“İcma Əsaslı Reabilitasiya Mərkəzləri”nin dövlət tərəfindən maliyyələşməsi məsələsi müzakirə olunub
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı qeyri-hökumət təşkilatları və dövlət idarələri təmsilçilərinin iştirakı ilə dəyirmi masa təşkil edib. SİA-nın məlumatına görə, dəyirmi masanın keçirilməsində məqsəd respublikada fəaliyyət göstərən "İcma Əsaslı Reabilitasiya Mərkəzləri"nin fəaliyyətinə baxış və Reabilitasiya Mərkəzlərinin dövlət tərəfindən maliyyələşməsi məsələlərinin müzakirəsi olub.
Uşaq Hüquqları Klinikasının sədri, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin üzvü Nazir Quliyev tədbiri açaraq bildirib ki, Alyans 2005-ci ildən başlayaraq ölkədə uşaqların vəziyyəti ilə bağlı araşdırmalara başlayıb. Araşdırmaların ilkin nəticələrinin BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edildiyini deyən N.Quliyev qeyd edib ki, araşdırmalar Azərbaycanda "İcma Əsaslı Reabilitasiya Mərkəzləri"nin yaradılmasına ehtiyacın olduğunu üzə çıxarıb. Ötən müddət ərzində Uşaq Hüquqları Klinikasının xidmətindən 510 ailənin faydalandığını vurğulayan N.Quliyev onlarla uşağın internat məktəbinə düşməsinin qarşısının alındığını söyləyib.
İndiyə kimi, Uşaq Qaynar Xəttinə 600-dən çox müraciətin daxil olduğunu dilə gətirən Uşaq Hüquqları Klinikasının sədri bu müraciətlərin əksəriyyətinin ailədaxili zorakılıqla bağlı olduğunu deyib: "Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinə isə cinayət törətmiş 115-ə yaxın uşaq cəlb olunub. Onlar İcra Hakimiyyətləri nəzdində olan komissiyalar, polis və məhkəmələr tərəfindən göndərilib. Bakının Nərimanov, Xətai və Nizami rayonlarının polis idarələrində polis uşaq otaqları yaradılıb ki, bu Azərbaycanın müstəqillik dönəmində ilk təcrübə idi. Bu otaqlarda hüquq pozuntusuna yol vermiş uşaqlarla iş yeni metodlarla aparılır".
"İcma Əsaslı Reabilitasiya Mərkəzləri"nin uzun müddətdir ki, UNİSEF, Marşal Fondu, Açıq Cəmiyyət İnstitutu, ATƏT-in Bakı Ofisi kimi beynəlxalq təşkilatlar, həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirildiyini söyləyən N.Quliyev bildirib ki, bu mərkəzlərin dövlət tərəfindən maliyyələşməsinə ehtiyac var: "Məlum olduğu kimi 2007-ci ildə dövlət başçısının sərəncamı ilə "QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası" qəbul olunub və QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Bu QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsinin yeni bir modelidir. Uşaq problemlərin aradan qaldırılmasında yalnız beynəlxalq təşkilatların maliyyə dəstəyinə ümid etmək olmaz. Bizim mərkəzlərdə xaricdə təhsil almış, təcrübəli mütəxəssislərimiz var. Onların saxlanılması, həmçinin mərkəzlərin texniki problemlərini həlli üçün maliyyələşməyə böyük ehtiyac var. "İcma Əsaslı Reabilitasiya Mərkəzləri"nin demək olar ki, hamısı icarəyə götürülən ofislərdə fəaliyyət göstərir. Hər hansı bir dövlət idarəsi nəzdində fəaliyyət göstərməsi, texniki problemlərin həlli Reabilitasiya Mərkəzlərinin fəaliyyəti üçün əlavə imkanlar yaradar".
Dəyirmi masa müzakirələrlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB