı Azərbaycan olub. Ölkədə istehsal edilən bütün yanacağın 80 faizi Azərbaycan neftçiləri tərəfindən çıxarılırdı. Azərbaycan vətəndaşları öz şəxsi vəsaitləri hesabına 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 320 milyon rubl pul toplayıb Müdafiə Fonduna veriblər. Cəbhəyə 1 milyon 600 min vahiddən çox zəruri mallar, 125 vaqon isti paltar göndərilib. 1942-ci ilin yayına qədər Bakı müəssisələrindən təkcə Leninqrad üçün 2 vaqon sıxılmış kürü, 40 ton quru meyvə və şirə, digər qida məhsulları, habelə dava-dərman və sarğı materialları göndərilib. Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi yaradılıb, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqaz dağının ətəklərindən Baltikyanı bölgəyə, Şərqi Avropaya və Berlinə qədər döyüş yolu keçiblər. Böyük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq və şücaətə görə Azərbaycandan olan 170 mindən çox döyüşçü orden və medallarla təltif edilib, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Böyük Vətən müharibəsi illərində Bakıda və respublikanın digər şəhərlərində onlarca hərbi hospital fəaliyyət göstərib. Rəsmi məlumata görə, azərbaycanlı həkimlər 1,5 milyondan çox hərbi qulluqçunu həyata qaytarıb, onların bir qismi müharibədən sonra öz talelərini həmişəlik Azərbaycanla bağlayıb.

P.Bülbüloğlu deyib: “Sonda şəxsi xatirələrimi bölüşmək istərdim. Mənim atam Bülbül məşhur opera müğənnisi, SSRİ Xalq artisti, Stalin Mükafatı laureatı olub. Peşəsinin xüsusiyyəti ilə əlaqədar o, cəbhədə döyüşməyib. Böyük Vətən müharibəsi illərində Zaqafqaziya və Bryansk cəbhələrində konsertlər verib. Onun silahı vətənpərvər ruhlu mahnılar idi. Bülbül cəbhəni təkcə öz sənəti və çıxışları ilə dəstəkləmir, ona həm də maddi kömək edirdi. Atam iki dəfə şəxsi vəsaitlərini Müdafiə Fonduna köçürüb. Birinci dəfə cəbhəçi uşaqlarına kömək fonduna 100 min rubl, ikinci dəfə isə hərbi ehtiyaclar üçün 120 min rubl köçürüb, bunun cavabında Ali Baş Komandan Stalindən təşəkkür teleqramı alıb. Mən bu epizodları öz atamı bir daha xatırlamaq və bizim ümumi Qələbəmizə onun şəxsi töhfəsini vurğulamaq üçün danışmıram. Bülbül bütün mümkün qüvvələrdən və vasitələrdən istifadə etməklə Qələbə gününü yaxınlaşdıran milyonlarla sovet adamlarından biri olub”.

Səfir onu da qeyd edib ki, o, Rusiyada yaradılmış “Pobeda” telekanalının Qəyyumlar Şurasına daxil edilib. O deyib: “Bu kanalın Qəyyumlar Şurasına daxil olmağıma görə çox şadam. Çünki var qüvvəmlə çalışacağam ki, gələcək nəsillər xalqlarımızın bu qələbəni nəyin bahasına qazanmasını heç vaxt unutmasınlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə