Bu gün Yeni Azərbaycan Partiyasının təşəbbüsü və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə və Kamilə Əliyeva Səbail rayonunda yerləşən 189-190 nömrəli tam orta məktəbin qonağı olublar. SİA-nın verdiyi məlumata görə, deputatlar məktəbdə mövcud təlim-təhsil şəraiti, yaradılan tədris və mənəvi-psixoloji mühitlə tanış olublar, sinif otaqlarını gəziblər, müxtəlif yaş qrupundan olan şagirdlərlə fikir mübadiləsi aparıblar, məktəbdə yaradılan şərait, müəllim-şagird münasibətləri, tədrisin keyfiyyəti, şagirdlərə göstərilən psixoloji xidmət, tədris kurrikulumlarının müasir tələblərə uyğunluğu haqqında şagirdlərin fikirlərini öyrəniblər, müəllim və şagirdlərə müvafiq tövsiyələrini veriblər.
İbtidai siniflərdə dərs prosesi ilə tanış olan millət vəkilləri şagirdlərə ölkəmiz, dövlət rəmzlərimiz, Prezidentimiz, Dağlıq Qarabağ problemi və torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandan və Azərbaycan Ordusunun rolu haqqında suallar veriblər və şagirdlərin bütün bu məsələlər haqqında məlumatlı olmalarından, eləcə də, suallara yüksək vətənpərvərlik ruhunda dolğun cavablar vermələrindən razı qalıblar. I sinif şagirdlərinin Azərbaycan Respublikasının Dövlət himnini, Səməd Vurğunun, hətta Nizami və Nəsimi poeziyasından kiçik şeir nümunələrini ifa etmələri qonaqları çox məmnun edib.
IX və X sinif şagirdləri ilə görüşdə təhsil sahəsində həyata keçirilən islahatlar, şagirdlərin bu yeniliklərə münasibəti barədə fikir mübadiləsi aparılıb. Qonaqlarla şagirdlər arasında yaranmış səmimi ünsiyyət şagirdlərin Milli Məclis üzvlərinə bəzi təkliflər verməsinə şərait yaradıb.
Məktəblilər Milli Məclisi ziyarət etmək, deputatlar və binadakı iclas zalları ilə tanış olmaq haqqında çoxsaylı istəklərini bildiriblər. Deputatlar şagirdlərin istəklərini müsbət münasibət bildirərək, yaxın günlərdə məktəbin bir qrup müəllim və şagirdinin Milli Məclisə ekskursiyasını təşkil edəcəklərinə dair söz veriblər.
Sonra məktəbin Heydər Əliyev Muzeyi zalında yuxarı sinif şagirdlərinin iştirakı ilə "dəyirmi masa" təşkil olunub. "Dəyirmi masa"da millət vəkilləri məktəblilərlə səmimi fikir mübadiləsi aparıblar, xüsusilə, son dövrdə narahatçılıq doğuran bəzi xoşagəlməz hadisələrin obyektiv və subyektiv səbəblərini, problemin həlli imkanlarını müzakirə ediblər, şagirdlərin dərsləri ilə və məktəbdənkənar vaxtlarının necə təşkil olunması ilə maraqlanıblar. İlk toxunulan mövzu şagirdlərin dünyagörüşünün formalaşmasında müstəsna rolu olan mütaliə olub. Məktəbin direktoru Ceyran Kuliyeva son illərdə Təhsil Nazirliyi tərəfindən də bu sahəyə xüsusi önəm verilməsindən, müxtəlif tədbirlərin, müsabiqə və yarışların, eyni zamanda, yüksək səviyyəli "Oxu günləri"nin təşkili barədə məlumat verib. Şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə həm məktəb, həm də uşaqların öz təşəbbüsləri ilə keçirilən tədbirlər də qonaqlar tərəfindən maraqla qarşılanıb. Millət vəkilləri tərəfindən şagirdlərə sosial şəbəkələrdən məqsədyönlü istifadə etmələri, cəmiyyətdə baş verən hadisələrə düzgün və düşünülmüş münasibət bildirmək bacarığına yiyələnmələri tövsiyə olunub.
Millət vəkilləri məktəbin psixoloqu Səbinə Kərimova, direktor müavinləri və bir qrup müəllimlər ilə görüşüblər, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi psixoloji vəziyyəti, şagirdlərə göstərilən psixoloji dəstəyin təşkili səviyyəsi ilə maraqlanıblar.
Qonaqlar məktəbdə yaradılan şəraiti bütün keyfiyyət göstəricilərinə görə yüksək qiymətləndiriblər, məktəbdə təhsil və tədrisin keyfiyyəti, eləcə də, müəllim-şagird münasibətlərindən məmnunluqlarını ifadə ediblər. Deputatlar məktəbdə təlim-tədris mühiti və şagirdlərin hazırlıq səviyyəsindən razı qaldılar və məktəbdən xoş təəssüratlarla ayrılıblar.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB