Asəf Zamanov: “Bu ildən ixtisasartırma kursları distant formada həyata keçiriləcək”-MÜSAHİBƏ
- 2010-cu ildə Bakı pedaqoji kadrların ixtisasartırması və yenidən hazırlanması istiqamətində hansı işlər görülüb və ilin yekunlarını necə şərh edərdiniz?
- Hər il olduğu kimi, 2010-cu ildə də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu müxtəlif istiqamətlər üzrə mühüm layihələr, proqramlar həyata keçirib. Fəaliyyətin bir istiqaməti ölkədə beynəlxalq tədbirlərin keçirilməsidir. Belə ki, ötən il noyabrın 9-u və 11-ində "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf adlı beynəlxalq konfrans keçirilib. İnstitutun təşkilatçılığı ilə baş tutan tədbirdə Fransa, Rusiya, Ukrayna, Belarus, Latviya kimi ölkələrdən mütəxəssislər iştirak edib. Tədbirdə iştirak edən 7 mütəxəssisdən 3-ü xarici ölkələrin ali məktəblərinin rektorları idi.
Bundan əlavə, keçən il institutun professor, müəllim heyətinin tərkibində keyfiyyət dəyişiklikləri olub. Belə ki, 1 mütəxəssis filologiya elmləri doktoru alimlik dərəcəsi, digər mütəxəssis isə fizika riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Bu elm sahəsindəki uğurlarımızdır.
Latviyanın Sosial İş, Sosial Pedaqoqika ali məktəbləri ilə elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Həmçinin Qazaxıstanın Elm və Təhsil Nazirliyinin Milli Akkreditasiya Mərkəzi ilə əməkdaşlığa dair müqavilə imzalanıb. Bundan əlavə, Ukraynada keçiriləcək konfransa hazırlıq işləri isə başa çatıb. Konfrans ABŞ-ın Santyaqo Universiteti, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Kiyev Vilayət Pedaqoji Kadrların Diplomdansonrakı Təhsil İnstitutu və Moskva Təhsildənsonrakı Təhsil Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. "İnnovativ təhsil fəaliyyəti: regional aspektlər" mövzulu konfrans aprel ayında baş tutacaq.
- Kadrların ixtisasartırma və yenidənhazırlanma institutunda hansı dəyişikliklər edilib?
- İlk öncə ötən il institutda ən yaxşı şöbə, ən yaxşı kafedra, ən yaxşı müəllim, ən yaxşı tədqiqatçı nominasiyaları üzrə müsabiqənin keçirildiyini və qaliblərin müəyyənləşdirildiyini nəzərənizə çatdırmaq istərdim. Eyni zamanda 2010-cu ildə ixtisasartırma kurslarında iştirakçıların tələbatını nəzərə alaraq mühazirəçilərin tərkibinə xüsusi diqqət yetirilib. Belə ki, ölkənin aparıcı elm xadimləri, ömrünü təhsilimizin inkişafına həsr etmiş mütəxəssislər bu kurslara mühazirəçi kimi dəvət edilib, onların təcrübəsindən müdavimlər, həmçinin gənc mühazirəçilər də faydalanıblar. Qeyd etmək istərdim ki, il ərzində institutla əməkdaşlıq edən 200-dən çox mühazirəçi-müəllimin 30-u elmlər doktoru, 70-i isə elmlər namizədidir.
Eyni zamanda, 2010-cu ildə ixtisasartırma və yenidənhazırlanma işinə xüsusi diqqət yetirilib, əvvəlki illərdə mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində əsaslı irəliləyişlərə nail olunub. Təşkil olunmuş ixtisasartırma kurslarına on minə qədər pedaqoji kadrın cəlb olunub və onlardan 7728-i kursları bitirib. Bildiyiniz kimi, artıq Azərbaycanda Elektron hökumət dövlət proqramı təsdiq olunub. İKT-nin köməyilə tədris prosesinin təşkili kurslarına 8000-ə qədər pedaqoji kadr cəlb olunub. Onlardan 611 nəfəri kursları uğurla bitirib.
- Bildiyimiz kimi, bu il ilk dəfə olaraq sizin institutda sosial iş ixtisasları üzrə kadrlar hazırlanır. Bu hansı məqsəd daşıyır və hazırda nə qədər pedaqoq bu ixtisasda yenidən hazırlanır?
- Bəli, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu 2010-cu ildə ilk dəfə olaraq "sosial iş" ixtisası üzrə kadr hazırlanmasını aparır. Bakı Dövlət Universitetində "sosial iş" ixtisası üzrə tələbələr artıq III kursda təhsil alırlar. Amma biz yenidən hazırlanma yolu ilə kadrlara olan ehtiyacı nəzərə alaraq Təhsil Nazirliyinin Sosial xidmətlər təşəbbüsü və De-institutlaşma və uşaqların müdafiəsi idarəsi ilə birgə bu işləri həyata keçiririk. "Sosial iş" ixtisası üzrə yenidən hazırlanma yolu ilə kadrlar hazırlanır. Həmçinin yenidənhazırlanma yolu ilə məktəbəqədər tərbiyəçi ixtisası, azərbaycan dili və ədəbiyyat, riyaziyyat və informatika fənləri üzrə müəllimlər, həmçinin psixoloqlar hazırlanır.
Hazırda burada 22 mütəxəssis təhsil alır. Ancaq neçəsinin buranı uğurla qurtara biləcəyini yalnız onların bilikləri qiymətləndiriləndən sonra məlum olacaq. "Sosial iş" ixtisası üzrə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu yenidənhazırlanma kurslarında hazırda 22 müdavim təhsil alır.
İxtisasartırma kadrın öz sahəsi üzrə bilik və bacarıqlarının artırılmasıdır. Yenidənhazırlanmada isə müdavim əvvəlki ixtisasının əsasında tam yeni bir ixtisas alır. Ona görə ixtisasartırma 98, 72 saatlıq kurslarda həyata keçirilirsə, yenidənhazırlanma 1200, 1020 saatlıq tədris saatlarında reallaşır.
- 2011-ci ildə kadrların ixtisasartırma və yenidənhazırlanması üzrə hansı yeniliklər müşahidə olunacaq?
- Təbii ki, yeniliklər var. Hazırda ixtisasartırmanın distant formada həyata keçirilməsi layihəsi üzərində işləyirik. Ən azından bir neçə kursu ixtisasartırmanı distant formada həyata keçirəyimizə nail olacağımıza inanıram. Bu il üçün distant təhsillə bağlı layihə nəzərdə tutulub və yəqin ki, reallaşacaq. Bundan başqa da bir çox yeni işlərimiz və layihələrimiz var. Amma bunlar həyata keçirildikdən sonra ictimaiyyətə ətraflı şəkildə məlumat verəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB