Təhsil Nazirliyində 2010-cu ilin yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş kollegiya iclası keçirilib-TƏDBİR

Təhsil Nazirliyində 2010-cu ilin yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş kollegiya iclası keçirilib-TƏDBİR
Bu gün Təhsil Nazirliyində 2010-cu ilin yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, YAP-ın icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri, ali məktəb rektorları və digər təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu il ərzində təhsillə bağlı 67 fərman və sərəncam imzalanıb. O vurğulayıb ki, ötən il təhsilə 1, 276 milyard manat vəsait ayrılıb və bu da 2009-cu ilin büdcəsinə nisbətən 129 milyon manat (10%) çoxdur. Nazirin sözlərinə görə, ötən il bir təhsil alana düşən xərc məktəbəqədər təhsil üzrə 816, ali təhsil üzrə 1548, dövlət sifarişli ixtisaslar üzrə isə təqribən 1700 manat düşüb: "İl ərzində 4 yeni uşaq bağçası inşa edilib, 6 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunub, 32 müəssisədə cari təmir işləri aparılıb. Təhsil Nazirliyinin sifarişinə əsasən "Şərq-Qərb" ASC tərəfindən 39 adda müxtəlif təlim vəsaitləri hazırlanaraq ölkənin bütün məktəbəqədər təhsil müəssisələrinə paylanıb. Ölkə üzrə 5 yaşlı uşaqların sayı 131925 nəfərdir və onlardan 28348 nəfər (21,5%) məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib, 103577 nəfəri (78,5%) məktəbəqədər təhsildən kənarda qalıb.

Ölkə üzrə 3532 yaşayış məntəqələrindən 865-də (25%) məktəbəqədər təhsil müəssisəsi var. Məktəbəqədər təhsil müəssisəsi olmayan məntəqələrin sayı isə 2667-dir (75,5%). Ölkə üzrə məktəbəqədər yaşlı uşaqların sayı 728400 nəfərdir. Onlardan 107954 (14.8%) nəfəri məktəbəqədər təhsilə cəlb olunub. Ötən il məktəbəqədər təhsil müəssisəsi öz profilini saxlamaq şərti ilə özəlləşdirilməyə açıq elan edilib. Respublika üzrə 84, o cümlədən, Bakı şəhərində 48 müəssisə artıq özəlləşdirilib".

Nazir qeyd edib ki, Azərbaycanın 4522 dövlət ümumtəhsil məktəbində 1 321 091 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 159461 pedaqoji heyət məşğul olur. M.Mərdanovun sözlərinə görə, 2010-cu ildə 61 yeni məktəb, 11 məktəb üçün əlavə korpus tikilib, 66 rayon üzrə 266 məktəb 27 414 parta, 2315 yazı lövhəsi və digər avadanlıqlarla təmin edilib. O vurğulayıb ki, Azərbaycanda 262 orta məktəb qəza vəziyyətindədir, 872 məktəbin əsaslı təmirə və bərpaya ehtiyacı var, ümumilikdə isə 66 rayon təhsil şöbəsinin binası yoxdur. Peşə məktəblərində də eyni problemlə qarşılaşdığını deyən M.Mərdanov əlavə edib ki, ölkədə fəaliyyət göstərən peşə məktəblərinin 78-nin əsaslı təmirə ehtiyacı var.

"Bu gün peşə məktəblərində 15 minə yaxın məcburi köçkünün məskunlaşıb. 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 288 vakant yerə müəllimlər, 36 direktor işə qəbul olunub. 2010-cu il ərzində ümumilikdə 255 müəssisə, idarə və təşkilatın hər ay üzrə birbaşa maliyyələşdirilməsi təmin edilib. Təhsil Nazirliyinin təqdimatları əsasında Respublika Prezidentinin Sərəncamları ilə 2010-cu il ərzində 215 nəfər dövlət təltifi alıb. Bu il yoxlama və buraxılış imtahanlarının 7 bölgə üzrə keçirilməsi nəzərdə tutulub. Bu il əlavə olaraq 500 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması və sürətli internetlə təmin edilməsi nəzərdə tutulub", - deyə o əlavə edib.

YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov qeyd edib ki, təhsil Azərbaycanın davamlı inkişafının kökündə dayanan çox əhəmiyyətli amillərdən, resurslardan biridir: "Sevindirici haldır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev təhsilin inkişafına çox mühüm fundemental əsas kimi baxır və bunun sahəsində təhsilin inkişafı Azərbaycanın strateji inkişafının aparıcı istiqamətlərindən birinə çevrilib. Görünür ki, məhz bunun sayəsində son illərdə təhsilin inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verir. Təhsil infrastrukturunun yeniləşdirilməsindən tutmuş təhsilin səviyyəsinin gücləndirilməsinə qədər bütün geniş spektorlu sahələrdə diqqətəlayiq nəticələr əldə edilib".

Tədbirin davamında çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev ötən il təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunduğunu qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə