Nazir Quliyev: “Hüquq pozuntusuna yol verən uşaqların vəkillə təmin olunma işində çətinliklər var”
"Uşaq həbsxanasına göndərilən uşaqlarda bəzən təkrar cinayətkarlıq hallarının artması müşahidə edilir". SİA-ya açıqlamasında bu sözləri Uşaq Hüquqları Klinikasının sədri Nazir Quliyev deyib. O, bundan fərqli olaraq Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinə cəlb olunmuş 115 uşaqdan yalnız 3-nün təkrar cinayət törətdiyini ifadə edib.
BMT-nin Uşaq Hüquqları Komitəsinin yuvenal ədliyyə sistemində islahatların aparılması ilə bağlı 2005-ci ildə Azərbaycan hökumətinə etdiyi tövsiyəni xatırladan Uşaq Hüquqları Klinikasının sədri bildirib ki, tövsiyədə uşaq məhkəmələrinin yaradılması da əksini tapıb. Uşaq məhkəmələrinin yaradılması ilə bağlı müzakirələrin getdiyini deyən N.Quliyev bunun zəruri olduğunu vurğulayıb: "Müstəqil Dövlətlər Birliyi məkanında, Qazaxıstanda belə bir təcrübə var. Alma-Ata və Astanada uşaq məhkəmələri yaradılıb. Almaniyadan, İsveçrədən və digər ölkələrdən Azərbaycana təcrübəli mütəxəssislər dəvət etdik. Onlar Azərbaycanın polis orqanları əməkdaşları, hüquqşünasları ilə müxtəlif görüşlər keçirərək uşaq məhkəmələrin zərurəti ilə bağlı müzakirələr aparıblar".
N.Quliyev hüquq pozuntusuna yol verən uşaqların vəkillə təmin olunma işində də xeyli çətinliklərin olduğunu dilə gətirib: "Bir çox hallarda uşaqlar öz vəkilləri ilə yalnız məhkəmədə tanış olur. Müxtəlif müəssisələri tərk etmiş uşaqlar arasında apardığımız sorğular göstərir ki, onlar hətta öz vəkillərinin adlarını bilmir, vəkilləri ilə ünsiyyəti çox az olur. Bir çox hallarda dövlət tərəfindən ayrılmış vəkillərə qonorarın az verilməsi onların daha keyfiyyətli hüquqi müdafiə işinin qurulmasına imkan vermir. Uşaq Hüquqları Klinikasına müraciət edən hüquq pozuntusuna yol vermiş B.C (ad şərtidir) bildirib ki, öz vəkilini yalnız məhkəmədə görüb. Hüquq pozuntusuna yol verən uşaqların işinə adi məhkəmələrdə baxılır. Məhkəmələrdə işlərin çoxluğu isə müxtəlif hakimlərin böyüklərlə yanaşı uşaqların da işinə baxmasına səbəb olur. Bu isə uşaqların işinə hakimlərin daha çox vaxt sərf etməsinə imkan vermir. Uşaq məhkəmələrin yaradılması məhkəmələrin işinin bir qədər azalmasına gətirib çıxaracaq. Uşaqlarla bağlı cinayət işini qiymətləndirərkən yalnız cinayət işi deyil, cinayəti yaradan səbəblər, ailə mühiti və digər məqamlar qiymətləndirilməlidir. Uşaqlarla böyüklərin cinayət işlərinə eyni məhkəmələrdə baxılması uşaqların ağır cəzalandırılması ilə nəticələnir. Bununla bağlı dəfələrlə yuxarı məhkəmə instansiyalarına, hüquqşünaslara müraciət etmişik. Təbii ki, hakimlərin işinə qarışmaq hüququmuz yoxdur. Ancaq aparılan müzakirələr nəticəsində daha yuxarı instansiyalarda yüngül cəzaların verilməsinə nail olmuşuq".
Yarandığı 2008-ci ildən Uşaq Hüquqları Klinikasının əsas vəzifələrindən birinin də uşaq vəkillərinin hazırlanmasının olduğunu deyən klinika sədri bildirib ki, qısa müddət ərzində 30-a yaxın hüquqşünas hazırlanıb: "Yuvenal ədliyyə haqqında" qanunun qəbulu bu baxımdan çox vacibdir. Burada uşaq vəkilləri ilə bağlı müddəa da yer alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB