Millət vəkili: “Bələdiyyələrə nəzarəti gücləndimək üçün vahid idarə yaradılmalıdır”

Millət vəkili: “Bələdiyyələrə nəzarəti gücləndimək üçün vahid idarə yaradılmalıdır”
"Bələdiyyələrə aid hər şey Bələdiyyələrlə iş Mərkəzinə verilməlidir". SİA-nın məlumatına görə, millət vəkili Qalib Salahzadə Milli Məclisin Regional Komitəsinin iclası zamanı belə bir təkliflə çıxış edib. O bildirib ki, bələdiyyələr bir təşkilata tabe olmalıdır: "Yoldan keçən hər kəs bələdiyyələri yoxlamağa gəlir. Bunun qarşısının alınması üçün bələdiyyələrə nəzarət gücləndirilməlidir. Nəzarəti gücləndirmək üçün də vahid idarə yaradılmalıdır. Belə olan halda bələdiyyələrdə yoxlamalar yalnız bir idarə tərəfindən aparıla bilər. Əgər mümkünsə dövlət qarşısında bu barədə məsələ qaldırılsın. Çünki bütün bələdiyyələr də bunu istəyir".

Təklifə cavab olaraq çıxış edən Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə bildirib ki, ölkədə fəaliyyət göstərən bələdiyyələr arasında nailiyyətlər əldə olunsa da çatışmamazlıqlar da var. Onun sözlərinə görə, bunun qarşısının alınması üçün ölkədə tədbirlər keçirilir, bələdiyyələr maarifləndirilir: "Bələdiyyələrdə mənfi tərəflər ondan ibarətdir ki, bələdiyyə sədrləri öz hüquq və vəzifələri haqqında tam bilmirlər. Ona görə də hər kəs gəlib bələdiyyələri yoxlaya bilir. Lakin bələdiyyələri ciddi əsaslarla yoxlamaq lazımdır".

Daha sonra çıxışı zaman bələdiyyələrdəki problemə toxunan mərkəz sədri söyləyib ki, əmlak vergisinin yığılmasında bələdiyyələrlə vətəndaşlar arasında böyük problem yaranır. Onun sözlərinə görə, mərkəzdə bununla bağlı qanun layihəsi hazırlanır ki, yaxın gələcəkdə həmin layihə komitəyə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə